BAKI, 30 iyun — Sputnik. Gənc Tamaşaçılar teatrında Erik Emmanual Şmidtin “Oskar və çəhrayı xanım” əsəri əsasında “Tanrıya 14 məktub” tamaşası səhnələşdirilib.
Əsərin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Tamaşada rolları Anar Səfiyev, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev və Araz Pirimov canlandırıb.
Xüsusi qeyd: Şmidt “Oskar və çəhrayı xanım” əsərini 2002-ci ildə hekayə olaraq qələmə alıb. Daha sonra pyesləşdirib və ondan sonra kinossenarisini yazaraq 2009-cu ildə özünün də ikinci rejissorluğu ilə eyniadlı film çəkilib.
Şmidt səhv edib. Bəli. O, qətiyyətlə səhv edib. Məzmun dramaturgiyaya uyğun deyil. Epik növdə fəlsəfi və psixoloji yükü olan, kifayət qədər aktual və mükəmməl əsərdir. Lakin dramatik növ tamam başqa növdür və hər məzmunu qəbul etmir.
Şmidt bəsit yazıçı hiyləgərliyi etməyə çalışıb. Bir uşağın ağrılı-acılı taleyini tapıb, ona getdikcə uşaqlaşan qocaman bir rəfiqə verib və onların ikisini də minillərdir fəlsəfəmizə meydan oxuyan Tanrı ilə üz-üzə qoyub. Bunu bir hekayə kimi yazıb və çox da uğurlu alınıb. Şmidtin hiyləsi isə ondadır ki, tapdığı bu uğurlu məzmunu bütün formalarda tamaşaçılara göstərməyə çalışıb.
Nə fərqi: hekayə, tamaşa yaxud film? Əsas odur ki, xərçəng xəstəsi olan 10 yaşlı Oskar və onunla dostlaşan çəhrayı xalatlı Roza nənənin taleyi bu hadisəni oxuyan və izləyən hər kəsi kədərləndirəcək. Oxucunun yaxud tamaşaçının duyğuları üzərində oynanılan bir oyundur. Şmidt bunu etməklə böyük oxucu və izləyici kütləsi qazanıb, amma sənətin, dramaturgiyanın tələblərinə görə iflasa uğrayıb.
Bu əsərə müraciət edən Nicat Kazımov da iflasa uğrayır. Nicat Kazımovdan danışıram. Hansı ki, son illər Azərbaycan teatrının ən nəhəng imzasıdır, ən uğurlu teatr rejissorudur. Öz üslubunda qarşısına qoya biləcəyimiz rəqibi olmayan sənətkardır. Amma bu tamaşa ilə Şmidtlə bərabər Nicat Kazımov da uduzur. Ona görə uduzurlar ki, “Oskar və çəhrayı xanım” hekayəsi bir pyes deyildi və əsla ola bilməyəcəkdi. Şmidt öz əsərinə zor tətbiq etmişdi, onu olmadığı kimi göstərməyə çalışmışdı və Nicat Kazımov da bu zoru təkrarladı.
“Tanrıya 14 məktub” tamaşası Nicat Kazımovun bütün digər tamaşaları kimi vizuallığı ilə göz oxşayır. Dekor, kostyumlar, işıqlar, mizanlar, rəqslər, musiqilər və s. bütünlüyü ilə əsl sənət nümunəsidir. Görünüşdə hər şey öz yerinə oturur: dekor və işıqlar hadisələrin məkanına, kostyumlar obrazların əyninə, rəqslər və musiqilər də qəhrəmanların xarakterinə. Bunlar tamaşanı monotunluqdan qismən xilas edir.
Monotonluqdan bəhs etmişkən, aktyor və aktrisaların ifalarında da tamaşanın ümumi məzmununa uyğun bir monotonluq var. Başqa cür ola da bilməz.
Tamaşa 10 yaşlı xərçəng xəstəsi olan Oskar adlı bir uşağın ömrünün son 12 günündən bəhs edir. İnancsız bir ailədə doğulan və tanrıya inanmayan Oskar xəstəxanada yatan uşaqları ziyarətə gələn çəhrayı xalatlı Roza nənə ilə dostlaşır. Roza nənə Oskarın həyatının son günlərini xoşbəxt keçirməsi üçün əlindən gələni edir. Onu ailəsi ilə, sevdiyi qızla, dostları ilə və ən əsası tanrı ilə ünsiyyət qurmağa həvəsləndirir. Roza nənə Oskarı bundan sonra qalan ömrünün hər bir gününün on ilə bərabər olacağına inandırır və Oskar tanrıya məktublar yazmağa başlayır.
Roza nənə on iki günlük asudə olduğunu və hər gün Oskarın yanına gələ biləcəyini deyir. Oskarın xəstəliyi getdikcə şiddətlənir və onun elə cəmi on iki gün ömrü qalıb. Bu söhbətin baş verdiyi tarix isə dekabr ayının 19-a (Oskarın “bu gün ayın neçəsidir” sualına Roza nənə “19-u” deyə cavab verir) təsadüf edir. On iki gün bitdiyində Dekabr ayının 31-i, yəni Milad bayramı olmalıdır və həmin gecə Oskar ölməlidir. Lakin bir neçə gün sonra Oskar ailəsi ilə birlikdə Milad bayramını keçirir və ondan da bir neçə gün sonra, 12-ci günün tamamında ölür. Sadə diqqətsizlik, bəlkə də aktyorların mexaniki səhvidir. Lakin tamaşaçıda çaşqınlıq yaradır və Milad bayramı səhnəsindən sonra hadisələrin məntiqi ardıcıllığı pozulur.
Məntiqin növbəti bombardmanını Oskarın ölüm səhnəsində yaşayırıq. Xristian inanclı cəmiyyətdən bəhs edən əsərdə ölüm zamanı azan oxunur. Oskarı ibadət üçün kilsəyə aparan Roza nənə onun nəşi ilə azan sədaları altında vidalaşır. Buna rejissorun nə ilə bəraət verdiyi çox maraqlıdır. Ən pis halda iki mümkün variant var: bir, İslam inancına görə hamı sonda müsəlman olaraq ölür, iki, Şmidt “Misyö İbrahim və Quran çiçəkləri” əsərinin müəllifidir. Amma hər iki variant əvvəldən də qeyd etdiyim kimi pis hal üçün keçərlidir. Çünki bunlardan heç biri fransızların xristian olmasını, Roza nənənin məsciddə yox, kilsədə ibadət etməsini dəyişmir.
Nəticədə qısa hekayədən ərsəyə gətirilən uğursuz pyesin Azərbaycan teatrı səhnəsində növbəti tənəzzülünü izləyirik. Dinamikanın sadəcə görünüşə yükləndiyi darıxdırıcı məzmun və məntiqi səhvlər ardıcıllığı ilə 14-cü məktubun sallanmasını və tamaşanın daha da tez bitməsini səbrsizliklə gözləyirik. Şmidtin də, Nicat Kazımovun da güvəndiyi katarsis baş tutmur. Çünki nə dövr Aristotelin dövrüdür, nə də tamaşaçı həmin tamaşaçıdır. Günümüz Bertolt Brexti, Avqustu Boalı belə sürətlə aşıb keçməkdədir. Müasir insanın duyğuları çox dərindədir və ona xitab etmək üçün tanrıya bir uşağın nəinki 14, heç 140 duyğusal məktub yazması da kifayət etməz.