BAKI, 7 yanvar — Sputnik. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, sərlövhədəki "kimlik" sözü yanlış anlaşılmasın. Burda söhbət uşağın hansı nəsilə mənsub olmasından, yaxud gələcəkdə hansı peşəyə yiyələnməsindən getmir. İnsanın kimliyi ümumilikdə çox geniş anlayışdır.
Burada fərdin irqi və milli mənsubiyyəti, cinsi və cinsi orientasiyası, doğulduğu və böyüdüyü ölkə, təhsili, peşəsi və digər amillər rol oynayır. Bu gün ölkəmizdə böyüyən uşaqların gələcək kimliyi haqqında heç bir təsəvvür yaratmaq olmur. Bunun bir sıra səbəbləri var.
Nə vaxtsa bir jurnalist mənə cizgi filmləri ilə bağlı sual versə, güman ki, bu sualı ya cavablandırmaram, ya da qısaca "bu barədə anlayışım yoxdur" deyərəm. Mən heç vaxt cizgi filmlərini sevməmişəm və izləməmişəm.
Bircə onu xatırlayıram ki, əsrin ilkin illərində Azərbaycan Televiziyasında bir cizgi filmi yayımlanırdı. Möhtəşəm musiqisi vardı. Sözləri təxminən belə idi: "gəlin Şəhrizad, nağıl çağırır, qanadlarında bizi aparır". Melodiyası olduğu kimi, sözləri isə qırıq-qırıq hələ də yadımdadır. Həmin cizgi filmi başlayanda sadəcə bu mahnını dinləyib, sonra öz dünyama qapılırdım. Musiqisini bu qədər sevməyimə rəğmən, heç o cizgi filmini də izləmirdim.
Lakin bundan əminəm ki, müasir uşaqların keyfiyyətli yerli cizgi filmlərinə hava-su kimi ehtiyacı var. Sual yarana bilər ki, ehtiyac varsa, mən niyə izləməmişəm? Mən cizgi filmlərini izləməsəm də, mənə Azərbaycan və dünya nağıllarının cild-cild kitablarını oxutduran müəllim nənəm vardı və cizgi filmlərindən öyrənəcəyim bütün lazımlı məlumatların min qat artığını o kitablardan öyrənirdim.
Təəssüf, müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, müasir uşaqlar nəinki nağıl kitablarını oxumurlar, heç rəngini də görməyiblər. Bəs bu uşaqlar nə ilə məşğuldurlar?
Yerli cizgi filmləri yox səviyyəsindədir. Telekanallarda müəyyən qısa vaxtlarda xarici cizgi filmləri dublyaj olunaraq yayımlanır. Bu cizgi filmləri həm çox qısa olur, həm də elə keyfiyyətsiz səsləndirilir ki, körpə uşaq da inanmır. Nəticədə uşaq öz dünyasını rəngləndirmək üçün, öyrənmək ehtiyacını ödəmək üçün üz tutur Türkiya telekanallarında yayımlanan cizgi filmlərinə. Bunların içində gün ərzində yalnız cizgi filmləri yayımlayan uşaq telekanalları da var.
Uşaqlarımızın ağ vərəq kimi təmiz yaddaşına, körpə hafizəsinə onların mənsub olduğu mühitə, coğrafiyaya yad informasiyalar toplanır. O günlərdə gördüm ki, iki uşaq hansısa türk telekanalında cizgi filmi izləyir. Filmdə hamburgerin, pendirli tostun, pizzanın və digər bu kimi qidaların hazırlanma qaydası izah olunur. Axı bu uşaq öz mühitində hamburger yemir.
Biz uşaqlarımıza "fasd food" olaraq çörəkarası kərə yağı, qaymaq, qatılaşdırılmış süd, yaxud pomidor-xiyar, qızardılmış kartof, kotlet və s. qidalar veririk. Bir uşaq hər gün yediyi kotletin, borşun, plovun, düşbərənin, xəngəlin necə hazırlandığını bilmədən, pizzanın necə hazırlandığını bilməklə nə qazanacaq? Axı bu uşaq yeniyetmə yaşlarına çatıb evdə tək qalanda özünə pizza, suşi hazırlamayacaq. Onun məişətinin imkanları kotletə, qızardılmış kartofa, bozbaşa çatır.
Bu, ən xırda misaldır. Hal-hazırda azərbaycanlı uşaqların izlədiyi xarici cizgi filmləri onlara heç bir fayda vermir. Əksinə, beyinləri lazımsız informasiyalarla yüklənir. Üstəlik, bu filmləri azərbaycandilli ailələrin uşaqları türk dilində, rusdilli ailələrin uşaqları rus dilində izləyir. Nəticədə, şəxsiyyət vəsiqəsinə Azərbaycan vətəndaşı yazılan uşaq bu ölkənin dilinə də, məişətinə də yad böyüyür. İndi fikirləşək: bu uşaq kimdir?
Vətəndaşlığı Azərbaycan, bildiyi dil ya Türkiyə türkcəsi, ya da rus dili, öyrəndiyi məişət bilgiləri Avropa-Amerika mühitinə məxsus... Bəs uşaq hanı? Hardadır? Nədir bu uşağın gələcəklə bağlı təsəvvürləri? Bu uşaq böyüyüb bu ölkədən Amerikaya, Avropaya, Rusiyaya, Türkiyəyə getmək istəyəndə niyə qınanılır? Axı vətənə daş etdiyiniz bu körpələrə bu vətənə dair heç bir şey öyrətmədiniz.
Hər gün səhər məktəbin həyətində himn oxutdurmaqla, tədbirdən-tədbirə bir-iki pafoslu vətən şeiri əzbərlətməklə şəxsiyyət yetişdirmək olmaz. Bu qədər telekanallar, teleradio şurası, kinostudiya və saymaqla bitməyən dövlət qurumları nəyə baxır? Nə üçün işləyib pul alır bu adamlar?
Uşaqlarımızın şəxsiyyətində ikilənmə, üçlənmə baş verib. Onlar cismən bu mühitin, ruhən özgə mühitin adamları kimi yetişir. Söhbət ənənəvi fikirlərdən, milli dəyərlərdən getmir. Uşağa onun hər gün gördüyü və yaşadığı hadisələrin, yediyi və geyindiyi nəsnələrin izahı lazımdır. Digərlərini böydükcə, oxuduqca və gəzdikcə öyrənəcək.
Bu bölünmüş, parçalanmış, pərən-pərən olmuş körpə nəslin gələcəyi yaxşı görünmür. Belə davam edərsə, bu uşaqlar ömürlərinin sonuna qədər özlərini, kimliklərini tapmadan, bilmədən, avara-sərgərdan yaşayacaqlar. Əgər onlar bizim gələcəyimizdirsə, məsul olan dövlət qurumlarından, səlahiyyətli şəxslərdən bunun hesabı alınmalıdır.