CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab

© Sputnik / V.Kalinin / Mediabanka keçidBakı şəhəri, 1970-ci il
Bakı şəhəri, 1970-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış şəxslər Azərbaycan dövlət himninə dəyişikliklər edilməsini təklif edən deputat Tahir Kərimlinin parlamentdə səsləndirdiyi fikirlərə etiraz ediblər

Kəmalə Əliyeva, Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 noyabr – Sputnik Azərbaycan. “Ölkədə onlarla, minlərlə problem qısa zamanda öz həllini gözlədiyi bir vaxtda Azərbaycan dövlət himninin dəyişdirilməsi ilə məşğul olmaq lazım deyil”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Tahir Kərimlinin plenar iclasında Azərbaycanın dövlət himnin musiqisinə, daha dəqiq – onun qısaldılması və tonallığına dəyişikliklərin edilməsi barədə fikirlərinə münasibət bildirərkən qeyd edib.

© REPORTMilli Məclisin deputatı Tahir Kərimli
Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Tahir Kərimli

Qeyd edək ki, Tahir Kərimlinin sözlərinə görə, digər ölkələrin himnlərindən fərqli olaraq Azərbaycanın himni 4 dəqiqə davam edir və minor ladında yazılıb. Kərimli himnin davamlılığının azaldılmasını və qəmli notların yığışdırılmasını təklif edib.

“Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himnini hazırlayıb. O, indikindən daha nikbin idi" - deyə Kərimli bildirib.

Lakin Rüstəmxanlı deputat Kərimlinin sözləri ilə kökündən razı deyil. O, qeyd edib ki, dövlət himninin musiqi və sözlərinə dəyişikliklərin edilməsinə dair müzakirə və mübahisələr artıq uzun illərdir davam edir: "Himnin musiqisi 1919-cu ildə, yəni Azərbaycan Demokratik Respublikası illərində yazılıb. O, bizə ADR-in mövcudluq illərindən miras qalıb, ona görə də ona hər hansı bir dəyişiklik etmək olmaz. Mən ölkədə həlli vacib xeyli sayda problemlərin olduğu vaxtda belə şeylərlə məşğul olmağın düzgün olmadığını düşünürəm. Mən dövlət himninə dəyişikliklərin edilməsinin qəti şəkildə əleyhinəyəm".

© Sputnik / STRVətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab - Sputnik Azərbaycan
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

Xalq şairinin sözlərinə əməkdar artist, Bəstəkarlar İttifaqının sədri Sərdar Fərəcov da qoşulub.

Onun sözlərinə görə, himn ona görə himn adlanır ki, o daima dövlətin mühafizəsi altındadır. Bəstəkar hesab edir ki, onun nə vaxt yazıldığının heç bir əhəmiyyəti yoxdur və dövlət himninə dəyişikliklərin edilməsi yolverilməzdir.

© 525-ci qəzetBəstəkarlar İttifaqının sədri Sərdar Fərəcov
Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab - Sputnik Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Sərdar Fərəcov

O, qeyd edib ki, dövlət simvolları ilə zarafat etmək olmaz: "Ümummilli lider Heydər Əliyev Azərbaycanın himninin sözləri və musiqisindən razı idi. Hər birimiz öz tariximizə və Heydər Əliyevin fikrinə hörmət etməliyik. Mən düşünürəm ki, himn bir dəfə qəbul olunub və bu həmişəlik olur. Ola bilər ki, himnin musiqisi və sözləri kiməsə xoş, kiməsə isə xoş gəlməyə bilər, lakin bu artıq zövq məsələsidir. Hər birimiz öz ölkəmizin himninə hörmət etməliyik. Bu müzakirə olunmur".

Bəstəkar, həmçinin deputat Tahir Kərimlinin Azərbaycan himninin minor ladda yazılmasına dair sözlərinə də münasibət bildirib. Onun sözlərinə görə, Fransada dövlət himni də daxil olmaqla, onlarla ölkənin himni minor ladda yazılıb: "Mən bizim deputatlarımızdan fərqli olaraq, xaricə az səfər etmişəm, lakin mən belə bilirəm ki, himnlərin əksəriyyəti minor ladda yazılıb. Mən sizə növbəti səfəriniz vaxtı – onlar isə praktiki olaraq hər ay xaricə gedirlər – belə əhəmiyyətli şeylərə fikir verməyə dəvət edirəm"

© Sputnik / Murad OrujovFazil Mustafa
Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab - Sputnik Azərbaycan
Fazil Mustafa

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa hesab edir ki, indiki vəziyyətdə Azərbaycan Respublikasının dövlət himninə toxunmaq yanlış addım olardı: "Himn artıq bizim üçün bir dəyərə çevrilib. Dünyada onsuz da mükəmməl heç nə yoxdur. Ona görə də bu mövzuya qayıtmağı doğru hesab etmirəm. Himnimiz hazırda olan formasında da qəbul olunmalıdır. Yeni himnə keçid həm maddi, həm də mənəvi cəhətdən fəsadlar yaradır. Bizim himnimiz mərsiyə janrında deyil. Ümumiyyətlə, ölkə himnlərinin mütləq marş janrında olmasına dair hökm yoxdur. Ona görə də himnimizlə bağlı narahatlıq keçirməyə dəyməz".

Qeyd edək ki, Azərbaycan dövlət himni bayraq və gerblə yanaşı, Azərbaycanın dövlət simvollarından birdir. Himnin musiqisi 1919-cu ildə azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov tərəfindən yazılıb, himnin sözləri isə Əhməd Cavada məxsusdur. Himn Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 27 may 1992-ci ildə rəsmi olaraq qəbul olunub. Xüsusi olaraq Tahir Kərimli üçün qeyd etmək istəyərdik ki, Azərbaycan dövlət himninin davamlılığı 4 dəqiqə deyil, 2 dəqiqə 13 saniyədir.

Müqayisə üçün sizə müxtəlif ölkələrin himnlərin davamlılıq müddətini təqdim edirik:

  • Rusiya – 3,50 dəqiqə.
  • Böyük Britaniya – 2, 40 dəqiqə.
  • Çin – 1,27 dəqiqə.
  • Fransa – 5,10 dəqiqə.
  • ABŞ – 4,13 dəqiqə.
  • Almaniya – 3,38 dəqiqə.
  • Hindistan – 2 dəqiqə.

Belə bir sual yaranır: Tahir Kərimli 4 dəqiqə davam edən Azərbaycan himnini harada eşidib? Bəlkə o sovet dövrünü xatırlayıb? Məlum olduğu kimi Azərbaycan SSRİ-nin dövlət himni 3,5 dəqiqə davam edir.

Xəbər lenti
0