BAKI, 21 may — Sputnik. Paralimpiya çempionu, qızlardan ibarət paracüdo milli komandasının baş məşqçisi Ramin İbrahimov ağır əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan-a idmançının özü məlumat verib.
O bildirib ki, neçə il gözündə olan problemdən əziyyət çəkib: "Mənim hər iki gözümün buynuz qişasında problem var idi. Bir neçə il öncə sağ gözümün buynuz qişasını Türkiyədə dəyişdilər. Sol gözümdə isə problem qalmışdı".
"Bu əməliyyat çox bahalı əməliyyatdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ikinci gözümü də bu günlərdə əməliyyat etdilər. Mənim əməliyyatım üçün Heydər Əliyev Fondundan vəsait ayrıldı", - idmançı qeyd edib.
R.İbrahimovun sözlərinə görə, əməliyyat Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində baş tutub: "Hal-hazırda özümü normal hiss edirəm. Mənə dəstək olan Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya təşəkkür edirəm".
İdmançı bildirib ki, gözünün sarğısı tezliklə açılacaq və o, yenidən qızlardan ibarətmilli komandanın başına keçəcək.