BAKI, 14 aprel - Sputnik. Sudan ordusu prezident Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını, konstitusiyanın qüvvəsinin dayandırıldığını, fəaliyyətdə olan hakimiyyət orqanları və parlamentin buraxıldığını bəyan edib.
Bəyanat Sudan dövlət televiziyasının canlı efirində səsləndirilib. 30 il hakimiyyətdə olan əl-Bəşir isə ordunun əlindədir. O, həbs olunub. Sudanın müdafiə naziri general-leytenant Avad ibn Auf (Əhməd bin Avf) keçid dövründə hakimiyyətin hərbçilərə keçdiyini bəyan edib. Ölkə sakinlərinə saat 19:00-dan sonra kuçəyə çıxmaq qadağan olunub. "Rejim əvvəlki tək problemlərə cavab vermir. Bu səbəbdən ikiillik keçid dövründə silahlı qüvvələr ölkəni idarə edəcək" – general bildirib.
Sudanda baş verən çevrilişin arxasında Misir Prezidenti Əbdülfəttah Sisinin dayandığı iddia edilib. Belə ki, çevrilişdən dərhal sonra Sudanın müdafiə naziri Əhməd bin Avf Misirə təcili səfər edib. O, Misirin əmək naziri Hişam Tevfik tərəfindən qarşılanaraq hökumət idarəsinə gətirilib.
Bəzi mənbələr isə Misir başda olmaqla, BƏƏ, Səudiyyə Ərəbistanı, o cümlədən Qərb dövlətlərinin Əhməd ibn Avfa dəstək verdiyi, gələcəkdə onun dövlət başçısı kürsüsünə gətiriləcəyini istisna etmir.
Sudanın bir sıra keçmiş və hazırkı məmurları da hərbçilər tərəfindən həbs ediliblər. Həmçinin, ordu prezident iqamətgahını da zirehli texnikalarla mühasirəyə alıb. Paytaxt Xartumun bütün küçələrinə hərbçilər nəzarət edir. Şəhərin bir çox rayonları mühasirəyə alınıb. Ordu ölkəni idarə etmək üçün müvəqqəti keçid hökuməti – Hərbi Şura quracaq.
Qeyd edək ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Buna səbəb, hökumətin ərzaq qiymətlərini qaldırması, vergilərin artırılması və ölkədə yanacaq qıtlığının yaranmasıdır. Etirazlar fonunda Əl-Bəşir 2019-cu ilin fevralında Sudanda 1 illik fövqəladə vəziyyət rejimi elan etdiyini açıqlayıb. Onun sözlərinə görə, belə rejim ölkəni böhrandan çıxarmaq üçün mühüm iqtisadi islahatların keçirilməsi və vəziyyətin sabitləşməsi üçün vacibdir.
Sudan daima vətəndaş qarşıdurmasından əziyyət çəkib. 1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə böldü. Bölgəyə böyük maraq göstərən ABŞ əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verib. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə "İkinci vətəndaş müharibəsi" adını aldı. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak olub, 4 milyondan artıq insan isə qaçqın düşüb. Sudanda baş vermiş bu hadisələr ölkəni böhrana sürükləyib.
1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verib. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirib. Bu dəfə ABŞ cənubdakı qiyamçılara açıq dəstək verib.
1990-cı ildə ABŞ-ın "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi problemi daha da qızışdırıb. Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter alıb. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışıb. Döyüş əməliyyatları ABŞ-ın neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. Ona görə də 1994-cü ildə ABŞ-ın təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Lakin bu sənəd yalnız 1997-ci ildə – yenə də ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi. Ancaq şimal rəhbərləri danışıqlara getmədilər. Buna dərhal reaksiya verən ABŞ-ın xüsusi xidmət orqanları şimali Sudanda xalq üsyanlarını təşkil etdi. Bu etirazlara Qərbdən xeyli dəstək alan güclü müxalifət rəhbərlik edirdi. Hökumət bu üsyanları çox sərt şəkildə yatırırdı. Narazılıqların arası kəsilmirdi.
1998-ci ildə Amerika aviasiyası şimali Sudanın paytaxtı olan Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi. Müxalifətə seçkilərdə iştirak etməyə icazə verildi. Lakin müharibə davam edirdi.
Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilmiş referendumdan sonra Cənubi Sudan müstəqillik əldə etdi.
ABŞ isə hər iki tərəfə dəstəyini, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salıb.
Ölkənin ərazisi 2.505.810 km² – dir. Ərazisinin böyük hissəsi Şimali Afrikada yerləşir. Nil çayı ölkəni iki hissəyə ayırır, həmçinin Nil çayının qolları olan Ağ Nil və Mavi Nil ölkə ərazisində qovuşur. Ərazisi Nil çayı sahilləri istisna olmaqla, əsasən səhralardan ibarətdir. Sudan şimal şərqdən Qırmızı dənizlə sərhəddir. 2008-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən ölkə əhalisinin sayı 39.154.490 nəfərdir. Sudan əhalisi rəngarəng etnik tərkibə malikdir. Ölkədə təxminən 134 dildə danışan xalq və tayfa yaşayır. Onların içərisində ən böyük saya malik etnik qrup ərəblərdir və onlar Sudan əhalisinin 51%-ni təşkil edirlər.
Sudanın neft ölkəsi olması onun üçün problemə çevrilib və son çevrilişdə də bu amil mühüm rol oynayıb...