BAKI, 24 may — Sputnik. İran hərbçiləri S-300 zenit-raket komplekslərini Fars körfəzinin yaxınlığına toplayır. Raket komplekslərinin yerdəyişməsi ABŞ hərbi-dəniz qüvvələrinin körfəzdə aktivliyinə cavab olaraq həyata keçirilir. S-300-lər atom elektrostansiyası olan Buşəhr şəhəri ətrafında yerləşdirilir. Hətta internetdə raket komplekslərinin trallar vasitəsi ilə daşınmasını təsdiqləyən kadrlar belə, İnternetdə yayılıb.
İran prezidenti Həsən Ruhani ABŞ-la yaranan gərginliyi şərh edərkən bəyan edib ki, İran bombardmana məruz qalsa da, təslim olmayacaq. Prezident Ruhani bildirib ki, bu gün İran üçün sarsılmazlıq vacibdir: "Düşmən anlamalıdır ki, qəlbimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur".
Ruhani əlavə edib ki, ölkəsi iqtisadi müharibəni yaşayır və burada ictimai rifah hücuma məruz qalır.
İndi siyasi araşdırmaçıları daha çox belə sual düşündürür – Vaşinqton və Tehran arasından yaşanan yeni gərginlik haradan qaynaqlanır? Xatırladaq ki, iki ölkə arasında gərginlik ötən ildən, prezident Trampın ABŞ-ın İranın nüvə proqramına dair 2015-ci ildə bağlanmış beynəlxalq müqavilədən çıxdığını elan edəndən sonra artmağa başlayıb. Həmin müqavilənin məqsədi İranın nüvə proqramının dayandırılması müqabilində ona qarşı sanksiyaları ləğv etmək olub. Tramp həmin sövdələşməni "qüsurlu" adlandıraraq İrana qarşı ABŞ sanksiyalarını bərpa edib.
ABŞ-ın addımına cavab olaraq, İran qeyd olunan müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsini bərpa edəcəyi barədə xəbərdarlıq edib.
Bölgədə isə münasibətlər gün-gündən gərginləşir. Son günlər ABŞ bölgədə USS Abraham Lincoln təyyarədaşıyan gəmisini yerləşdirib və Yaxın Şərqə 120 minlik qoşun göndərmək planını nəzərdən keçirir. Bundan əlavə, ABŞ diplomatik personalına İraqı tərk etmək göstərişi verilib, Pentaqon regiona dair təhlükə səviyyəsini artırıb.
Eyni vaxtda BƏƏ sahilyanı sularında naməlum qüvvələr 4 tankerə hücum edərək, onları zədələyib. Bu tankerlərdən 2-ci Səudiyyə Ərəbistanına məxsusdur. İddialara görə, dörd tankeri zədələyən İran qüvvələri olub. Tehran isə bu ittihamları rədd edir.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanı Tehranı neft kəmərlərinə dron hücumu təşkil etməkdə də ittiham edir. Ər-Riyad iddia edib ki, hücumu İranın göstərişi ilə Yəməndə husi üsyançıları edib. Səudiyyənin hökumət yönümlü qəzetlərindən biri ABŞ-ı İrana qarşı hücuma keçməyə çağırıb.
Tramp hökumətinin əsas məqsədi isə sanksiyalar yolu ilə İranın iqtisadi iflasına nail olmaq, paralel şəkildə Reyqanın "zorən sülh” konsepsiyasına uyğun olaraq əzələ nümayişi ilə Tehranı masaya oturmağa məcbur etməkdir. Sanksiyaların hədəfi həm də İranda həyatı dözülməz edib, əhalinin rejimdən narazılığını pik həddinə çatdırmaqla ölkə daxilində kütləvi etirazları körükləməkdir.
Vaşinqton inandırmağa çalışır ki, hazırda ABŞ-ın bölgəyə göndərdiyi qüvvələr hərbi əməliyyat üçün nəzərdə tutulmayıb. Amma qeyd edilir ki, İran tərəfi hər hansı porovokativ addım atsa, məsələn, bu ölkənin regiondakı gücləri ("Hizbullah”, "Haşdi Şabi”, "Ənsərullah”, Suriyadakı könüllülər və s.) ABŞ hərbi və ya mülki personalına hücumlar etsə, yaxud İran Hörmüz boğazını bağlamaq təhdidini reallaşdırmağa çalışsa, qısamüddətli lokal toqquşmalar mümkündür.
Lakin ekspertlər böyük savaş ehtimalına ciddi yanaşmırlar. Böyük savaş o zaman ola bilər ki, İran öz nüvə proqramını bərpa etsin. Bu halda ABŞ və İsrail hərəkətə keçə bilər. Rusiya prezidenti Putinin İrana ünvanladığı "biz yanğınsöndürmə komandası deyilik və hər kəsi xilas edə bilmərik” bəyanatını Pompeo ilə görüşdən 1 gün sonra səsləndirməsi bu görüşdə İran məsələsinin ciddi müzakirə olunduğunu və ortaq nöqtələr tapıldığını söyləməyə əsas verir. İrana da, dünyaya da açıq mətnlə bildirildi ki, Tehran nüvə silahı proqramına qayıtsa, Moskva ona dəstək verməyəcək. Bu, o deməkdir ki, İrana qarşı əməliyyatın BMT TŞ səviyyəsində sanksiyalaşdırılması ehtimalı da var. İstənilən halda, İran ən çətin dövrlərini yaşayır və Tehranın hansı addımları atacağını indidən proqnozlaşdırmaq mümkün deyil...