Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 23 aprel — Sputnik. Bu gün alimlərin həyəcanla danışdıqları mövzulardan biri də palma yağından istifadədir. Mətbuatın yazdığına görə, son elmi araşdırmalar palma yağından istifadənin həddən artıq ziyanlı olduğunu göstərir. Alimlər bu yağdan nəinki qida kimi istifadənin, onun hətta texniki baxımdan istifadəsinin də zərərli olduğunu qeyd edirlər.
Palma yağından müxtəlif şirniyyat məhsullarında, həmçinin sabun və şampunların tərkibində geniş istifadə edilir. Ətraf mühit üçün çox təhlükəli, dağıdıcı effektə malik olduğu deyilən bu yağın istehsalı ilə bağlı rəqəmlərə nəzər yetirdikdə arzuolunmaz bir mənzərə ilə tanış ola bilərik. Son 50 ildə dünyada palma yağının istehsalında ciddi artım olub. 1995-2015-ci illərdə isə palma yağının istehsalı 15.2 metr tondan 62.6 metr tona çatıb. 2050-ci ilədək isə bu rəqəmin 240 metr tona çatacağı proqnozlaşdırılır. Bu gün dünyanın 150 ölkəsində 3 milyard insan palma yağı məhsullarından istifadə edir. İllik olaraq isə hər bir insanın 8 kiloyadək palma yağı qəbul etdiyi bildirilir.
Palma yağının geniş yayılmasının səbəbi isə ucuz başa gəlməsi və daha keyfiyyətsiz hesab edilən bütün digər yağları əvəzləyə bilməsidir.
Palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bildiriblər.
ABŞ artıq bu ildən etibarən marqarin və palma yağından imtina edir. Bununla bağlı 2015-ci ildə ABŞ-ın Qida və Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bu yağların satışdan yığışdırılması və istehsalının dayandırılması üçün 3 ilədək zaman verildiyi qeyd olunmuşdu.
Ətraf mühitə və insan səhhətinə zərərlərinə görə bu gün Avropa Birliyinin bir sıra ölkələri, xüsusən də Norveç palma yağından imtina edir. Biz Avropada palma yağından, tamamilə imtina edildiyini söyləyə bilmərik. Bununla belə, Avropa sürətlə “palma yağından imtina” xətti götürüb və ən yaxın zamanlarda bu yağın, tamamilə istifadədən çıxarılması gözlənilir.
Azərbaycanda isə istehlakçıların böyük qismi bu yağların zərərindən xəbərsizdir. Valideynlər hər gün uşaqlarına aldıqları şırniyyatların tərkibindəki bu yağın övladlarının səhhətinə necə böyük zərər vurduğunu bilmirlər.
Sputnik Azərbaycan-ın əməkdaşı palma yağının tərkibi, zərərlərini, ekspert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu yağla bağlı münasibətini öyrənib.
Pediatr Aytən İsmayılzadə palma və bu kimi digər zərərli yağlardan uşaq qidalarında istifadə edildiyini təsdiq edir: "Uşaq qidalarında palma yağından müəyyən dozada istifadə edilir. Bu zaman palma yağı kalsiumun sovrulmasına mane olur. Belə qidalarla böyüyən uşaqlarda kalsium çatışmazlığı daha çox hiss olunur. Şirniyyat məhsullarında palma yağından daha çox istifadə edilir".
Palma yağının trans hesab edilən yağlar sırasında birinci olduğunu deyən ekspert onun zərərlərdən də söz açıb: "Trans yağlar formasını dəyişən yağlardır. Bu cür yağlar doymamış yağ turşularının hidrogenləsməsindən yaranır. Bu səbəbdən də həmin yağlar insan səhhəti üçün kifayət qədər ziyanlıdır. Belə zərərli yağlarla qidalanan şəxslərdə piylənmə, hüceyrələrin zədələnməsi, qaraciyərin yağlanması, metabolizmin pozulması müşahidə edilə bilər. Ən təhlükəli yağ hesab edilən palma yağı istifadə edilərkən müxtəlif mədə-bağırsaq xəstəliklərinin, o cümlədən də xərçəngin yaranmasına səbəb olur".
Pediatr xüsusən də valideynlərə diqqətli olmağı tövsiyə edib: "Bir çox hallarda valideynlər bu cür məsələlərə məsuliyyətsiz yanaşaraq aldıqları qidanın tərkibi ilə maraqlanmır. O səbəbdən də valideynlər özləri də bilmədən övladlarına trans yağ yedirir. Marqarin yağı və sintetik yağlı məhsullar körpələrin səhhəti üçün xüsusi ilə zərərlidir".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri isə bu yağın zərərləri ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu deyir. AQTA-dan Sputnik Azərbaycan-a verilən açıqlamada palma yağının ümumi tərkibi haqda da məlumat verilib:
"Palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Emal olunmuş yağ texniki məqsədlər üçün istifadə edilir. Bundan başqa bu yağdan məişətdə də istifadə olunur. İnsanlar texniki məqsədlər üçün bu yağdan kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada geniş yararlanırlar. Lakin palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, bu günədək onun insan sağlamlığına hansısa mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Məişət üçün istifadə olunan palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur və zərərləri ilə bağlı fikirlərin elmi əsası yoxdur".
"Məişət üçün nəzərdə tutulan digər yağlar, o cümlədən də palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli hesab olunur. Bundan başqa, texniki məqsədlər üçün nəzərdə tutulan belə yağın məişətdə istifadə olunması da insan orqanizmi üçün zərərlidir" – deyə Agentlikdən bildirilib.
AQTA-dan verilən məlumatda o da qeyd olunur ki, tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən bu cür məhsulların satışı isə qadağandır.
Qeyd edək ki, palma yağının istehsalının 85 faizi Malayziya və İndoneziyanın payına düşür. Hətta bəzi Asiya ölkələri palma yağının hesabına bu gün zənginlik qazanıb. Bu ölkələr sırasında isə Hindistanın adını xüsusi ilə qeyd etmək lazımdır. Təkcə palma yağının hesabına müxtəlif illərdə Hindistanın "Fast FOOD" marketləri də ölkəyə və sahibkarlara böyük gəlirlər qazandırıb. Təkcə 2011-2016-cı illərdə Hindistanın bu cür bazarlarının gəlirlərində 83 faiz artım qeydə alınıb. Daha çox varlanan şirkətlər sırasında isə "Domino"s Pizza", "Subway", "Pizza Hut", "KFC", "McDonald"s" və "Dunkin" Donuts"un adları qeyd olunub.