BAKI, 23 noyabr - Sputnik. Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) mümkün dəyişiklikləri dərc edib.
"Report"un məlumatına görə, qurum 4 dəyişikliyitəklif edir:
Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;
Penalti yerinə yetirildiyi zaman qolkiper qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır";
Komandalar rəsmi şəxslərinin həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;
Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.
Bundan başqa, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən - komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib. Eyni zamanda razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.
Yekun qərar 2019-cu ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.