BAKI, 24 may — Sputnik. "Ölkə bombardmana məruz qalsa belə, İran təslim olmayacaq". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ABŞ-la hərbi gərginlik fonunda bildirib.
"Bu gün bizə mübarizlik lazımdır. Düşmənlər tərk etməlidirlər ki, bizim qəlbimizdə ümidsizliyə yer yoxdur" - deyə Ruhani qeyd edib.
O bildirib ki, ölkə bombardmana məruz qalsa belə, öz yolundan – müstəqillik və əzəmətliliyindən dönməyəcək.
İran prezidenti qeyd edib ki, ölkə iqtisadi müharibə yaşayır, əhalinin rifahı hücuma məruz qalıb.
Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.
Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.
İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.
Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.