Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 11 aprel — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Sputnik Azərbaycan-a müsahibəsində problemli kreditlər, onların həlli mexanizmləri, bu istiqamətdə dövlət başçısının atdığı addımlar və digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik:
— Tahir müəllim, dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının ölkəmizdə problemli kredit məsələsinin həllinə təsirini necə qiymətləndirirsiniz?
— Ümumilikdə iqtisadiyyatda və bank sektorunda həmişə problemli kreditlər məsələsi var və bunun qəbul edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi ölkələrdə 5 faizədəkdir, bəzi ölkələrdə isə 3 faizdir. Azərbaycanda devalvasiyadan əvvəl problemli kreditlərin ümumi kredit portfelində həcmi, təxminən 5,5-6 faiz həcmində olub. Bu da dünyada qəbul edilən bir normadır. Ümumiyyətlə, belə hesab olunur ki, riskləri nəzərə almaqla, bank sektoru özü bu həddə olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta bu formada riskləri idarə etməyi bacarır.
2015-ci ildə Azərbaycanda 2 dəfə devalvasiya olub. Bu devalvasiyalardan sonra ölkədə 2 mühüm məsələ ortaya çıxıb. Həm xarici valyutada, həm də ümumilikdə manatla götürülən kreditlərin geri qaytarılması ilə bağlı vətəndaşlarda müəyyən çətinlik yaranıb. Ötən dövrdə bu 2 istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin restrukturizasiyası ilə bağlı çağırışlar edib ki, banklar həm müddətin uzadılması, həm də kredit faizlərinin aşağı salınması ilə bağlı vətəndaşlarla qarşılıqlı razılaşma əldə etsinlər. Bu istiqamətdə bir sıra banklar müəyyən işlər görüb.
Digər bir tərəfdən isə, dövlət tərəfindən Strateji Yol xəritələri qəbul edilib, sürətli iqtisadi islahatlar həyata keçirilməyə başlayıb. Yəni devalvasiyanı törədən mənbələrin aradan qaldırılması ilə bağlı çox ciddi işlər görülüb. Azərbaycan hökuməti tamamilə doğru olaraq ilk növbədə bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər görüb və bu, başa çatıb. Artıq 2017-ci ildə Azərbaycan iqtisadiyyatı sabitləşib və 2018-ci ildə ümumi daxili məhsul artım mərhələsinə keçib. 2019-cu ilin ilk 2 ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub, şəfafflıq, büdcə gəlirləri, vergi sistemində yığılmalar artıb. Bu yığılmalar imkan verdi ki, əvvəllər yaranan çətinliklərin nəticələrinin aradan qaldırılması ilə bağlı addımlar atılsın və ölkə Prezidenti də bununla bağlı fərman imzaladı.
Ümumilikdə bununla bağlı parlamentdə də müzakirələr aparılıb, deputatlar tərəfindən bu problemin həlli ilə bağlı dövlətin müəyyən dərəcədə yardım göstərməsi ilə bağlı çağırışlar olub. Amma məhz ölkə Prezidenti tərəfindən verilmiş bu fərman miqyasına və mexanizmlərinə görə tarixi bir addımdır.
2015-ci ilin fevral devalvasiyasına qədər xarici valyutada kredit götürənlərin strukturuna baxsaq, 10 min dollaradək kredit götürən vətəndaşlar bütövlükdə xarici valyutada kredit götürmüş vətəndaşların 92 faizini təşkil edir. Bu, o deməkdir ki, kompensasiyanın verilməsi bütövlükdə xarici valyutada kredit götürmüş vətəndaşların 92 faizinə kömək etdi. 17 min manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99 faizini təşkil edir. Bu addım bütövlükdə banklarla münasibətdə olan vətəndaşların orta hesabla, təxminən, 95 faizini əhatə edir. Bu, kifayət qədər böyük həcmdir. Dövlət bu addımı atmaqla vətəndaşları bu yükdən azad etdi və bu yükü öz üzərinə götürdü. Artıq vətəndaşlar kreditin ödənilməsi ilə bağlı yeni şərtlərlə müqavilə bağlamalı olacaqlar. Növbəti 5 il ərzində kredit müqavilələri, təxminən ildə 1 faiz şərti ilə bağlanacaq. Ümumilikdə fərman 850 minə yaxın vətəndaşa kömək etməyi nəzərdə tutur.
Digər tərəfdən, bankların sağlamlaşdırılması baxımından dövlətin atdığı addım çox böyük əhəmiyyət kəsb edir. Çünki bank iqtisadiyyatın "şah damarı"dır. Banklarda olan istənilən bir problem sonra bütövlükdə iqtisadiyyata yayılır və bütün sektora təsir edir. Ona görə də bank sektorunun sağlamlaşdırılması bütövlükdə iqtisadiyyat üçün çox vacibdir. Bu addım həm iqtisadiyyatın sağlamlaşdırılması, həm iqtisadiyyatda bank sektorunun effektiv və fəal iştirakının artırılması, həm də vətəndaşın sosial müdafiəsinin qorunması baxımından çox mühümdür.
—Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirədə dövlət başçısı Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu deyib. Əmlakın sığorta məsələsi ilə bağlı hansı boşluqlar var və bu sahədə qanun layihəsi hazırlana bilərmi?
—Azərbaycanda "İcbari sığortalar haqqında" qanun var. Bu qanunun müddəalarına görə, hər bir fiziki və hüquqi şəxs öz əmlakını məcburi şəkildə sığorta etdirməlidir. Yəni bu, könüllü deyil, icbaridir. Eyni zamanda, qanunda ikinci müddəa var ki, üçüncü şəxslərə dəyən zərərlə bağlı istənilən halda fiziki və yaxud hüquqi şəxslər öz əmlakını 50 min manat risk həddində sığorta etdirməlidirlər. Biz buna mülki məsuliyyət deyirik. Burada müəyyən məhdudiyyətlər olsa da, amma bütövlükdə bu tipli hadisələrin qarşısını almaq üçün qanunda müvafiq müddəalar mövcud idi.
Problem ondan ibarətdir ki, Azərbaycanda sığorta sahəsində əmlakın və yaxud da daşınmaz əmlakın sığortalanması ilə bağlı müəyyən dərəcədə boşluqlar mövcuddur. Bunun da bir çox səbəbi var. Səbəblərdən biri əhalinin və yaxud da sahibkarların bəzilərinin iqtisadi savadlılığının arzuolunan səviyyədə olmamasıdır. Bir çox hallarda isə baş verən hadisə zamanı sığorta məbləğinin alınması ilə bağlı bir çox şikayətlərin olması, əhali ilə sığorta şirkətləri arasında inamın arzuolunan səviyyədə olmaması Azərbaycanda sığorta mədəniyyətinin formalaşmasına zərər göstərib.
Amma bu, o demək deyil ki, Azərbaycanda əmlak və yaxud daşınmaz əmlak sığorta olunmur. Mən bir fakt deyim. 2018-ci ildə Azərbaycanda könüllü şəkildə daşınar və daşınmaz əmlakın sığorta etdirildiyi riskin həcmi 32 milyard manat olub. Yəni sığorta şirkətləri yalnız 2018-ci ildə könüllü olaraq sahibkar və vətəndaşlardan 57 milyon manat həcmində sığorta haqqı toplayıb. Bu da müəyyən bir sayda vətəndaş və yaxud sahibkarın sığorta mexanizmlərindən istifadə etdiyini deməyə əsas verir. Amma istənilən halda bu, arzuolunan hədd deyil.
Bizim də istəyimiz odur ki, özəl sektorda vətəndaşların və sahibkarların əmlakının sığortası lazımi səviyyədə olsun. Çünki baş verən son hadisələrdə biz bunun şahidi olduq. Bu gün bazar iqtisadiyyatının mühüm elementlərindən biri sığortadır. Sığorta şirkətləri çox da böyük olmayan məbləğ həddində vətəndaşa dəyə biləcək ziyanı tam ödəmək kimi mexanizmlərə sahibdir. Mən sizə bir fakt deyim, bu gün hər hansı sahibkar mağazada 30 min manat dəyərində olan malını sığortalamaq istəsə, bunun illik dəyəri təxminən 90 manat həcmindədir. Bu, əslində çox kiçik bir məbləğdir.
Təsəvvür edin ki, bu gün sahibkar hər ay 200-300 manat icarə haqqı ödəməyə hazırdır, amma ay ərzində təxminən 7,5 manat ödəməklə bütövlükdə daşınar əmlakını sığorta etdirmək mexanizmindən istifadə etmir. Bu, o deməkdir ki, burada söhbət məbləğdən getmir, çünki məbləğ kifayət qədər kiçikdir. Burada əsas məsələ odur ki, sahibkar-sığorta münasibətlərində yeni mexanizmlərin tətbiqini zəruri edən qaydalara ehtiyac var. Düşünürəm ki, bu qaydalar sahibkarlar ilə sığorta şirkətləri arasındakı münasibətlərdə etibar yaradacaq, eyni zamanda sahibkarlarda sığorta mədəniyyətinin səviyyəsini daha da yüksəldəcək.
Cənab Prezidentin keçirdiyi müşavirədə verdiyi tapşırıqlar Azərbaycanda sosial dövlətin funksiyasının və dövlət başçısının humanizm siyasətinin bariz nümunəsi idi. Baxmayaraq ki, "Diqlas" ticarət mərkəzində baş verən hadisədə dövlət heç bir məsuliyyət daşımırdı. Ölkə Prezidentinin zərər çəkmiş sahibkarlara dövlət yardımının edilməsi ilə bağlı verdiyi tapşırıq çox mühüm əhəmiyyət kəsb etdi. Düşünürəm ki, faciə ilə üzləşən sahibkarların ilkin mərhələdə bu vəziyyətdən çıxması yolunda önəmli bir addım idi.
— Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə daha hansı addımlar atılmalıdır və qanunvericiliyə hansı dəyişikliklər etmək olar?
—Kölgə iqtisadiyyatı bütün ölkələrdə var və bunun səviyyəsini və yaxud da payını sıfır dərəcəyə çatdırmaq qeyri-mümkündür. Bütün ölkələr kölgə iqtisadiyyatının həddinin və yaxud iqtisadiyyatda payının maksimum azaldılmasını hədəfləyən proqram həyata keçirir. Bu proqramların əsas hədəfi iqtisadiyyatı daha çox şəffaflaşdırmaqdır. Kölgə iqtisadiyyatı ilkin mərhələdə insanlar üçün cəlbedici görünsə də, amma uzun müddətə baxanda sahibkarlığın inkişafı üçün çox mühüm bir əngəldir. Yəni həmin sahibkar subyekti böyüyə və yaxud investisiya cəlb edə bilmir və s.
Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə iki istiqamətdə mühüm işlər görülür. Birincisi, qanunvericilik bazasının təkmilləşdirilməsidir, yəni dövlətin icra mexanizmlərinin daha da təkmilləşməsi ilə bağlı görülən işlər. Bununla bağlı yanvarın 1-dən Vergilər Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi. Ölkə Prezidentinin sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı verdiyi çoxsaylı fərman və sərəncamlar mövcuddur. Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək tam dayandırılıb. Maliyyə resurslarına çıxış daha da artırılıb. İcra mexanizmlərində dəyişikliklərin əsas məqsədi sahibkarlıq mühitinin daha əlverişli olması, haqsız rəqabəti aradan qaldırmaqdır. Çünki bir çox hallarda haqsız rəqabət kölgə iqtisadiyyatının artırılmasına səbəb olur. Dünya Bankının 2018-ci ildə dərc etdiyi "Doing Business" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək dünyada biznes mühitinin əlverişliliyinə görə 25-ci yerdə qərarlaşması görülən tədbirlərin nəticəsidir.
İkinci mühüm istiqamət iqtisadi maarifləndirmədir. Şəffaflıq, uçotun aparılması, dövlət-sahibkar münasibətlərində qanun mexanizmlərinin işə düşməsi daha çox sahibkarların xeyrinədir. Məhz bu maarifləndirmə tədbirləri son nəticədə kölgə iqtisadiyyatının səviyyəsinin aşağı enməsinə səbəb olur.
2019-cu ilin birinci rübünün nəticələrinə baxsaq, büdcədə gəlirlərin artması, vergi yığımında əhəmiyyətli nəticələrin əldə olunması, gömrük yığımlarının proqnozlara uyğun yerinə yetirilməsi onu deməyə əsas verir ki, hər iki istiqamətdə aparılan işlər öz nəticəsini və effektini verməyə başlayıb. Dövlət başçısının sosial paketin tətbiqi ilə bağlı verdiyi son fərmanların maliyyə mənbələrindən biri də ölkədə şəffaflığın, gəlirliliyin artması və kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması nəticəsində büdcə gəlirlərinin artmasıdır. Kölgə iqtisadiyyatı ilə mübarizə 1-2 ilin işi deyil və bu proses daimidir, müvafiq mexanizmlər daim təkmilləşir. Eyni zamanda, maarifləndirmə sahəsində də kifayət qədər iş görmək vacibdir.
— Bəzi ekspertlərin fikrincə, Azərbaycan iqtisadiyyatı əlavə dəyər vergisindən (ƏDV) tədricən xilas olmalıdır və bu vergi digər vergilərlə əvəz edilməlidir. ƏDV-dən imtina etmək mümkündürmü?
— ƏDV ilk dəfə 1950-ci illərdə Fransada tətbiq olunmağa başlayıb. Bu gün Avropa İttifaqına üzv olmaq üçün istənilən halda hər bir ölkə ƏDV-ni tətbiq etmək mexanizminə sahib olmalıdır və bu, məcburidir. Bir çox dövlətlərin, məsələn, Fransanın dövlət büdcəsinin vergi gəlirlərində ƏDV-nin payı 45 faizə yaxındır. Bəzi ölkələrdə isə bu rəqəm azdır. Məsələn, Niderlandda bu göstərici 25 faizə yaxındır. Amma bütövlükdə ƏDV bu gün büdcənin gəlirlərinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanda ƏDV vergi yığımlarının, təxminən 50 faizindən bir az çoxdur. Yəni bu gün həm gömrük, həm vergi sahəsində ƏDV-nin yığım həcminə fikir versək, bu, bütövlükdə büdcə gəlirlərinin, təxminən 30 faizinə yaxındır. Bu, kifayət qədər böyük məbləğdir. Bu gün ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər tərəfdən onun mühüm bir sosial istiqaməti var. ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə əhalinin sosial qayğı ilə əhatə olunmasında ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə və bütövlükdə əhalinin maddi rifahının artırılmasına yönəlir. Yəni verginin əsas funksiyalarından da biri bundan ibarətdir.
Amma mən düşünürəm ki, istənilən halda ƏDV mexanizminin təkmilləşdirilməsi ilə bağlı işlər görmək mümkündür. Bu gün dünyada ƏDV-nin tətbiqi mexanizmi ilə bağlı diskussiyalar aparılır. Bir çox ölkələrdə ƏDV tətbiq olunmur. Məsələn, ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr zamanı bir çox hallarda ƏDV-nin müxtəlif dərəcələrinin tətbiqi ilə bağlı təkliflər də vermişdik. Biz də düşünürdük ki, bəzi sahələrdə, məsələn, tibb, təhsil, əhalinin ilkin ehtiyaclarının tələb olunduğu müəyyən sahələrdə ƏDV-nin dərəcəsinin aşağı salınması mümkündür.
Azərbaycanda bir çox məhsullar ƏDV-dən azad olunub. Məsələn, buğda və taxıl məhsulları idxalda ƏDV-dən azaddır. Bir çox hallarda bu azadolmalar əhalinin ilkin ehtiyacını ödəyən məhsulların qiymətinin aşağı olmasına səbəb olub. Amma təhlillər göstərir ki, ƏDV-nin dərəcələrində müxtəliflik tətbiq edən zaman iqtisadi cinayətlərin sayının səviyyəsi getdikcə artır. Çünki ƏDV elə bir vergidir ki, burada istənilən halda mexanizmin təkmil olması çox mühümdür. Mexanizm təkmil olmasa, yəni uçot düzgün qurulmasa, bu zaman ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar mövcud olur. Bu boşluqlarda inzibatçılığın səviyyəsinin aşağı olması bir çox hallarda bu verginin ödənilməməsinə, vergidən qaçmaya səbəb olur.
Digər bir yanaşma ƏDV-də müxtəlif dərəcələrin tətbiqi yox, bunun bütövlükdə aşağı salınması, amma azadolmaların aradan qaldırılmasından ibarətdir. Çünki burada əsas məqsəd inzibatçılığın daha şəffaf qurulmasıdır. Şəffaflığın artması son nəticədə ƏDV-nin bir çox məsələlər üzrə dərəcələrinin aşağı enməsinə səbəb ola biləcək. Bunun üçün əslində sistem hazır olmalıdır və sistemin hazır olması üçün şəffaflıq artmalıdır. Ölkəmizdə uçotluğun səviyyəsinin daha çox artması son nəticədə ƏDV sistemində islahatlar aparmağa şərait yaradacaq.
— Bankların verdikləri kreditlərin faizləri yüksəkdir. Bunu tənzimləmək mümkündürmü və faizləri aşağı salmaq olarmı?
— Bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır. Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər. Bu gün bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişaf etməsi üçün kredit portfelinin ümumi daxili məhsulda payı 60 faizdən yuxarı olmalıdır. Bu, o deməkdir ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli aşağıdır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahibkarlara daha çox iş görməyə imkan verməlidir.
Bu gün Avropa ölkələrində kredit faizləri bir neçə faizdirsə, bizdə bir çox hallarda 15 faizin üzərindədir. Böyük həcmdə fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri ilə üzləşir. Sahibkarlarımızın ucuz pul kütləsinə asan çıxışının olmaması rəqabətdə ciddi problemlər yarada bilir.
Amma məsələnin ikinci tərəfi var ki, hansı formada kredit faizlərini aşağı salmaq mümkündür. Çünki banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır. Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi, əhalinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhalinin qəbul olunan əmanətlərin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhalinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə təsir edəcək.
Amma digər tərəfdən bunu iqtisadi üsulları da var. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, əgər banklar yuxarı faizli kredit verilirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir.
Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı iqtisadi təsir mexanizmləri yaratmaq mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir.
— İl ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində hansı layihələrin hazırlanması nəzərdə tutulur?
— Bildiyiniz kimi, Milli Məclisin yaz və payız sessiyalarında komitələrin iş planı olur. Yaz sessiyası üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iş planında üç qanun layihəsi var. Bunlar standartlaşdırma, texniki tənzimləmə və kabel televiziya şəbəkəsinin tənzimləməsi ilə bağlıdır. Hər üç qanun layihəsinin müzakirə edilməsi gözlənilir.
Bununla yanaşı, iş planına daxil edilməyən, amma mövcud qanunlara dəyişikliklər etmək daimi apardığımız işlərdir. Cənab Prezidentin təşəbbüsü ilə müvafiq qanunlara edilmiş dəyişikliklərin müzakirəsi hər zaman aparılır. Son 1 il ərzində komitədə 180-ə yaxın qanun layihəsi müzakirə olunub və qəbul edilib.