CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın"

© Sputnik / Anar MustafayevSığrorta müqaviləsinin bağlanması, arxiv şəkli
Sığrorta müqaviləsinin bağlanması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəyal Məmmədxanlı: "Obyekt real dəyərinə yox, aşağı dəyərlə sığortalanır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Bir neçə gün öncə "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Külə dönən ticarət obyektində onlarla ticarətçinin malları yanıb. Həmin ticarətçilərə yüz minlərlə manat dəyərində ziyan dəyib. Zərərçəkmişlər yuxarı instansiyalardan onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. Ancaq araşdırma zamanı məlum olub ki, həmin zərərçəkmişlər öz mallarını zamanında sığorta etdirməyiblər.

Maraqlıdır, ümumiyyətlə ölkəmizdəki ticarət obyektləri sığortalanırmı? Sputnik Azərbaycan ölkənin tanınmış sığortaçıları ilə bu sualla cavab tapmağa çalışıb.

Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Diqlas"da fikir ayrılığı: Rəhbərlik "gözləyin" deyir, sahibkarlar kompensasiya istəyir

Sığorta eksperti Xəyal Məmmədxanlı deyib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa görə, hər bir ticarət obyekti sığortalanmalıdır: "Əksər ticarət obyektləri də sığorta olunur, amma buna formal sığortalanma demək olar. Yəni obyekt real dəyərinə yox, aşağı dəyərlə sığortalanır. Bunu da əllərində formal kağız olsun deyə edirlər. Axı aidiyyəti orqanlar onlardan sığorta sənədi tələb edir”.

“Tutaq ki, obyektin 10 milyon dəyəri var, bunun üçün sahibkar, təxminən, 15-20 min manat sığorta haqqı ödəməlidir. Ancaq sığorta şirkətinə deyir ki, sığorta üçün 1000 manat verə bilərəm. Bu da o deməkdir ki, həmin obyekt 10 milyon dəyərində yox, 500 min dəyərində sığortalanmış olur. Faciə baş verəndə də sığorta şirkəti onlara cüzi miqdarda pul ödəyir. Ona görə biz sığortaçılar hər zaman deyirik ki, əmlakı tam dəyərdə sığorta etmək lazımdır" – deyə o bildirib.

Sığorta eksperti qeyd edib ki, sahibkarlar ancaq obyekti sığortalayırlar, orada olan malları yox: “Bunu dükan sahibkarları etməlidir. Təbii ki, onlar da mallarını sığortalamır və ya sığortalamaq istəyəndə sənədlərdə problem yaranır. Könüllü sığorta üçün sığorta şirkəti malların rəsmi sənədini tələb edir. Ticarətçilər isə tam qiymətdə olan sənəd təqdim edə bilmirlər. Çünki malların vergisini az versinlər deyə real dəyərini gizlətməyi üstün tuturlar”.

Qəza sığortası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yollarda yaranan sürücü-sığorta problemi – Onu da həll etməyin üsulu var

X.Məmmədxanlı onu da vurğulayıb ki, heç bir ticarət obyektində normal yanğın təhlükəsizliyi standartları yoxdur. Bu da sığorta şirkətlərini narahat edən amillərdən biridir və sığorta edən zaman bunları nəzərə alırlar.

Sığorta eksperti Nicat Əlibəyli də deyib ki, sığorta şirkətləri obyektləri və malları sığortalamaqda maraqlıdırlar. Amma sığortalama prosesində müştərilər problem yaradır: “Onlar öz mallarının dəqiq siyahısını sığorta şirkətlərinə təqdim edə bilmirlər. Eyni zamanda obyektlərə baxış keçirən şirkət əməkdaşları oranın təhlükəsizlik sisteminin olmadığını və ya zəif olduğunu görərək riskə getmirlər. Axı sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın".

Ekspert qeyd edib ki, bir çox problemlər sahibkarların özləri ilə bağlıdır: "Onların dövriyyələri çox olsa da, malların qayda-qanun ilə siyahıları olmur. Heç sahibkarlar malları sənədləşdirməyə meylli də deyillər. Maarifləndirmə də çox zəifdir deyə sahibkarlara mallarını sığortalamaq maraqlı deyil”.

Xəbər lenti
0