ABŞ Çinlə ticarət sazişi imzalamağa mütləq nail olacaq. Bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp bəyan edib. O, "Fox News"a müsahibəsində bildirib ki, artıq Çin saziş bağlamaq istəyir:"Mən saziş imzalamaq istərdim. Biz razılıq əldə etmişdik, amma Çin tərəfi sazişin şərtlərini dəyişdirməyə cəhd etdi. Lakin onlar bunu edə bilməzlər".
Qeyd edək ki, mayın ortalarında ticarət üzrə ABŞ-Çin danışıqlarının sonuncu mərhələsi nəticəsiz qalıb. ABŞ dəyəri 200 milyard dollar olan Çin mallarının idxalına gömrük rüsumunu 10 faizdən 25 faizədək artırıb. Bundan sonra D.Tramp Çindən 300 milyard dollar qiymətləndirilən idxala görə də rüsumları artırmağı tapşırıb.
Buna cavab olaraq, Çin Maliyyə Nazirliyi iyunun 1-dən dəyəri 60 milyard dollar olan ABŞ mallarına rüsumun artırıldığını elan edib.
ABŞ-ın əvvəlki prezidentlərinin qəbul etdiyi bır sıra qərarlardan sonra indiki dövlət başçısı Donald Trampın səsləndirdiyi bəyanatlar və ölkənin ötən ilin yanvar ayında Çinlə münasibətlərdə balansı qoruyan Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən çıxması sonda iki ölkə arasında ticarət müharibəsinin başlanmasına səbəb oldu. Bu baxımdan, ABŞ prezidentinin keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq edilməsinə dair ilk bəyanatı çox önəmlidir. Bununla D.Tramp təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanı, eləcə də digər Latın Amerikası ölkələrini hədələdi. Son bəyanatlara gəldikdə isə, onların artıq iqtisadi nəticələri var, üstəlik, diplomatik nəticələri də olacaq.
Qeyd edək ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə azdır. Beləliklə, hazırda ABŞ-ın xarici ticarət dövriyyəsində 800 mlrd. dollarlıq mənfi saldo var ki, bunun da 375 mlrd. dolları Çinlə idxal-ixrac əməliyyatlarının hesabına formalaşıb. ABŞ Çin istehsalı olan 1 300 adda məhsulun idxalına 10% gömrük rüsumu tətbiq etməklə xarici ticarət balansındakı kəsiri aradan qaldırmağa çalışır. Amma Çin də "yerində saymır". Bir neçə gün bundan əvvəl Şərqi Asiya ölkəsi bəyan edib ki, ABŞ-dan idxal olunan 60 mlrd. dollarlıq məhsula ilk öncə 5%, daha sonra isə 10% vergi tətbiq ediləcək. Bununla da tərəflər arasında gərginlik daha da artıb və ticarət müharibəsi 2-ci mərhələyə qədəm qoyub.
Araşdırmaçılar əmindirlər ki, bu müharibə daha çox siyasi xarakter daşıyır, yəni "rəqəm müharibəsi"dən çox "söz müharibəsi"dir. Amma onun amerikalıların həyat tərzinə ciddi mənfi təsiri gözlənilmir. Sadəcə, ABŞ yerli şirkətləri Çin mallarından qorumaq istəyir və onların mövqeyinin dünya bazarında olduğu kimi, yerli bazarda da zəifləməsini istəmir. ABŞ-ın vergi tətbiq etmək istədiyi məhsullara nəzər yetirsək, görərik ki, bura elektrik malları (soyuducu, tozsoran, paltaryuyan və s.) ilə yanaşı, geyim malları, o cümlədən ayaqqabılar daxildir. Həmin ayaqqabılar isə Çində istehsal olunsa da, Amerika brendləridir. Əgər, əlavə gömrük vergiləri bütün ABŞ - Çin məhsullarını əhatə edərsə, bazarlar cavab olaraq ani və kəskin düşərsə, qlobal iqtisadiyyat 2021-ci ildə 600 milyard dollar azala bilər. 2021-in ortalarında gömrük tariflərinin qarşılıqlı olaraq 25%-ə yüksəldildiyi ssenaridə Çinin istehsalının 0.8%, ABŞ-ın 0.5% və dünyanın 0.5% düşəcəyi nəzərdə tutulur.
Beləliklə, hazırda maliyyə bazarları ticarət müharibəsilə dalğalanır. Sərmayəçilər hələ də bir razılaşma olacağına ümid edirlər. Əgər səhv düşünülərsə və Apple kimi dəyəri yüksək olan şirkətlər əlavə gömrük vergilərindən zərər görərsə, maliyyə bazarlarında çöküş ehtimal olunur. Bu vəziyyətdə 2021-in ortalarında Çin iqtisadiyyatı 0.9%, ABŞ iqtisadiyyatı 0.7% və qlobal iqtisadiyyat 0.6 azala bilər. Birjaların düşməsilə sərmayə və istehlak xərcləri də geriləyə bilər.
Amerikanın Çinə iqtisadi basqısı təkcə rüsumlara müncər olunmur. ABŞ-ın texnologiya firmaları daha sərt tənzimləmə nəzarətinə düçar olacaq, çünki Vaşinqton çinlilərin iki təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır və milli təhlükəsizliyə təhlükə mövzusunda Amerika-Çin tədarükləri zəncirini diqqətlə yoxlayır. "İki təyinatlı" mal və xidmətlərə mümkün ixracat nəzarəti yüksəkistehsallı mikrosxemlərdən başlayaraq süni intellekt sahəsindəki araşdırmalara qədər bir çox korporasiyalar üçün fəlakətli ola bilər. Birləşmiş Ştatlar artıq Çin yatırımları və strateji sektorlarda araşdırmalar üçün maneələr yaradır. O, eyni zamanda həm də başqa ölkələrdə, xüsusən də Yaponiya, Kanada, Avropa dövlətləri, Avstraliya, Yeni Zelandiya, Güney Koreya və Tayvanda fəal lobbiçilik işi apararaq onların Çinin "Huavey" (Huawei) və ZTE kimi aparıcı texnoloji şirkətlərilə bağlarının zəifləməsinə nail olacaq. Axırda da bildirəcək ki, bunlar onun milli təhlükəsizliyi üçün çox böyük risklər yaradır.
Sıradakı iki il məlumatların ötürülmə sürətini və internetə bağlanma mənzərəsini kökündən dəyişəcək ki, bu da "əşyalar interneti", virtual və tamamlanmış gerçəklik, süni intellekt elementləri ilə hazırlama, muxtar nəqliyyat vasitələri və teletəbabət kimi başqalaşdıran texnologiyaların əsasında durur. Artıq bu sahələrdə ABŞ və Çin arasında kəskin rəqabət gedir. "Huavey" və ZTE texnoloji infrastruktura və 5G-yə söykənməklə standartlar hazırlayan azsaylı yüksəktexnologiyalı şirkətlər sırasında olduğundan Amerika hökuməti mümkün hər şeyi edir ki, əsas strateji rəqibinin ABŞ-ın və müttəfiqlərinin iqtisadi sinir sisteminin dərinliklərinə kök atmağına mane olsun. Belə çox gərəkli tələbat öncül iqtisadiyyatlar sırasında dövlətlər və korporasiyaların arasını təbii şəkildə qızışdırır.iqtisadi*
ABŞ özünün bütün iqtisadi səylərini Çinə cəmləşdirsə də, avtomobillərə Amerika rüsumlarının tətbiqi, habelə ABŞ və ÜTT-in başqa aparıcı ölkələri arasında qarşıdurmanın kürəsəl iqtisadiyyat üçün ciddi nəticələri olacaq. Ağ Ev öz iqtisadi siyasətində qarşı duran ideoloji düşərgələrin maxinasiyalarına məruz qalır, amma ikitərəfli danışıqlar yoluyla xarici ticarət kəsirini aşağı salmaq səylərini rəhbər tutur. Amerika administrasiyası güclü zərbələrin təcavüzkar taktikasına əl atmaqdan qorxmur, onu basqı üsulu kimi işlədir. Və Ağ Ev milli təhlükəsizlik maraqları ilə idxal avtomobillərinə (bu, ABŞ-ın xarici ticarət kəsirinin artmasının əsas səbəbidir) rüsum hədəsi gəlsə də, Amerika ixracatçılarının daha rəqabət qabiliyyətli olduqları kənd təsərrüfatı kimi sektorlarda mühüm güzəştlər olmasa, ticarət sövdələşməsinə getməyəcək. Birləşmiş Ştatlar habelə ticari tərəfdaşlarının Çinlə azad ticarət haqda saziş bağlamaq istəyini öldürməkdən ötrü ikitərəfli ticarət sazişlərindən istifadə edəcək. Amerika avtomobil istehsalçılarını daha yaxşı qoruyan və normalar haqda müddəa ehtiva edən ABŞ, Meksika və Kanada sazişinin (USMCA) bağlanması Meksika və Kanada üçün Amerika rüsumlarını aradan qaldırıb. Almaniya avtomobillərə görə ABŞ-la ticarət savaşında hamıdan çox uduzur. Amma Avropa Birliyi və xüsusən də Fransanı Ağ Evi razı sala biləcək güzəştlərə getməyə vadar edə bilmir.
Çin və ABŞ arasındakı ticarət savaşı bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Böyük dövlətlər arasında artıq formalaşmış əlaqələr qırılır. Özü də bu, yalnız iqtisadi sferanı əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur.
Belə çıxır ki, qlobal "ticari müharibə", ümumiyyətlə, dünyanın mövcud nizamını poza bilər. Beynəlxalq sistemdə yeni problemlər meydana gələr. Bu dərəcədə geniş təsirə malik prosesin hansı məqsədlə körükləndiyi aydın deyil. Əgər bu, bütövlükdə antiqloballaşma hərəkatdırsa, onda daha səmərəli alternativ irəli sürülməlidir. Bunu isə hələlik müşahidə etmək olmur. Yalnız dağılma və xaosa apara biləcək davranışlar gözə dəyir.
Deməli, bütün dünya üçün risk faktoru artır. Qlobal "ticarət müharibəsi" bu meyili daha da gücləndirir. Risklərin və intensivliyin artması ilə dünya siyasəti daha çox qeyri-müəyyən vəziyyətə transformasiya olunur. Təbii ki, belə olan halda beynəlxalq münasibətləri tənzimləmə mexanizminin hüquqi aspekti də müəyyən çətinliklərlə üzləşir. Hətta bir sıra məqamlarda o, işləmir. Buradan ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa qarşı fəaliyyət göstərməsi ehtimalının da artdığını demək olar. O cümlədən terrorizmin və radikalizmin yüksəlişi gözləniləndir.
Cənubi Qafqazla bağlı bu, erməni terroru və separatizminin əl-qolunun açılması anlamına gəlir. Böyük dövlətlər ticarət sahəsində sərt rəqabətə girib, hüququ pozurlarsa, Ermənistan kimi "izqoy" ölkələr "bulanıq suda balıq tutmaq" həvəslərini artıra bilərlər. Onlar başqa cür varlıqlarını saxlaya bilmirlər. Yəni getdikcə gərginləşən qlobal geosiyasi vəziyyətdə hər an regional müharibə alovlana bilər. Ölkələr bunu göz önündə tutmaq məcburiyyətindədirlər...