BAKI, 9 yanvar — Sputnik. Gürcüstanda donuz qripi ilə bağlı məktəb və uşaq bağçalarına müvafiq məsləhətlər verilib. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin elmi rəhbəri Paat İmnadze məlumat verib.
Xatırladaq ki, hazırda Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri virusa yoluxub. Xəstəliyin epidemiyası hesab edilməsi üçün isə əhalinin hər 100 min nəfərindən 450-500 nəfəri xəstəliyə yoluxmuş olmalıdır.
İmnadze qeyd edib ki, bu həftə qripə yoluxanların sayı azalıb.
Ekspertlərin fikrincə, bu mövsüm insanlar üçün təhlükə mənbəyinə çevrilib.
"Mənə elə gəlir ki, insanların qorxudulması üçün məqsədyönlü şəkildə iş görülür. Sanki qrip ilk dəfədir ki, bizdə olur. Minlərlə insan xəstələnir, təəssüflər olsun ki, qurbanlar da var. Bu ağır statistikadır. Biz adətən bunu ictimailəşdirmirik, amma buna məcbur idik" – deyə İmnadze bildirib.
Onun sözlərinə görə, qripin təkcə Gürcüstanda yayılması haqqında informasiyalar həqiqəti əks etdirmir: "Ötən il ABŞ-da H1N1 virusu yayılan zaman 80 min insan həyatını itirib".
Qripə qarşı peyvəndə gəldikdə isə İmnadze qeyd edib ki, onu indi də etmək olar, amma bədəndə qripə qarşı immunitet iki həftədən sonra yaranır: "Başqa peyvəndlərdən fərqli olaraq qrip peyvəndi xəstəlikdən tamamilə qorumur. Peyvənd vurulan insanların 30 faizi xəstəliyə yoluxur, amma fəsadlar yaranmır".
2018-ci ilin oktyabr-noyabr aylarında risk qrupuna daxil 41 min, özəl sektorda çalışan 15 min insan qripə qarşı peyvənd edilib.
Xəstəliyi keçirənlər bu virusa qarşı güclü immunitet qazanır və virusun bu formasına daha sonra yoluxmur. Ola bilər ki, o virusun başqa variantı ilə xəstələnsin.
Qeyd edək ki, son məlumatlara görə, Gürcüstanda 13 nəfər qrip virusundan dünyasını dəyişib.