Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ATƏT-in Minsk Qrupu getsin, bəs yerinə kim gəlsin...

© AFP 2024 / MICHAEL MAINVILLE Dağıdılmış Şuşa məscidi, arxiv şəkli
Dağıdılmış Şuşa məscidi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Minsk Qrupu gələcəkdə də vasitəçilik missiyasında da uğur qazana bilməyəcək

Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın ABŞ, Fransadan və Rusiyaya səfəri Bakıda narazılıqla qarşılanıb. Azərbaycan XİN-in verdiyi açıqlamalarda Bakı bu səfərə öz kəskin etirazını bildirib.

Əlbəttə ki, Saakyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin təmsil edildiyi ölkələrə səfərini erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirmək mümkündür. Unutmaq olmaz ki, ABŞ-da erməni lobbisi güclüdür. Rusiyada da ermənilər mühüm postlarda əyləşiblər. Digər tərəfdən, Ermənistandan kənarda ermənilər ən çox Rusiya ərazisində yaşayır. Rəsmi rəqəmlərdə bir milyon yarım göstərilsə də, qeyri-rəsmi mənbələr onların sayının bir neçə milyon olduğunu təxmin edir. Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Müxtəlif mənbələrdə ABŞ-da 800.000 ilə 1.500.000 arasında erməni əsilli insanın yaşadığı göstərilir. Fransada 250-750 min arasında erməni mənşəli insanın yaşadığını təxmin edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko  - Sputnik Azərbaycan
YAZARLAR
Minsk və Aşqabad səfərlərinin mümkün nəticələri

Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir, savaş variantı da bölgə üçün risklidir. Belə olan halda rəsmi Bakı status-kvonu dəyişdirmək və beynəlxalq aləmin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmək üçün qeyri-standart addım haqqında düşünə bilər. Belə bir addım rəsmi Bakının ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməsi variantıdır. Bəllidir ki, ATƏT Minsk Qrupu təsir mexanizmlərinə malik deyil. Qrupun arqumenti bundan ibarətdir ki, tərəflər könüllülük əsasında razılaşmaya gəlməlidirlər, onlar bu işə yalnız kömək edə bilərlər.

Bütün bunlar o deməkdir ki, Minsk Qrupu gələcəkdə də vasitəçilik missiyasında da uğur qazana bilməyəcək. Bu isə status-kvonun davamı deməkdir. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, rəsmi Bakının status-kvodan qurtulmağının bir yolu da Minsk Qrupundan imtinadır. Odur ki, sual yaranır - rəsmi Bakı Minsk Qrupundan imtina edərsə, bu, Azərbaycan üçün hansı yeni imkanlar yarada bilər?

Azərbaycanın Minsk Qrupundan imtinası Bakının vasitəçilik məsələsində ATƏT-dən imtinası anlamına gəlir. Rəsmi Bakı hər zaman Dağlıq Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq istədikdə bu təşkilat mövzunun müzakirəsini bir arqumentlə rədd edir - Qarabağ məsələsi ilə ATƏT məşğul olur, biz bu məsələyə qarışa bilmərik. Belə bir fikir mövcuddur ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupundan imtina edərsə, BMT Dağlıq Qarabağ probleminə diqqət yetirmək məcburiyyətində qalacaq. Bu isə nəzəri olaraq BMT-də işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul olunan 4 qətnamənin də gündəmə gətirilməsinə şərait yarada bilər.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
TƏHLİL
Dünya iki antaqonist ideologiyanın məngənəsində: Silahsız müharibənin "ayaq səsləri" gəlir

Əlbəttə, bu o demək deyil ki, münaqişənin həlli ilə BMT məşğul olacaq. Ancaq rəsmi Bakının ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtinası ən azı beynəlxalq aləmə siqnal ola bilər ki, Azərbaycan mövcud vəziyyətlə barışmır və işğal altındakı torpaqlarının boşaldılmasını tələb edir. BMT və ATƏT bölgədə müharibə istəmirlər, ona görə də Minsk Qrupunun əvəzinə başqa formatı müzakirə etmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, rəsmi Bakının Minsk Qrupundan imtinası başqa formatın axtarışına yol açacaq. Yeni vasitəçiyə və ya vasitəçilərə ehtiyac yaranacaq. Onsuz da ABŞ və Fransa illərdir fəal vasitəçilik missiyası həyata keçirmirlər, bütün təşəbbüs Rusiyanın əlindədir. Bakı Türkiyənin vasitəçilər sırasına qatılmasını istəyir. Bu varianta İrəvan etiraz edir. Lakin əgər Kreml Ankara ilə anlaşarsa, Moskva İrəvana təzyiq edib bu prosesə Türkiyənin qatılmasına şərait yarada bilər. Türkiyənin vasitəçilik prosesinə qoşulması Azərbaycanla yanaşı Rusiya və Ermənistanın da xeyrinədir. Çünki Ankara Vaşinqton və Avropa Birliyi ölkələrindən fərqli olaraq Rusiya ilə sıx münasibətlərə malikdir və Moskvanın bölgədəki maraqlarını nəzərə alır. Digər tərəfdən, Ermənistan üçün Türkiyə ilə münasibətlərin nizamlanması və sərhədin açılması vacibdir. Beləliklə, ATƏT-in Minsk Qrupundakı ABŞ, Fransa və Rusiya həmsədrliyi Rusiya + Türkiyə tandemi ilə əvəz oluna və bu, danışıqlar prosesini canlandıra bilər. Məsələn, bu dördlükdən (Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə) ibarət daimi təmas qrupu formalaşdırıla bilər. 4 ölkənin diplomatları daimi əsasda müzakirələr apararaq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını və Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq plan hazırlaya bilərlər. Azərbaycanın Minsk Qrupundan imtinası Fransanın vasitəçilik missiyasına son qoyacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
TƏHLİL
Paşinyan istənilən halda seçkilərdən məğlub çıxacaq

Rəsmi Bakı Minsk Qrupunun xaricində də Fransa ilə münasibətlərin inkişafının tərəfdarıdır. Fransa dünyanın ən iri və modern silah istehsalçılarından biridir. Rəsmi Bakı Fransadan silah almağa çox çalışır. Paris bu silahları Azərbaycana satmamasını Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası ilə əlaqələndirir. Ancaq əgər Fransa vasitəçi olmayacaqsa, onda Parisin Azərbaycana milyardlarla dollar həcmində silah satmaq şansı yarana bilər. Fransa NATO-nun üzvüdür, bu təşkilatın isə Azərbaycan və Ermənistana silah satmamaqla bağlı qeyri-rəsmi qərarı var. Ancaq bu qərardan ən çox istifadə edən Rusiya və İsraildir. Hər iki dövlət Azərbaycana milyardlarla dollar həcmində silah satır. Ona görə də bir müddətdən sonra maliyyəyə ehtiyacı olan və silah bazarında Rusiya ilə rəqabət aparan NATO ölkələrinin Azərbaycana silah satmamaq qərarına yenidən baxması mümkündür.

ATƏT-in Minsk Qrupunu sərt şəkildə tənqid etməsi həmçinin Azərbaycanın səmərəsiz danışıqlar prosesindən yorulması kimi qiymətləndirilməlidir. Azərbaycan özünü xilas edə biləcək yeni mexanizmlər təklif etmək istəyir. Lakin unutmaq olmaz ki, nə qədər ATƏT-in Minsk qrupunu tənqid etsək də, burada təmsil olunan ölkələr dünyanın aparıcı dövlətləridir və onların da Cənubi Qafqazda maraqları vardır. Həmsədr ölkələr dünyada gedən proseslərə təsir gücünə malikdirlər. Bu dövlətlərin istəyi xaricində formatı dəyişmək və ora başqa dövlətləri cəlb etmək problematikdir. Bir fakta da diqqət edək ki, Bakı Minsk qrupundan imtina etsə, Ermənistan öz təbliğatında bundan istifadə edəcək, Azərbaycana qarşı təbliğata başlaya bilər. Bu səbəbdən, ATƏT-in Minsk qrupundan imtina sıradan bir məsələ deyil. Belə məsələlərdə isə soyuqqanlı qərar qəbul etmək zəruridir...

Xəbər lenti
0