BAKI, 23 iyun — Sputnik. İspaniyanın "Barselona" futbol klubu holland müdafiəçi Mayk van Beyneni alıb və ilkin satış qiyməti kimi 100 milyon avro müəyyən edib.
Sputnik Azərbaycan BBC News-a istinadən bildirir ki, 20 yaşlı oyunçu "Barsa"nın birinci komandasında deyil, "Barselona B"də oynayacaq, yəni İspaniyanın gücünə görə üçüncü liqasının oyunlarında meydana çıxa biləcək.
Van Beynen Kataloniya klubuna Hollandiya "Breda"sının gənclər komandasından keçib. Müdafiəçinin "Barselona" ilə müqaviləsi 2 ilə hesablanıb.
Ötən mövsümdə Van Beynen 9 oyuna çıxaraq bir qol vurub. Kataloniya təmsilçisində Mayk darıxmayacaq: o, "Barselona"nın daha bir yeni oyunçusu - Frenki de Yonqla birlikdə "Villem"in gənclər komandasında oynayıb.