BAKI, 9 yanvar — Sputnik. Gürcüstanda qrip virusuna qarşı "Tamiflyu" preparatını bazar günündən etibarən Tbilisinin 4 böyük apteklər şəbəkəsindən almaq mümkün olacaq.
Sputnik Gürcüstan xəbər verir ki, preparatın konkret olaraq hansı aptekdən alınması müəyyən etmək üçün vətəndaşlar Gürcüstan Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etməlidir.
Nazirliyin fövqəladə vəziyyətlərin koordinasiya mərkəzinin direktor müavini Devid Torua jurnalistlərə açıqlamasında bildirib ki, keçən həftə apteklərdə dərman çatışmazlığı müşahidə edildiyinə görə, bu həftə nazirlik öz şəxsi bazasından 800 qutu dərmanı apteklərə verib.
Toruanın sözlərinə görə, apteklərdə satılan dərmanlar evdə müalicə alan şəxslər üçün nəzərdə tutulub. Xəstəxana şəraitində müalicə alanlar üçün dərman çatışmazlığı problemi yaşanmır.
"Bununla yanaşı nazirlik hamilələr, təqaüdçülər və əhalinin sosial cəhətdən qorunmayan təbəqəsinə dərmanları pulsuz verir" – deyə Torua bildirib.
"Tamiflyu" yanvarın 10-da yenidən ölkəyə gətirləcək. Qeyd edək ki, dərman ancaq həkim təyinatı ilə qəbul edilə bilər.
Xatırladaq ki, hazırda Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri virusa yoluxub. Hər 100 min nəfərdən 450-500 nəfər qripə yoluxarsa, xəstəlik epidemiya hesab edilə bilər.
"Donuz qripi" kimi tanınan H1N1 xəstəliyinə yoluxma ilə bağlı 158 fakt öz təsdiqini tapıb. Yoluxanlardan 10 nəfər həyatını itirib.