Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 22 may — Sputnik. Son günlər mediada Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun müxtəlif hücumlara məruz qalması ilə bağlı məlumatlar paylaşılır. Mediada dərc olunan məlumatlara görə, T.Əmiraslanovdan Dünya Kulinariya Assosiasiyasına şikayətlər də edilib.
Bu şikayət mətnlərində Tahir Əmiraslanovun kitablarında müəyyən səhvlərə yer verildiyi, onun gənclərin inkişafına mane olduğu iddia edilir. Məktublarda T.Əmiraslanov "qəsbkar" adlandırılır. Qarşı tərəf isə bu iddialara cavab olaraq onları məhkəməyə verib.
Sputnik Azərbaycan-ın əməkdaşı bu iddiaların nə qədər əsaslı və əsassız olduğunu aydınlaşdırmaq üçün Tahir Əmiraslanovla həmsöhbət olub. Və o, söhbətə belə başlayıb:
- Fərhad Aşurbəyli, Orxan Muxtarov adlanan bu şəxslərin Turizmə və Milli Mətbəxə Dəstək İctimai Birliyi var. Onlar bu ictimai birliyin adından Dünya Kulinariya Assosiasiyasına şikayət ediblər. Bu şikayət məktubunda isə onlar öz fəaliyyətləri ilə bağlı qeyd verərək bildiriblər ki, yaratdıqları təşkilat 2018-ci ilin avqustundan etibarən qastronomiya və qastroturizmin təşkilatıdır. Bu məktubda mənə, rəhbərlik etdiyim təşkilata dair şər, böhtan yayıblar.
- Sizin “Azərbaycan mətbəxində dolmalar: 381 nüsxə” kitabınızla bağlı da Facebook sosial şəbəkəsində tənqid səsləndirilib.
- Kitabla bağlı olaraq isə yazdığım reseptlərdə müəyyən səhvlərin olduğunu qeyd ediblər. Məsələn, dolma ilə bağlı hazırladığım kitabımda səhvlərin olmasını vurğulayıblar. İddia edirlər ki, mənim pip dolma haqda yazdığım resept səhvdir. Bu şəxslər, hətta pip dolmanın reseptinin kim tərəfindən hazırlanaraq restoranlara təqdim edildiyini də bilmirlər.
Ünvanlanan məktubda yazılır ki, nə üçün sarımsaq reseptdə 10 qram yazılıb? Bu şəxslər başa düşmür ki, 10 qram sarımsaq bruttoda təmizləndikdən sonra orada 6 qram qalır. O adam bilmir ki, milli mətbəx üçün olan kitabla ictimai-iaşə müəssisələri üçün hazırlanan reseptlər fərqlidir. Eyni zamanda, çığırtma ilə bağlı kitabımda da səhvlərin olduğunu qeyd ediblər. Onların xəbəri belə, yoxdur ki, dünya qurman kitabları sırasından dolma haqda hazırladığım kitab 5 minlik siyahıda ilk üçlüyə daxil olub.
- O şəxslər sizinlə çalışıblar?
- Orxan Muxtarov peşə məktəbini bitirib, heç bir ali təhsilləri yoxdur. Fərhad Aşurbəyli isə orta məktəb təhsillidir. Elə məhz buna görə də nələrəsə can atırlar. Əslində, onların mənim kitabımı müzakirə etməyə savadları çatmaz. Amma buna baxmayaraq, onlar özlərini Turizmə və Milli mətbəxə dəstək ictimai birliyinin sədri və sədrinin müavini adlandırır, özlərini başqa cür qələmə verirlər.
- O şəxslər sizinlə çalışıblar?
- O şəxslər mənimlə birgə çalışa bilməz, onlar yalnız döyüşə bilərlər. Mənə müxalif olan, dövlətçiliyə əks olmayan hər kəsə dəstək olmağa çalışmışam. Eybi yox, qoy, mənə müxalif olsunlar, bəyənməsinlər. Təsəvvür edirsiniz, bir həftədə əleyhimə üç yazı verildi. Kişinin arxasınca danışırlarsa, demək ki, qabaqdadır. Kimsə məni bəyənməyə məcbur deyil. Publik şəxsəm deyə belə şeylərə dözümlüyəm. MMənə xəyanət də edilə bilər, amma ölkəmizə edilən xəyanətə cavab verilməlidir.
- Onlar təşkilata müraciət etməsəydi necə, məhkəməyə üz tutardınızmı?
- Dünya Kulinariya Assosiasiyasına müraciət etməsəydilər, heç zaman onları məhkəməyə verməzdim.
- Onlar iddia edirlər ki, siz hər vasitə ilə mane olmağa çalışırsınız.
- Onlar deyirlər ki, Tahir müəllimi yıxıb yerində oturmalıyıq. Necə mane ola bilərəm ki, Orxan Muxtarov özü də, dırnaqarası Konqresə qatılanlar da, onların yarışlarında iştirak edənlər də, kursa göndərdikləri də AMKA-nın yetirmələridir.
- Təşkilatları ilə bağlı xahişlərini rədd etdiyinizi, diplom satdığınızı da iddia edirlər.
- Mən bu şəxslərin təmsil etdikləri təşkilatı peşəkar kulinariya təşkilatı olaraq qəbul etmirəm. Deyirlər ki, mən onların xahişlərini rədd edirəm. İddia edirlər ki, mən kifayət qədər təcrübəsi olmayanların xaricə səfər etməsi üçün imkan yaratmışam. Digər tərəfdən yazırlar ki, mən gənclərə yol vermirəm, amma gənclər axı təcrübəsiz olur. Apardıqlarımın da heç biri əliboş, medalsız qayıtmayıb. Sadəcə olaraq onlar Dünya Kulinariya Assosiasiyasında haqqımda şübhələr yaratmağa çalışırlar. İddia edirlər ki, guya diplom satıram. O zaman mən deyirəm, sübut edin ki, Tahir Əmiraslanov diplom satıb.
Bundan başqa assosiasiyadan uzaqlaşdırılmaları ilə bağlı da fikir bildiriblər. Yazırlar ki, üzvlük haqqı ödəmədikləri üçün mən onları assosiasiyadan uzaqlaşdırmışam. Orxan Muxtarov iki il yarım üzvlük haqqını ödəməyib. Gəncləri dəstəkləmədiyimi iddia etsələr də, mən bu günədək nə qədər gənci yarışlara yollamışam. Heç özüm bu yarışların bəzilərinə getməmişəm. Təkcə Türkiyədəki yarışdan gənclər 9 qızıl, 6 gümüş, 1 bürünc medal gətirib.
Uşaqların çoxunu xaricdə təhsil almağa yollamışam. Çox zaman tələbələrin ödənişlərinə də kömək etmişəm. Bunun nəticəsidir ki, bu gün yetirmələrim ölkədə və xaricdə işləyirlər. Mən təkcə yarışlarla məşğul olmuram. Yarışlar bizim işimizin kiçik bir hissəsidir. Eyni zamanda da araşdırmalarla məşğulam, kitablar yazıram. İstəyirik ki, dünya Azərbaycan mətbəxi ilə qloballaşsın. Amma bütün bu səylərimizin qarşılığında onlar haqqımda olmayanları söyləyirlər.
- Bildiyimə görə, o şəxslərdən birinin həyat yoldaşı da sizin yetirməniz olub.
- Orxanın yoldaşı da kulinar deyildi. O və bacısı, hər ikisi mənə öz qızım kimidir. Hər ikisi çox ağıllı, namuslu və bacarıqlı qızlardır. Onu mən öyrətdim. Apardım yarışa və qızıl medal aldı. Mən öyrətməyi bacarıram. Bilirsiniz necədir, bu gün aşpaz yarışda medal qazanmasa, sabah bunu əldə edə bilər. Bu, elə də qlobal məsələ deyil. Zaman keçdikcə öyrənəcək, təkmilləşəcək və medalını da alacaq. Necə ki, ayıya motosiklet sürməyi öyrədirlər. Əsas olan strateji məsələdir.
- Təhsillə bağlı demişkən, onlar iddia edirlər ki, gənclərin təhsilinin daha da yaxşılaşdırılmasına da mane olursunuz.
- Onlar iddia edirlər ki, mən məntiqə uyğun olmayan qərarlar verirəm, aşpazlar, onların müdafiəsi və təhsili üçün şəraiti yaxşılaşdırmaq əvəzinə, bu sahədə çalışan bütün təşkilatlar və şəxslərin işinə müxtəlif yollarla müdaxilə etməklə məşğulam. Mən bu vaxtadək kimin işinə müdaxilə etmişəm? Hətta bu 30 ildə bir dəfə də olsa, gedib restoranları monitorinq etməmişəm. Bir adam deyə bilməz ki, monitorinq adı ilə haranısa yoxlayıb nəsə yazmışam. Çünki onsuz da restoranları 22 təşkilat yoxlayır, soyur. Bundan öncə özümün 23 obyektim, restoranım olduğu üçün bu prosesdən xəbərdaram. Hər ay 22 təşkilatdan gələrək şirkətimi yoxlayırdılar. O zaman və indi də çalışmışam ki, restoranlara dəstək olum.
- Həmin şəxslərin özləri ilə bağlı nə kimi məlumatınız var?
- Fərhad və Orxan heç biri əsgər getməsə də, bu sahədə çalışırlar. O zaman belə bir sual ortaya çıxır: xəstə adam bu sahədə necə işləyir? Sizcə əsgərliyə getməmiş şəxsin ictimai təşkilata rəhbərlik etməyə, təbliğatla məşğul olmağa mənəvi haqqı varmı? Təmsilçisi olduğu təşkilatla bağlı olaraq onu deyə bilərəm ki, əsas işləri məhz bizi söyməklə məşğuldur.
- Son olaraq istəyərdim uğurlardan da danışasınız.
- Biz Mədəniyyət Nazirliyinin hazırladığı Milli İrsinə 1500 xörək növünü yerləşdirmişik. Azərbaycan aşpazlarına həsr olunan ilk elektron portalı maliyyələşdirmişik. Bundan başqa, Azərbaycan Milli Kulinariyasının inkişafına dair irimiqyaslı konqres keçirmişik. Kulinariya ilə bağlı müxtəlif tövsiyələrimizi də irəli sürmüşük. Bu gün biz bir neçə təşkilat yaratmışıq. Həmin təşkilatlar Azərbaycan, türk, İslam mətbəxinin dünyada tanıdılması ilə məşğul olacaq.
P.S.
Sputnik Azərbaycan olaraq qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.