Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 17 iyun — Sputnik. “Gələcək məqsədim Madrid "Real"ına, yaxud da katalonların "Barselona"sına düşməkdir”. Bunu Sputnik Azərbaycan-a müsahibəsində "Qazprom" İSC-nin himayədarlığı ilə "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial proqramı çərçivəsində keçirilən dünya çempionatının qalibi ola gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə deyib. Çempionat bu il Madriddə keçirilib.
"Böyüyəndə Madrid "Real"ı və katalonların "Barselona"sı kimi məşhur klublarda çıxış etmək istəyirəm. Dünyanın aparıcı qolkiperləri ilə birlikdə məşq etmək və onların təcrübəsini öyrənmək niyyətindəyəm. Mən həmçinin Çempionlar Liqasının finalçıları, oyunlarını canlı olaraq izlədiyim "Tottenhem" və "Liverpul"un qapıçılarından çox şey öyrənmişəm" - deyə Əlizadə bildirib.
Yeniyetmə qapıçı, "Sabah" futbol klubunun U12 komandasının üzvü Madriddə çoxmillətli Antiguan Racer komandasının heyətində çıxış edib. Bu komanda final matçında penaltilər seriyasında qələbə qazanıb. Əlizadə iki 11 metrlik cərimə zərbəsinin qarşısını alaraq bu qələbədə həlledici rol oynayıb.
"Penaltilər seriyasında mən özümə əmin idim, çünki 11 metrlik zərbələrin qarşısını yaxşı alıram. Bu planda mənim böyük təcrübəm var. Nəticədə iki dəfə penaltini geri qaytardım və komandama qələbə qazanmaqda kömək etdim" - deyə Əlizadə əlavə edib.
İdmançının sözlərinə görə, "Dostluq üçün futbol" layihəsində iştirak ona gələcək karyerası üçün faydalıdır.
"Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Orada başqa ölkələrdən olan uşaqlarla tanış oldum. Keçmişdə məşhur olan futbolçular daim onlarla məşğul olur. Çox şadam ki, belə nəhəng yarışda iştirak edirəm və əminəm ki, bu, mənə gələcəkdə qapıçı kimi inkişaf etməyə kömək edəcək" - Ayxan əlavə edib.
Perspektiv qapıçı Avro-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının keçirdiyi üç oyunda uduzması ilə bağlı da fikirlərini söyləyib.
"Yəqin əsas səbəb komandamızın daha təcrübəli, dünya çempionatında iştirak etmiş rəqib komandalarla qarşı-qarşıya gəlməsidir. Bununla yanaşı, ümid edirəm ki, Azərbaycan yığması mundiala düşəcək. İstənilən halda mən ona azarkeşlik edəcəyəm və dəstək verəcəyəm" - deyə gənc qapışı əlavə edib.
Qeyd edək ki, bu mövsümdə "Dostluq üçün futbol" layihəsində Ayxan Əlizadə ilə yanaşı Azərbaycanı onun klub yoldaşı Babamirzə Mehdiyev, futbolçu Fatimə Məhərrəmli, gənc jurnalist Timur Jeltenko təmsil edib. "Sabah" futbol klubunun U12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov, layihənin Azərbaycan təmsilçisi isə Rüstəm Əzimovdur.
Yeri gəlmişkən, Madriddə Samir Əbdürəhmanov "Dostluq üçün futbol" Beynəlxalq Məşqçilər Akademiyasının sertifikatını alıb. Azərbaycanlı məşqçiyə sertifikatı əfsanəvi braziliyalı futbolçu Roberto Karlos təqdim edib.
"Təlimdə 70-dək mütəxəssis iştirak edib və mən çox şadam ki, şəxsən Roberto Karlosun əlindən sertifikat alan 15 məşqçidən biriyəm. Bu, çox faydalı kurs idi və orada olduqca faydalı biliklər əldə etdim. Onlar mənə gələcəkdə lazım olacaq" - deyə Əbdürəhmanov Sputnik Azərbaycan-a bildirib.
Yetirməsinə gəlincə, mütəxəssis əmindir ki, Ayxanın böyük gələcəyi var: "O, son dörd ildə mənimlə məşq edir və ən başdan görünürdü ki, perspektivli oğlandır. Finalda iş penaltilər seriyasına qalanda, əmin idim ki, Ayxan burada açar rolu oynayacaq. O, digər beynəlxalq turnirlərdə də bizi dəfələrlə 11 metrlik zərbələrdən xilas edib".
"Sabah" klubunun uşaqlardan ibarət komandasının baş məşqçisi hesab edir ki, Azərbaycanda aşağı yaşda olan futbolçular arasında çoxlu istadadlar var.
"Əlbəttə, çox istərdim ki, onlar böyüyəndə də özlərini yaxşı futbolçu kimi ifadə edə bilsinlər. Əgər yetirmələrim gələcəkdə Azərbaycanın milli yığmasına düşsələr, özümü məşqçi kimi xoşbəxt sayaram. Mən istedadlı uşaqlarımıza inanıram" - Əbdürəhmanov əlavə edib.
Qeyd edək ki, "Qazprom" İSC-nin himayədarlığı ilə "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə ehtiram və tolerantlığı tərbiyə etməkdir.