İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 90 ildən çoxdur fəaliyyət göstərir. Böyük tarixə malik olan Cəmiyyət uzun illər ərzində daxili işlər orqanları əməkdaşlarının və ölkə gənclərinin fiziki inkişafında xüsusi rol oynayıb. Avropa və Olimpiyada oyunlarında ölkəmizi layiqincə təmsil edən, Azərbaycan bayrağını dünya arenasında yüksəldən, himnimizi səsləndirən çempionlarımızın əksəriyyəti DİN İdman Cəmiyyətinin yetirmələridir.
Cəmiyyətin fəaliyyəti, nailiyyətləri, yarışlara hazırlıq və digər mövzularda qurumun sədri polis polkovniki Zemfira Meftahətdinova ilə danışdıq.
Zemfira Meftahətdinova 2000 Sidney Olimpiadasının qızıl, 2004 Afina Olimpiadasının isə bürünc medalını qazanıb. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira Meftahətdinova müstəqil Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Meftahətdinova 1995 və 2004-cü ildə "Tərəqqi" medalı, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
- Zemfira xanım, istərdim ki, bir qədər İdman cəmiyyəti haqqında məlumat verəsiniz?
- İdman cəmiyyəti Azərbaycan Fövqəladə Komissiyasının 9 mart 1926-cı il tarixli əmri ilə Bakı şəhərində yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 30.06.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna İdman Cəmiyyəti idarə səlahiyyətli qurum kimi daxil edilib. İdman Cəmiyyəti yarandığı gündən bu günə qədər Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılar yetişdirib. Cəmiyyətdə sərbəst güləş, yunan-roma güləşi, cüdo, boks, güllə atıcılığı, stend atıcılığı, bədii gimnastika, akrobatika, həndbol, taekvando, basketbol, böyük tennis, stolüstü tennis, badminton, atçılıq, karate, kikboksinq və s. idman növləri üzrə bölmələr fəaliyyət göstərir.
İdman cəmiyyətinin yetirmələrindən Nazim Hüseynov , Namiq Abdullayev, Mövlud Mirəliyev, Elnur Məmmədli kimi yetirmələri beynəlxalq arenalarda Azərbaycanın bayrağını qaldıraraq, himnimizin səsləndirib, dövlətimizi layiqincə təmsil ediblər.
Azərbaycan idman ölkəsi hesab edilir. Əlbəttə ki, bu, ölkə başçısının xüsusi qayğısı nəticəsində baş verib. Buna görə də hər bir idmançı çalışır ki, öz sözünü beynəlxalq arenada deyə bilsin.
- Zemfira xanım, İdman Cəmiyyəti təkcə polis əməkdaşları üçündür, yoxsa vətəndaşlar da burada idmanla məşğul ola bilər?
- Cəmiyyətin ilk işi DİN əməkdaşlarının fiziki hazırlığıdır. Amma burada bütün yaş kateqoriyalarından olan insanlar da məşğul ola bilər.
- Təşkilatda xidmət haqqı varmı, yoxsa ödənişsizdir?
- Təşkilatımız təsərrüfat hesablıdır. Burada polis əməkdaşları idmanla pulsuz məşğul olur. Şəhid ailələrin övladları üçün də idmanla məşğul olmaq pulsuzdur. Onlar üçün xüsusi günlər də var. İstədikləri zaman məşğul ola bilirlər. Sıravi vətəndaşlar üçün isə simvolik bir məbləğ var.
- Azərbaycanda keçirilən yarışlarda polis idmançılarımız iştirak edirmi?
- Bilirsiniz ki, Azərbaycanda mötəbər yarışlar keçirilir. I Avropa oyunları, İslam Oyunlarında komandamız çox uğurla iştirak edib. Bundan sonra cənab nazir komandamızı qəbul edib, təbrik etdi. 2015-ci ildə keçirilən I Avropa Oyunlarında ölkəmizin milli komandasının tərkibində iştirak edən 7 təmsilçimizdən 2-si – yunan-roma güləşçisi Rafiq Hüseynov və taekvandoçu Fəridə Əzizova uğurla çıxış edib.
2017-ci ildə IV İslam Oyunlarında DİN-i 10 idman növü stend atıcılığı, güllə atıcılığı, boks, cüdo, yunan-roma güləşi, taekvando, karate, atletika, vaterpol, zorxana üzrə 17 idmançı təmsil etmişdi. Yarışda təmsilçilərimiz 9 qızıl, 3 gümüş və 1 bürünc olmaqla 13 medal qazanmışdı.
- Hazırda hansı yarışlara hazırlıq gedir?
- Biz hər ay polislər arasında yarışlar keçiririk. Yarışlarda ərazi polis orqanlarının, nizami hissə və tədris müəssisələrinin komandaları iştirak edirlər. Bundan əlavə beynəlxalq qurumların hüquq-mühafizə, güc strukturları arasında keçirdikləri müxtəlif idman növləri üzrə yarışlarda da komandalarımız iştirak edir, çox yaxşı nəticələr əldə edirlər.
- Bəs özünüz necə yarışlarda iştirak edirsinizmi?
- 1976-cı ildən – 13 yaşımdan atıcılıqla məşğul olmuşam. Sonuncu dəfə 2004-cü ildə Afinada Dünya Kubokunda 3-cü yeri tutdum. 2015-ci ilə qədər burada sədr müavini vəzifəsində idim. 2015-ci ildən isə sədr təyin edildim və fəaliyyətimi daha çox təşkilati istiqamətdə yönəltməli oluram. Artıq cavanlara yol açmaq lazımdır. Onların hazırlanması üçün çox iş görmək lazım gəlir. İstedadlı, bacarıqlı əməkdaşlarımız çoxdur. Bir faktı deyim ki, IV İslam Həmrəyliyi oyunlarında təmsilçimiz Ruslan Lunyov 5 qızıl medal qazandı.
- Bəzi xarici ölkələrdə dolu bədənli polis əməkdaşlarının xidmətdən uzaqlaşdırılması məsələsi gündəmə gəlir. Ölkəmizdə bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? Polis fəaliyyətini davam etdirmək hansı idman növü ilə məşğul olmalıdır?
- Xalqımızın ümummilli lideri Heydər Əliyev dövlətçiliyimizin parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşdiyi zaman xalqın təkidli tələbi ilə ali hakimiyyətə gəldikdən sonra ölkədə hərtərəfli islahatlar keçirilməyə başlandı. Bunun üçün ilk növbədə asayişi, sabitliyi bərpa etmək lazım idi. Daxili işlər orqanlarında köklü dəyişikliklər baş verdi, kadr islahatları keçirildi. Xidmətə qəbul üçün müəyyən normativlər müəyyən edildi. Yəni sıralarımıza gələn hər bir gənc o normativləri mütləq verməlidir. Bura turnikdə dartınma, 100 və 1000 metr məsafələrə müəyyən olunmuş vaxtda qaçmaq, qarın əzələlərinin gücünü yoxlamaq üçün müəyyən hərəkəti yerinə yetirmək lazımdır. Sözsüz ki, artıq çəkili, idman quruluşu olmayan şəxs o normativləri də verə bilmir. Xidmətə qəbuldan sonra isə daxili işlər orqanlarının bütün qurumlarında həftənin müəyyən günlərində silahsız özünümüdafiə fəndlərinin təlimi ilə bağlı fiziki hazırlıq məşğələləri keçirilir. Məşğələlərin keçirilməsində İdman Cəmiyyətinin əməkdaşları təlim toplantıları keçirlər. Qeyd etdiyiniz köklük problemi bizim üçün beləcə aradan qaldırılıb. Bir məsələni də nəzərə almalıyıq ki, torpaqlarımıza düşmən təcavüzü olan vaxt bu hücumların qarşısını polis əməkdaşları alırdılar. Onların arasında yaralanan, bu gün də bədənlərində qəlpə gəzdirənləri var. Onlar gənc əməkdaşların peşəkar kimi yetişməsi, vətənpərvərlik tərbiyəsində böyük rol oynayırlar.
- Çox zaman qadınlarn daha güclü snayper olduğu deyilir. Siz də atıcısınız. Necə düşünürsünüz, bu nədən irəli gəlir? Qadınlar bütün hədəfləri düz seçir?
- Psixoloqların araşdırmalarına görə, qadınlar daha güclü snayper olur. Çünki qadınlar daha təmkinlidir. Kişilər isə bir qədər çılğın olur. Mən stend atıcılığı ilə məşğul oluram, bu mahiyyət etibarilə daha çox ovçuluğa yaxındır, yəni qəfil görünən hədəfi vurmalısan. Güllə atıcılığında isə qadınlar daha sakit olur. Ümumiyyətlə qadın sakit olmalı, onun əsəbləri və əli dəmirdən olmalıdır.
- Gənc qızlar necə atıcılığa maraq göstərirmi?
- Əlbəttə ki, qızlarımız bu idman növünə maraq göstərir. Ancaq bu elə bir idman növüdür ki, uşaqları az yaşından bu idmana göndərmək olmaz. Çünki silah ağır olur. Və bu onurğa sütununu əyə bilər. Əgər uşaq sağlamdırsa, möhkəmdirsə, daha tez də başlamaq olar. Uşaqlar bu idman növü ilə 13-14 yaşından başlaya bilər. Uşaqlar çoxdur, yarışlara da çıxırlar.