BAKI, 27 may - Sputnik. Minskdə iyun 21-dən 30-dək keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sayı dəqiqləşib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsində (MOK) keçirilən mətbuat konfransında məlumat verilib. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq. Ölkəmizi 80 atlet təmsil edəcək.
Azərbaycan millisi yarışa kamandan oxatmada 1, boksda 11, kanoedə 1, velosiped idmanında (şosse, trek) 5, gimnastikada (akrobatika, batut gimnastikası və tamblinq, bədii gimnastika, idman gimnastikası) 13, cüdoda 13, karatedə 7, samboda 7, atıcılıqda (güllə və stend) 6, güləşdə (sərbəst, yunan-Roma, qadın) 16 idmançı ilə qatılacaq.
Azərbaycan nümayəndə heyəti ümumilikdə 170 nəfərdən, o cümlədən 80 idmançı, 32 məşqçi, 15 inzibati şəxs və 5 tibb işçisindən ibarət olacaq.
II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz Səfir” tituluna əməkdar artist Tünzalə Ağayeva layiq görülüb. Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırovdur. Onun müavini isə (deputy chief de mission) Ceyhun Rəhmanovdur.