Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Erməni cəmiyyətinin fikrini nəzərə almadan həyata keçirilə biləcək bir sıra məqamlar var və burada belə bir sual ortaya çıxır ki, erməni baş nazir Nikol Paşinyan iki xalqın yaxınlaşmasının informasiya təminatında özünün etimad kreditinin bir hissəsini sərf etməyə nə dərəcədə hazırdır? Bunu Sputnik Azərbaycan-a Rusiya Elmlər Akademiyasının iqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işçi səfərdədir.
Karavayevin sözlərinə görə, İlham Əliyevin Davosdakı işçi gündəliyində əsasən müntəzəm olaraq keçirdiyi görüşlər nəzərdə tutulub. O, davamlı olaraq Davosu ziyarət edir və orada onun daimi ünsiyyət qurduğu dairələrlə görüşür. Hər şeydən əvvəl, əlbəttə ki, o, LUKOYL, BP, Total kimi neft-qaz şirkətlərinin başçıları ilə görüşərək bu sahədə qiymətləndirməni və investisiyalar bazarını müzakirə edir. Eyni zamanda, ənənəvi olaraq iri bankirlərlə və Dünya Bankının nümayəndələri ilə görüşlər keçirir.
Davosda keçirilən Dünya İqtisadi Forumunun bu ilki mövzusu "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması"dır.
Ekspertin dediyinə görə, son illərdə yüksək texnologiyalar sənayesinin liderləri (Microsoft, CISCO və s.) ilə də görüşlər keçirilir ki, bu da çox vacibdir. Çünki bu şirkətlər dünya iqtisadiyyatına rəqəmsal texnologiyaların tətbiqi ilə əlaqədar dördüncü sənaye inqilabının texnoloji gündəmini təşkil edirlər.
Davos forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş də keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Sputnik həmsöhbətinin fikrincə, Əliyevin Davos forumunda yeni keyfiyyətdə ilk dəfə iştirak edən Paşinyanla görüşü sıradan bir hadisə deyil. Politoloq ona görə bu fikirdədir ki, Ermənistan rəhbərliyi bu forumun nadir qonaqlarındandır. Bunun hansı səbəbdən belə olduğunu demək çətindir. Ola bilsin, Ermənistanın əvvəlki rəhbərliyi bu forumda iştirak etməkdə bir məna görməyib və sadəcə, ora nümayəndə heyəti göndərməklə kifayətlənib. Onları nazir səviyyəsində təmsilçilik qane edib.
"Paşinyan Davosa özü gedib və orada Azərbaycan prezidenti ilə görüşüb. Bu, əlbəttə qeyri-adi hadisədir. Mən son onilliklərdə Azərbaycan və Ermənistan liderlərinin bu forum çərçivəsində görüş keçirdiyini xatırlamıram" - deyə politoloq bildirib. O, əlavə edib ki, dövlət başçılarının belə qeyri-formal görüşü xarici işlər nazirlərinin Parisdə keçirilən görüşündən az sonra baş tutub. Deyilənə görə, tərəflər arasında Qarabağ məsələsi ilə bağlı məsləhətləşmələr kifayət qədər intensiv gedir. Bunun özü də özlüyündə qeyri-adidir.
Ekspertin sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, Paşinyanla aparılan bu dialoqda aparıcı şəxs Əliyev olub. Erməni baş nazir üçün bu səfər ilkdir. Halbuki Azərbaycan prezidenti həmişə foruma qatılır və Davos gündəmindən çox yaxşı baş çıxarır. Və istisna deyil ki, o, Paşinyana "əgər razılıq əldə olunsa və tələblər yerinə yetirilsə, Azərbaycan Dağlıq Qarabağın ərazisinin də inkişafına investisiyalar cəlb edə bilər" eyhamını edib.
"Özü də Azərbaycan prezidenti özü müsahibələrinin birində deyib ki, "Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük" - deyə Sputnik-in həmsöhbəti xatırladıb.
Karavayev hesab edir ki, danışıqlar bu səpkidə gedə bilər: "Bax, burada dünyanın nəhəng şirkətlərinin liderləri, əsas investorlar toplaşıb. Onlar Azərbaycan və Ermənistan liderləri ilə razılığa gələ, hər hansı bir investisiya layihəsini həyata keçirə bilərlər. Yaxud sadəcə kommunikasiyanın inkişafına iqtisadi cəhətdən kömək edə, sərhədyanı ticarətə, infrastrukturlara və ya digər əlaqədar sahələrə sərmayə qoyuluşu baxımından öz yardımlarını təklif edə bilərlər".
"Bir sıra məqamlar var ki, onları ictimai rəyi nəzərə almadan etmək mümkündür. Burada əsas məsələ odur ki, erməni baş nazir Nikol Paşinyan iki xalqın yaxınlaşmasının informasiya təminatında özünün etimad kreditinin bir hissəsini sərf etməyə nə dərəcədə hazırdır?" - deyə politoloq bildirib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin daha əvvəl Parisdə keçirdiyi görüşdə hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanmasının zəruriliyi ifadə olunub.
Ekspert hesab edir ki, erməni ictimaiyyətinə balansın Azərbaycanın xeyrinə dəyişməsinin, işğal altındakı Azərbaycan torpaqlarının inkişafına yönəlmiş müxtəlif sülh sxemlərinin həyata keçirilməsinin nə üçün vacib olduğunu izah etmək lazımdır. Onları inandırmaq lazımdır ki, bütün bunlar indiyə qədər olanlardan daha yaxşıdır.
Politoloqun fikrincə, işğal olunmuş ərazilərin geri qaytarılması ilə əlaqədar həyata keçirilən tədbirlərin irəliləməsinin ictimai təşəbbüslərlə heç bir əlaqəsi olmayacaq:"Axı bu ki Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendum deyil. Burada təsərrüfat fəaliyyətinin necə aparılacağı, blokada rejimindən necə uzaqlaşmaq lazım gəldiyi, erməni tərəfinin iqtisadi fəaliyyətinin kilidini açmağa Azərbaycanın nə qədər hazır olacağı barədə suallar da var".
"Ermənistanın bu prosesə necə gedəcəyini başa düşmək üçün birinci şəxslər səviyyəsində uzun məsləhətləşmələr tələb olunur. Bu, artıq Ermənistanın öz daxili siyasətinə və Paşinyanın bu istiqamətdə hansı addımları atmaq qabiliyyətinə malik olduğuna bağlıdır. Və burada Azərbaycan istəsə də Paşinyana heç bir kömək edə bilməz" - deyə ekspert əlavə edib.