Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI 30 oktyabr – Sputnik. Bir neçə gün əvvəl Bakı universitetlərindən birinin tələbəsi gecə yuxusunun şirin yerində olarkən, səhəri istintaq təcridxanasının barmaqlıqları arasında açacağını ağlına belə, gətirməzdi. Belə ki, həmin tələbə gecə saat üçdə öz evində yaralı atasını xilas etmək üçün tanımadığı şəxsi bıçaqlayıb.
Belə bir şey sağlam düşüncəyə malik, kriminaldan uzaq bir adamın ağlına da gəlməzdi. Lakin bizdən asılı olmayan səbəblərdən həyat bəzən insanı gözlənilməz situasiya ilə qarşılaşdırır. Bakı sakini, 18 yaşlı Abdullayev Faiq Sakit oğlunun da başına belə bir hadisə gəlib.
Nəticədə hər şey - yaxşı təhsil almaq, mütəxəssis olmaq, karyera qurmaq kimi planlar alt-üst olur. Bir sözlə, hər birimizin gələcəyə doğru parlaq planları məhv olur. Bütün bunlar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123-cü maddəsinin (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) "işləməməsi"nə görədir.
Bu hadisə oktyabrın 20-si gecə saatlarında Bayıl qəsəbəsində baş verib. Belə ki, 54 yaşlı Sakit Abdullayevin evində Əhəd Həsənov öldürülüb. "Otvyorka" ilə silahlanan Həsənov ev sahibləri yatdığı vaxt Abdullayevlərin evinə oğurluğa girib. Oğru istilik sisteminin – kombinin müəyyən hissəsini oğurlamağa cəhd edib. Bu vaxt gözlənilmədən Sakit Abdullayev oyanıb. Oğrunu iş başında görən ev sahibi oğlunu köməyə çağırıb və özü oğruya mane olmağa cəhd edib.
Həsənov Sakit Abdullayevə hücum edib və onu sol gözündən yaralayıb, daha sonra Abdullayevi yerə yıxaraq ona "otvyorka" ilə ard-arda zərbələr endirib. Köməyə gələn Abdullayevin oğlu Faiq oğrunun atasını öldürməyə cəhd etdiyini görüb. Gənc oğlan bıçağı götürərək oğrunu zərərsizləşdirib. Oğul Abdullayev nə etdiyini anlayanda artıq gec olub, Həsənov keçinib.
Gəncin bu hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi - qəsdən adam öldürmə maddəsi üzrə dəyərləndirilir. Tələbə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Məhz, Faiqin bu hekayəsi bizi yenidən Azərbaycanda Cinayət Məcəlləsinin 122-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) və 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddələrinin praktiki olaraq işləməməsi məsələsinə qayıtmağa məcbur etdi.
Bu maddələrlə ittiham olunan şəxs üç il müddətinə azadlıqdan məhrum olunur. Bütün hallarda qətl, adətən hüquq-mühafizə orqanları tərəfindən qəsdən törədilmiş qətl kimi dəyərləndirilir. Qətl törədən insana qarşı belə bir yanaşmanın səbəbi nədir?
Sputnik Azərbaycan-ın bu sualını cavablandıran tanınmış vəkil Vüqar Xasayevin sözlərinə görə, Azərbaycanda zəruri müdafiənin normalarının ötüldüyünü müəyyənləşdirən institut işləmir, bunun da obyektiv və subyektiv səbəbləri var: "Əgər hər şey siz dediyiniz kimi baş veribsə (bunu hələ istintaq sübut etməlidir), onda mən deyə bilərəm ki, mən də Faiq kimi hərəkət edərdim. Evə oğru daxil olub və o, onun atasını öldürmək istəyib".
"Oğlan nə etməlidir? Dayanıb, baxmalıdır? Təbii ki, yox. O, atasını xilas etməlidir və bu halda ilk məqsəd cinayətkarı zərərsizləşdirməkdir. Digər məsələ isə odur ki, gənc öz gücünə əmin olmayıb və bıçaqdan istifadə edib. Nəticədə adam öldürüb" - deyə Xasayev bildirib.
Vəkil vurğulayıb ki, Faiqin hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123-cü maddəsi (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) üzrə dəyərləndirilməlidir: "Lakin çox təəssüflər olsun ki, bu maddə ölkəmizdə işləmir və bu halda qətl kimi ağır cinayəti araşdıran orqanların diqqətini cəlb etmək üçün israrlı olmaq lazımdır. Axı bir insanın taleyi həll olunur".
"Obyektiv səbəb cəmiyyətin böyük hissəsində hüquqi savadlılığın olmamasıdır. Cəmiyyət baş verənləri düzgün və obyektiv şəkildə qəbul etmək iqtidarında deyil. Bu halda ən əsası istintaq orqanlarının cinayət iştirakçılarının hərəkətlərini doğru şəkildə dəyərləndirməsidir və bu məsələ də ona sübut bazasının analizi lazım olacaq. Lakin belə bir məqam da var – hüquq mühafizə orqanlarını rüşvət almaqda şübhəli bilmək. O, müstəntiqin işlə bağlı günahın dərəcəsini yüngülləşdirən amillərə müraciət etdiyi vaxt yaranır. İkinci faktor da az rol oyanmır" - deyə hüquqşünas bildirib.
Xasayevin sözlərinə görə, problem bundan ibarətdir ki, hazırda vəkillər tərəfindən verilən ərizələrə mövcud qanunvericilik və beynəlxalq normalara uyğun şəkildə istintaq orqanları, prokurorlar tərəfindən baxılmır: "Əgər hüquq-mühafizə orqanları kiminsə maraqlarını rəhbər tutmayıb, qanunu tam şəkildə icra etsəydi, Azərbaycanda "işləməyən maddələr" problemindən yayınmaq olardı".
Bu maddələr Məcəlləyə boş yerə daxil edilməyib və Azərbaycanda belə hallar tez-tez baş verir. Lakin siz hansısa halda Azərbaycan Respublikasının 122 və ya 123-cü maddələri ilə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum olunan cinayətkar görmüsünüz?
Vəkil vurğulayıb ki, Faiq Abdullayevin hüquqlarını qorumağa hazırdır. Çünki indiki halda Abdullayevin yaxşı müdafiəyə ehtiyacı var.
Milli Məclisin deputatı Fazil Mustafa da Sputnik Azərbaycan-a bildirib ki, Abdullayevlə bağlı hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Onun sözlərinə görə, gəncin atasını evlərinə girən oğrudan xilas etdiyini anlamaq üçün vəkil olmaq lazım deyil.
"Hər kəs bu cür davranardı. Gənc böyük həyəcan içində olub. Mən hesab edirəm ki, Faiq Abdullayevin hərəkətlərini qəsdən adam öldürmək kimi dəyərləndirmək yanlışlıq olardı. Axı, həmin vaxt oğlan daş axtara bilməzdi, ona görə də avtomatik olaraq mətbəxdən bıçaq götürüb. O düşünürmüş ki, oğru silahlıdır. Prokurorluq hadisənin qəsdən törədildiyini sübut etməlidir" - millət vəkili vurğulayıb.
Mustafanın sözlərinə görə, ortada insan taleyi həll olunur və bu problem olduqca ciddidir: "Ona görə də hesab edirəm ki, bu məsələdə ağırlaşdırıcı halların tətbiqi yolverilməzdir".
Bu arada, Səbil Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a bildirilib ki, işlə bağlı araşdırmalar yeni başlayıb və maddənin dəyişdirilməsi istisna edilmir. Yəni, hər şey sübut bazasından asılı olacaq.
Sonda vəkilin bizim cəmiyyətin böyük əksəriyyətində hüquqi savadlılığın olmaması iddiası ilə razılaşmaq istəyərdik. İxtisaslaşmanın olmaması və bəzi yerli KİV tərəfindən Əhəd Həsənovun qətlə yetirilməsinin yanlış olaraq təqdim olunması nəticədə baş verənlər cəmiyyət tərəfindən yanlış anlaşılması ilə nəticələnib.
Qətllə bağlı yayılan xəbərlərdə təfərrüatların olmaması və hay-küylü başlıqlar çoxlarının ata və oğula deyil, oğruya yazıqları gəlmələri, haqq qazandırmaları ilə nəticələndi. Oxucular düşünmədən saytların səhifələrində Abdullayevlərin düzgün addım atmadığını bildirirdilər. Onlar şərhlərində qeyd edirdilər ki, ata və oğul oğrunu, sadəcə tutub polisə təhvil verə bilərdilər.
Onlardan heç kim düşünmədi ki, sabah onun özü də Faiq Abdullayevin də yerində ola bilər. O, bu zaman necə edəcək? Dayanıb baxacaq ki, onun əzizini necə öldürürlər?