BAKI, 10 yanvar — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a DBX-nin mətbuat xidmətin məlumat verilib.
Məlumata görə, bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Gürcüstan Respublikasında insanlar arasında "donuz qripi"nin (A-H1N1 tipi) sürətlə yayılma və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır.
Belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.
Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən başa vurduğumuz 2018-ci il ərzində iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda qarayara iri və xırdabuynuzlu heyvanlarda dabaq, sahibli itdə quduzluq, qoyunlarda çiçək, iri və xırdabuynuzlu heyvanlarda brusellyoz, iribuynuzlu heyvanlarda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı "H" və "lasota" vaksinləri ilə profilaktik peyvəndləmə tədbirləri aparılaraq epizootoloji sabitlik qorunub saxlanılıb.
Hazırda Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, "soyuq zəncir" rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.