BAKI, 30 mart — Sputnik. Xəbər verildiyi kimi, Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olub.
Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, görüş pozitiv və konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib. Onlar tənzimləmə prosesinin bir neçə əsas məsələlərinə və konkret ideyalara dair fikir mübadiləsi aparıblar. İki lider davamlı sülh üçün mühitin yaradılmasının və münaqişənin dinc həlli istiqamətində aparılan danışıqlar prosesində əməli addımlar atılmasının mühümlüyünü vurğulayıb.
Düşənbədəki danışıqları yada salan liderlər atəşkəsə və birbaşa kommunikasiya mexanizminə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər. Onlar habelə humanitar sahədə bir neçə tədbirin işlənməsi barədə razılığa gəliblər.
İlham Əliyev və Nikol Paşinyan xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməyi tapşırıblar. Onlar habelə öz aralarındakı birbaşa dialoqu davam etdirəcəklərini deyiblər.
Araşdırmaçılar belə hesab edirlər ki, ATƏT-in Minsk Qrupu həmsədrləri indiki vəziyyətdə münaqişəni danışıqlar yolu ilə həll edilməsi prosesinin dalana dirəndiyini anlayırlar. Çünki Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. Ona görə də, belə şəraitdə həmsədrlərin yeganə vəzifəsi bölgədə nisbi sabitliyin və atəşkəsin qorunmasını davam etdirməkdir. Həmsədrlər Vyana görüşü başa çatan kimi danışıqların davam etdirilməsi zəruriliyini vurğulayıblar.
Vyana görüşündən çıxan əsas nəticə budur ki, Ermənistanın baş naziri əvvəlki kimi danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır. Onun başlıca məqsədi mövcud status-kvonun saxnanılmasına nail olmaqdan ibarətdir. Paşinyan danışıqları sıfır nöqtəsinə qaytarmaq istəyir. Rəsmi Bakı münaqişənin tənzimlənməsi zamanı ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ ətrafındakı rayonların qısa zaman ərzində boşaldılmasını tələb edir. Vyana görüşündə bu problemlər öz həllini tapmadı.
Vyana görüşündən əvvəl Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirdi. Paşinyan böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahatdır. Hərbçilərlə siyasi elita arasında münasibətlər sistemində ciddi problemlər var. Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. İrəvandakı “Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Ermənistanın təmas xəttində nə qədər çox itkisi olarsa, bu, Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin səbəbi ola bilər.
Nikol Paşinyan danışıqlar formatının dəyişməsi ideyasından da əl çəkməyib. Təsadüfi deyil ki, Vyanada səfərindən öncə o separatçıları sakitləşdirmək üçün onların təmsilçisi Bako Saakyanla telefonla danışıb. Paşinyan Qarabağ separatçılarından və ölkəsindəki “Qarabağ klanından” ehtiyat edir. Təsadüfü deyil ki, Vyana görüşündən əvvəl atəşkəs pozuldu, hər iki tərəfdən itki oldu. Atəşkəsi birinci ermənilər pozdular və azərbaycanlı hərbçini şəhid etdilər. Görünən budur ki, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi zaman-zaman pozurlar.
Bu arada, Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib. “Amerikanın səsi” xəbər verir ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.
“Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür” – deyə Tonoyan sərsəm bəyanatla çıxış edib.
D.Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: “Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.
Tonoyanın bəyanatından da görünür ki, proses yaxın zamanlarda belə də davam edəcək. Deməli, Bakının savaş variantı barədə danışmaq hüququnu özündə saxlayır.
Ehtimal etmək olar ki, növbəti görüşə qədər bu proses davam edəcək. Yəni hər iki tərəf atəşkəsə əməl edəcək. Gələn aydakı görüş də nəticəsiz qalsa, Vyana görüşünün əhəmiyyəti itəcək. Hazırda iyunun sonundakı növbəti görüşü gözləməkdən başqa yol qalmır.
Qərb dövlətləri Cənubi Qafqazda müharibə olmasında maraqlı deyillər, sabitlik istəyirlər. Çünki regionda gərginlik onlara da sərf etmir. Enerji və digər resurslar burada mühüm rol oynayır. Amma Azərbaycanın enerji layihələrindən daha çox torpaqlarının işğaldan azad edilməsində israrlıdır. Qərbin hazırda problemləri çoxdur. Onsuz da İraq, Suriya və digər yerlərdə müharibə ocaqları var. Cənubi Qafqazda da bir müharibə ocağı yaransa, Qərb üçün asan olmayacaq. Azərbaycan və Ermənistan arasındakı müharibənin nə ilə nəticələnəcəyini indidən düşünmək elə də çətin deyil. Çünki bu proseslərdə Rusiyanın da marağı nəzərə alınacaq. Bu baxımdan Qərb müharibə istəmir və münaqişənin dondurulmasının tərəfdarıdır. Azərbaycana isə işğal edilmiş ərazilərini qaytarmaq lazımdır...