BAKI, 15 yanvar — Sputnik. "SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Borisov bildirib ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək: "Qeyd etmək istərdim ki, hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək".
"Prezident İlham Əliyevlə çoxdankı ilk görüşümüz zamanı biz bir çox ölkələrin sabotaj etdiyi Azərbaycan və Türkiyə arasında dəmir yolu dəhlizinin inkişafı perspektivləri barədə danışırdıq. Bu isə Avropaya ən qısa nəqliyyat dəhlizidir. Biz həmçinin bunun inkişafı üçün öz dəmir yolu şəbəkələrimizi hazırlayırıq. Bu həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu nəqliyyat qovşağı bizim dəmir yolu stansiyalarımıza, oradan isə bütün Avropa ölkələrinə çıxa bilər. Bizim “Berlin Prosesi”nə əsasən 8 nömrəli, 10 nömrəli nəqliyyat dəhlizlərinə dair birgə gördüyümüz işlər bu yolların Skopyeyə gəlib çatmasına imkan verəcək. Mən Bolqarıstanla müqaviləni ratifikasiya edən makedoniyalı dostlarımızı təbrik etmək istərdim. Bu, çox vacib müqavilədir. Ümid edirik ki, onu sonra bütün ölkələr imzalaya biləcəklər. Bu nəqliyyat dəhlizi Albaniyaya çıxan dəmir yolu xəttinin bir qoludur və avtomobil yolu yaxşı imkanlar açır. Solonikidən şaxələnən avtomobil yolunda iki körpü mövcuddur — Vrusi və Vedeno-Sofiburkas körpüləri. Sofi-Soloniki avtomobil yolunun üçdə iki hissəsi işlək vəziyyətdədir və gələn il tam istifadəyə veriləcək. Hər iki tərəfə böyük həcmdə yüklər daşına biləcək. İcazə verin, Sizi bu dəmir yolunun tikintisinə dair maneələrin aradan qaldırılması münasibətilə təbrik edim. Çox gözəldir ki, bu yol artıq işləyir", — Bolqarıstanın baş naziri qeyd edib.
Onun sözlərinə görə, Bolqarıstandan Azərbaycana, əsasən, kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: "Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, — nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, — bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır.
Təbii ki, Brüsseldə bizim həmkarlarımızla söhbət zamanı Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsinin boykot edilməsi tendensiyası müşahidə olunurdu. Kimsə bu tədbiri pozmağa çalışırdı. Biz bunu bilirik. Təbii ki, bununla bağlı bizim başqa mövqeyimiz vardı. Deməzdim ki, bu, hansısa ayrıca bir siyasətdir. Viza rejiminin sadələşdirilməsi də əlaqələrimizin genişləndirilməsinə töhfə verə bilər. Mən öz üzərimə məsuliyyət götürərək, Avropa İttifaqındakı həmkarlarımla Ukrayna, Gürcüstan və Moldova ilə viza rejiminin asanlaşdırılmasını müzakirə etdim. Düşünürəm ki, biz bu istiqamətdə rahat fəaliyyət göstərə bilərik. Mən bunu etməyə çalışa bilərəm. Amma bu, Avropa İttifaqındakı əsas həmkarlarımdan da asılıdır".