CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O deputatın əlinə qayçı verməyin, amandır!

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya: Günün lətifəsi gündəmləri kölgədə qoydu

BAKI, 5 noyabr — Sputnik. Canavar görür ki, dovşan uzaqdan qaça-qaça gəlir. Tez qarşısını kəsir:

— Dayan, görək. Nə baş verib? Belə təntimiş hara qaçırsan?

— Meşəyə qulaqkəsənlər gəlib. Kimin 3 qulağı varsa, birini kəsirlər.

— Axı, sənin 2 qulağın var. Daha nədən narahatsan?

— Məsələ ondadır ki, onlar əvvəl qulağın bir tayını kəsir, sonra sayırlar. Tülkü ilə çaqqalın qulaqlarını belə saydılar…

Bu, lətifədir. Bu isə:

"Digər dövlətlərin himnləri 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun"

deyil. Bu, bir deputatın Milli Məclisdə səsləndirdiyi təklif — qulağımızın (şükür ki, 2 taydır) və gözümüzün şahidi olduğu real xəbər.

İlk baxışdan nə əlaqəsi var? Lətifə ilə real hadisə, üstəlik millət vəkili səviyyəsində qaldırılan məsələ bir-birilərinə tam əks qütblərdə dayanan anlayışlardır. Eləcə də, qulaqla himn.

Milli Məclis - Sputnik Azərbaycan
Milli Məclis üzvündən sensasion təklif

Amma məsələ ondadır ki, bu hadisənin özü günün lətifəsi oldu. Çünki Azərbaycan Respublikasının Dövlət Himninin (deputatın dili ilə desək) həcmi 4 dəqiqə deyil, cəmi-cümlətani 2.14 saniyədir. Yəni, elə deputatın başqa dövlətlərdən misal gətirdiyi ölçüdədir.

Bir anlıq təsəvvür edək ki, iraq olsun, deputat Tahir Kərimliyə müstəsna səlahiyyət və əlinə bir qayçı verirlər. Adam əvvəlcə himnimizi tən ortadan (elə bilir ki, 4 dəqiqədir, axı) şaqqalayar, qayçını qatlayıb corabın balağına qoyandan sonra dəqiqələri saymağa başlayar. Bir də baxar ki, pah atonnan, ortada 1.07 saniyə qaldı ki…

"Üzeyir Hacıbəyli Azərbaycan Sovet Sosialist Respublikasının da himninin musiqisini yazıb. O, indikindən daha nikbin idi. İndiki himnimiz mərsiyəyə bənzəyir".

Bunu da həmin deputat deyib. Elə həmin iclasda. Amma, "məsələn"ləri dilə gətirməyib.

Məsələn, deməyib ki, Üzeyir bəyi "silib" yerinə kimi "təyin edək". 1919-cu ildə meydana çıxan şedevri, 2018-ci il reallığımızın hansı nümunəsi ilə əvəz etməyin mümkünlüyü barədə də misal gətirməyib.

Bakı şəhəri, 1970-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab

Hər halda, bilməmiş olmaz. Deputatdırsa, üstəlik dövlət himnini dəyişdirmək ağlına gəlirsə, deməli bilikli adamdır. Sadəcə, ola bilər ki, təvazökarlıq hissindən dolayı, çox ağıllı olduğunu başqalarının başına qaxmaq istəməyib. Fikirləşib ki, "topu mən atdım, arxasınca da başqaları qaçsın". Yəni, "mən təklifimi verdim, əvəzləyiciləri də özünüz tapın".

Əslində, düşündürücü olan başqa şeydir: Bizim deputatların dilə gətirəcəkləri, haqqında ağıllı təklif verəcəkləri, çıxış yolu göstərəcəkləri başqa dərdimiz-azarımız, gözləntimiz, arzumuz yoxdur?

Biri durub-dururkən, gündəmə uzaqdan-yaxından heç bir dəxli olmadığı halda, himnimizi baltalamağı təklif edir. Digər biri, tarixi qəhrəmanların heykəllərinin sökülməsi təklifi ilə çıxış edir ki, bəs, Cavanşir, Babək, Koroğlu real qəhrəmanlar olmayıblar. Nə bilim, başqa birinə sual verirlər ki, filan məsələnin həllinin hüquqi imkanları nə dərəcədədir, deyir, "dinimiz bunu haram buyurub".

Cənablar, siz Bəstəkarlar İttifaqının, AMEA Tarix İnstitunun, ya da hansısa dini icmanın nümayəndələri deyilsiniz, ali qanunverici orqanın – Milli Məclisin üzvlərisiniz. Məsələn, bəzi Avropa ölkələrindəki həmkarlarınız hazırda — biz himnlə, rəvayətlə, mollalıqla məşğul olduğumuz bir dövrdə nələri müzakirə edirlər, bilirsiniz?

Dörd günlük iş rejiminə keçilməsini. Yəni, həftənin 4 günü iş, 3 günü istirahət günü olsun. Bunu da insanların istirahət günlərinin azlığı ilə əlaqələndirirlər…

Xəbər lenti
0