BAKI, 7 iyun — Sputnik. Birləşmiş Ştatlar beşinci nəsil "F-35" tipli qırıcılarında təlim üçün türkiyəli pilotların qəbulunu dayandırmaq barədə qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Qeyd olunur ki, bu qərar Rusiyadan alınan "S-400" zenit-raket kompleksləri ilə ABŞ və Türkiyə arasında münasibətlərin pozulması ilə bağlı verilib.
"Reuters" ABŞ rəhbərliyində olan yüksək rütbəli məmurlara istinadən xəbər verir ki, Ankara öz planlarını dəyişərsə, rəsmi Vaşinqton bu qərarını ləğv edə bilər.
Hələlik bu qərar təlimlər üçün ABŞ-a gəlməli olan yeni pilot və texniki xidmət personalına şamil ediləcək.
Qeyd edək ki, Vaşinqton rəhbərliyi Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə zenit raket komplekslərinin "F-35" qırıcıları üçün təhlükə yaradacağını düşünür.
Pentaqon Rusiya istehsalı olan "S-400"lərin radar sisteminin "F-35"-lərin gizli məlumatlarını ələ keçirəcəyindən ehtiyat edir.
Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.
O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.