Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 26 noyabr — Sputnik. Qaxda ənənəvi milli mətbəx bayramı qeyd edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, festivalda yerli kulinarlarla yanaşı Zaqatala, Şəki, Oğuz rayonlarının təmsilçiləri iştirak ediblər.
Mərasimdə milli mətbəxlə yanaşı, həmin bölgələrin sənətkarlarının əl işləri də nümayiş olunub. Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin sərgisi ilə tanış olublar.
Sərgidə Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli və əvəlikli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, sözügedən bölgənin mətbəxinin özünəməxsusluğu nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Həmin ildən etibarən Qaxda hər il “Milli Mətbəx Bayramı” qeyd olunur.
Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam edib.