BAKI, 30 noyabr — Sputnik. Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəldi. Namizədliyi hakim "Gürcü arzusu" Partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini topladı.
Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyasi mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Tiflisdəki səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin fərmanı ilə ölkənin xarici işlər naziri təyin edilib. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılıb və o vaxtdan da Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.
Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyildi. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.
Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas missiyasından biri danışıq prosesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir.
Seçkilər bitən kimi Zurabişvili Kreml əleyhinə bəyanatla çıxış etdi: “Rusiya özünü indiki kimi apardıqca, bizim əməkdaşlığa gedə biləcəyimizi düşünmürəm".
Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, onlar da kənarda qalmayacaq.
Beləliklə, Zurabişvili faktiki olaraq, Saakaşvili üzərində qələbə qazandı. Bundan sonra proseslər necə inkişaf edəcək? Qarşıdan parlament seçkiləri gəlir və ehtimal etmək olar ki, müxalifət indiki məğlubiyyətin əvəzini məhz bu seçkilərdə çıxmağa çalışacaq. Təbii ki, burada Zurabişvilinin rolu böyük olacaq. Prezident daxili siyasi proseslərdə tənzimləyici rol oynayır.
Salome Zurabişvilinin qələbəsinin Gürcüstan siyasi sisteminin qurulmasına təsirinə gəlincə, hər şeyin baş nazir və prezident əlaqələrindən asılı olacağını ehtimal edə bilərik. Gürcüstan siyasi sistemində son illər İvanişvili faktoru əsas rol oynayıb. Onun pulları olmasayadı, Gürcüstan hakimiyyəti məğlub ola bilərdi. İvanişvili açıq müstəvidə oynayan siyasətçi olmasa da, kölgədən fəaliyyət göstərirdi.
Burada bir nüansa diqqət yetirək. Zurabişvili seçki təbliğatı zamanı Türkiyə əleyhinə fikirlər səsləndirib və Cavaxetiya ermənilərinin hərəkətlərinə bəraət qazandırıb. Zurabişvili ermənilərə vəd verib ki, “Saakaşvilinin vaxtında sizə vətəndaşlıq vermirdilər, mən gəlib bu məsələni həll edəcəm”. Elə buna görə də Gürcüstanda yaşayan azərbaycanlılar seçkidə ona az səs verib.
Bütün bunlara baxmayaraq, Zurabişvilinin qələbəsi Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi təsir göstərməyəcək. Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir.
Gürcüstanda vətəndaş qarşıdurması yaşana bilərmi? Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-də keçirilmiş prezident seçkisinin nəticələrini tanımadığını bəyan edərək, erkən parlament seçkilərinin keçirilməsini tələb edir. Bu barədə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze tərəfdarları qarşısında çıxış edərkən bəyan edib. Birləşmiş müxalifətin prezidentliyə namizədindən öncə seçkinin nəticəsinin tanınmaması tələbi ilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çıxış etmişdi. Bazar günü Tbilisinin Rustaveli prospektində ilk etiraz aksiyası keçirəcəyini bəyan edən müxalifət təslim olmaq niyyətində olmadığını aydın nümayiş etdirdir. Bəzi araşdırmaçıların fikrincə, Gürcüstanda da proseslər Ermənistanda baş verən inqilab ssenarisinə uyğun baş verə bilər.
Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq ən çox Azərbaycanın maraqlarına uyğun deyil. Gürcüstandan strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tbilisi-Qars) keçir. Bu gün Zurabişviliyə qarşı olan şəxslər öz ətrafında narazı elektoratı birləşdirməyə cəhd edəcək. Bundan əlavə, birmənalıdır ki, müəyyən hadisələrdən sonra hələ də boş qalan müxalifət lideri postu uğrunda mübarizə başlayacaq. Gürcüstanda xeyli sayda parlaq müxalif liderlər olmasına baxmayaraq hələlik ölkədə onları birləşdirəcək lider yoxdur. Saakaşviliyə də münasibət birmənalı deyil. Həm müxalifət, həm də hakimiyyət seçkilərdən sonra parlament seçkilərinə hazırlaşacaq. Məhz parlament seçkiləri Gürcüstanın taleyini həll edəcək . Gürcüstanda artıq "narıncı inqilab" resursunu tükənib və proseslərin küçə və meydanlarda deyil, seçki məntələrində həll ediləcəyi ehtimalı daha böyükdür. Lakin gürcülər qeyri-standart gedişləri sevirlər və nələrin yaşanacağını indidən söyləmək çətindir...