BAKI, 2 mart — Sputnik. Pakistan və Hindistan arasında qarşıdurma dərinləşir. İki ölkənin bir-birinin təyyarələrini vurması ilə bağlı Pakistan hökuməti Hindistanın səfiri Qaurav Ahluvaliyanı XİN-ə dəvət edərək, münaqişənin eskalasiyasına yol verməməyə çağırıb.
Pakistan XİN mətbuat katibi Məhəmməd Faysal bəyanatla çıxış edib. Hindistanın Kəşmiri ayıran nəzarət xəttində sərhəd pozuntularına yol verməsini qınayan Faysal tərəfləri gərginliyi zəiflətməyə çağırıb. Bəyanatda 2017-ci ildən bu yana sərhəd pozuntularının 1970-ə çatdığı, Hindistanın 2003-də imzalanan atəşkəs müqaviləsinin qaydalarına əməl etməli olduğu bildirilib.
Vurğulayaq ki, qarşıdurmanın əsas səbəbi isə müsəlman çoxluğun yaşadığı Kəşmir bölgəsidir. Cammu və Kəşmir ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.
Ekspertlər iki dövlət arasında növbəti müharibə ehtimalını yüksək qiymətləndirirlər. Bu qiymətləndirmənin kifayət qədər əsasları və tarixi kökləri var. Pakistan və Hindistan arasında Kəşmir üstündə artıq 1947-1949, 1965, 1972 və 1999-cu illərdə müharibə baş verib. Növbəti müharibənin baş vermə ehtimalı da bu baxımdan, ciddi qəbul edilməlidir. Ancaq növbəti bir müharibənin daha qanlı və amansız olacağı şübhəsizdir, çünki ötən illər ərzində ordularının arsenalına daha müasir və dağıdıcı silahlar daxil edilib. Əlavə edək ki, hər iki dövlət nüvə silahına malikdir.
Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər. İki dövlət arasında müharibə ehtimalının yüksək olduğu nəzərə alsaq, onların potensialını qiymətləndirmək lazım gəlir. Hindistan istər əhali sayının sayı (Hindistanda 1,2 milyard, Pakistanda 202 milyon), istər əsgər sayı (Hindistanda 4,2 milyon əsgər var, bunun 1,4 milyonu aktiv, 2,8 milyonu ehtiyatdadır. Pakistanda isə 919 min əsgər var, bunun 637 mini aktiv, 282 mini isə ehtiyatdadır), istərsə də hərbi büdcəsi (müvafiq olaraq, 51 və 7 milyard dollar) baxımından Pakistanı üstələyir. Bu üstünlük həm də hərbi hava, hərbi dəniz və quru güclərində də özünü göstərir.
Bütün qoşun növləri hər iki dövlətdə nüvə silahları ilə təchiz edilib. Burada isə üstünlük Pakistandadır. Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun məlumatlarına görə, Pakistanda 140-150, Hindistanda isə 130-140 nüvə silahı var. Əlavə olaraq, İslamabad Hindistan qüvvələrinə qarşı taktiki nüvə silahlardan istifadə doktrinası qəbul edib.
Üstünlük, əksər göstəricilərdə Hindistanın tərəfində olsa da, mümkün müharibənin nəticəsinə təsir edə biləcək digər faktorlar da var. Bunlardan biri, mübahisəli bölgə olan Kəşmirin Hindistanın tərkibindəki müsəlman çoxluğa malik ştat olmasıdır. Bundan başqa, Hindistanda 172 milyon müsəlman yaşayır. Bu baxımdan, analitiklər mümkün Pakistan-Hindistan müharibəsi zamanı Hindistanda vətəndaş müharibəsinin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.
Pakistan və Hindistan arasındakı münasibətlər bölgə münaqişəsi çərçivəsindən çıxır, çünki hər iki tərəfin nüvə silahı var. İslamabad birinci nüvə zərbəsi endirmək imkanından imtina etmir. Pakistan hökuməti ümid edir ki, bu, 1999-cu ildə Karqila bölgəsində sərhəddə silahlı münaqişənin gedişindəki kimi Dehlini genişmiqyaslı hücumdan çəkindirəcək. Yada salaq ki, İslamabad və Dehli bir il qabaq onlarda nüvə silahının olduğunu etiraf ediblər. Bu da onların arasındakı münasibəti avtomatik olaraq keyfiyyətcə yeni səviyyəyə keçirib.
Pakistanda Hindistanın adi silahlardakı üstünlüyünü unutmayıblar. Onu ilk nüvə zərbəsindən imtina doktrinasını imzalamamağa vadar edən əsas səbəb də bu olub. Hindistandan fərqli olaraq, Pakistanda nüvə silahı və çatdırılma vasitələri hərbçilərin tam nəzarətindədir və mülki hökumət onun işlədilməsinə heç cür təsir etmir. İstisna deyil ki, İslamabad adi silahlarla başlanacaq ciddi hərbi münaqişə halında hindlilərin üstün gəldiyini görərsə, onda hərbçilər nüvə silahı işlədə bilərlər. Bundan sonra durum nəzarətdən çıxar.
Hindistan və Pakistan arasında savaşda qonşu ölkələr də maraqlı deyil. Lakin İran Dehlini birmənalı dəstəkləyib. Rusiyaya gəlincə, Moskva son zamanlar fəal münasibət qurmağa başladığı həm İslamabadla, həm də ənənəvi müttəfiqi Dehli ilə qarşıdurmaya getməmək üçün manevr etməli olur.
Rusiyanın, bir yandan, Hindistanın Kəşmirdə terrorizmi məhv etmək istəyini dəstəkləməməsi qeyri-ardıcıl, hətta cəfəngiyyat olacaq. O biri yandan, Rusiya diplomatiyası, deyək ki, Tehran kimi İslamabadı birbaşa terroru dəstəkdə ittiham etməyi özünə rəva görə bilməz. Çünki bu birgə hərbi təlimlərin keçirilməsi daxil olmaqla, çətinliklə yoluna qoyulmuş münasibətlərin pozulmasına gətirər.
Maraqlıdır ki, Pakistanın bölgədə baş verən proseslərdə xüsusi yeri var. Bu ölkə olmasa, Əfqanıstan böhranını tənzimləmək çətin olacaq. Bu arada, Rusiya Əfqanıstandakı sabitlik üçün ABŞ-dan az maraqlı deyil. İslamabadın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa marağı da göz qabağındadır. Moskva İslamabad üçün Pekinin hədsiz nüfuzuna qarşı əks-tarazlıqdır.
Bir sözlə, Pakistan – Hindistan savaşı başlayarsa, bölgə xaosa sürüklənə bilər. Belə bir xaos bütün dünyanın dəngələrini dəyişmək gücündədir. Belə gərginlikdə isə heç kəs maraqlı deyil...