BAKI, 21 dekabr — Sputnik. Azərbaycan dublyajı iki yerə ayrılır: çox yaxşı dublajlar və çox pis dublyajlar. Bu ikisinin arasında, ortabab bir iş yoxdur. Meşədə bar verən ağacların az olduğu kimi, bu iki qrup arasında da yaxşı olanlar, təəssüf ki, azdır.
Son 30 ildə Azərbaycan dilində səsləndirilən saysız-hesabsız xarici filmlərin nə dərəcədə uğurlu alınmasında o filmin milli mənsubiyyəti mühüm rol oynayır. Yerli dublyajımız Avropa və Amerika filmlərində nə qədər uğursuz, nə qədər bərbad alındısa, rus və fars-ərəb filmlərində o qədər yaxşı alındı.
Uzun müddət bunun səbəbi barədə düşünəndən sonra belə qərara gəldim ki, rus filmlərinin Azərbaycanda yaxşı səsləndirilməsinin iki mühüm səbəbi var: birincisi, bugünkü Azərbaycan aktyorlarının böyük bir qismi rus kino-teatr məktəbi görüblər və gənc aktyor-aktrisalarımız da onların tələbələridir; ikincisi, iki əsrə yaxın ruslarla eyni "çətir altında" yaşadığımız üçün onların səs, intonasiya, mimika və jestlərini yaxşı bilirik.
Fars-ərəb filmlərinin səsləndirmədə yaxşı alınmasının səbəbi isə yəqin ki, hamınıza məlumdur: Şərq mədəniyyəti, İslamın üstünlük təşkil etdiyi coğrafiya, bənzər yaşam şəraitləri və s. Məsələn, dublyaj tariximizdə İran istehsalı olan "Həzrəti Yusif" serialı qədər möhtəşəm səsləndirmə olmayıb, bundan sonra da çətin ki, ola. İlham Əsgərov, Elşən Rüstəmov, Kazım Abdullayev, Həmidə Ömərova, Natəvan Qeybani və başqa aktyorların ustalığı ilə ərsəyə gələn səsləndirmə dublyaj tariximizin bütün dönəmləri üçün bənzəri olmayan zirvədir.
Türkiyə istehsalı olan və orjinalı Türkiyə türkcəsi ilə səslənən filmlərin Azərbaycan türkcəsinə dublaj olunması son dönəmlər dəb halını alıb. Bu barədə səlahiyyətli qurumlardan hansısa tapşırığın olub-olmaması haqqında məlumatım yoxdur.
Əgər aidiyyəti qurumlar televiziyalara hansısa filmin türk dilindən türk dilinə tərcümə olunmasını tapşırıblarsa, deməli, onlar aidiyyəti qurum deyillər. Bu cür əhəmiyyətsiz, məzmunsuz və gülünc qərarı alan qurumun sənətə heç bir aidiyyəti ola bilməz.
Bu qərar televiziyaların daxili qərarıdırsa, bunu hansı məqsədlə etdiklərinə dair sual yaranır. Bir telekanalın cəmiyyət tərəfindən anlaşılan dilin tərcüməsinə, dublyajına pul xərcləmək marağında olması inandırıcı görünmür. Nəticədə televiziya incəsənət deyil, biznesdir.
Yerli aktyor və aktrisalarımız türk filmlərinə asanlıqla çəkilə bilmək üçün Türkiyə türkcəsində düzgün danışmağa can atarkən, yerli rejissorlarımız Türkiyədə film çəkmək üçün gecə-gündüz çalışarkən, yerli müğənnilərimiz Türkiyə türkcəsində mahnılar yazıb-oxuyub, kliplər çəkdirərkən, onların filmlərinin dublyajına nə ehtiyac var?
Yoxsa televiziya biznesmenləri bu kütləvi başqalaşmanın, özənmənin, köçün qisasını almaq eşqinə düşüblər? Elədirsə, düzgün seçim deyil. Bu sənət adamlarına bu ölkədə böyük bir səhnə, azadlıq və rahatlıq verilsəydi, onlar öz dillərində yazıb-yaratmağa qadir idilər. Əvvəlcə, onların bütün yaradıcı potensialını sərhədləyib, sonra onların başqalaşmasına, qaçmasına yanmaq ikiüzlülükdür.
Bu gün Azərbaycan cəmiyyətinin hər fərdi Türkiyə türkcəsində danışmağa çalışır. Camaatımız Azərbaycan türkcəsində danışarkən, hansısa sözü unudub, Türkiyə türkcəsindəki qarşılığından istifadə edir. Sovet adamları eyni prosesi rus dili ilə yaşayırdılar.
Bu gün onların rusdilli nəvə-nəticələri də öz dilində danışa bilmirlər. Bütün bunların qarşısı alınmazkən və alınmasına dair heç bir cəhd edilməzkən, o filmləri dublyaj etmək hansı məntiqə sığır?
Bir yolu ya gedərsən, ya getməzsən. O yolda get-gəl edirsənsə, olduğun yerdə sayırsan demək. Atın maskalarınızı. Rahat-rahat ürəyiniz nə istəyirsə, edin. Nədən narahatsınız?