CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun tələb edir: Əliniz ürəyinizin üstündə, diliniz duada olsun!

© Sputnik / Sabina AliyevaCinayət məcəlləsi, arxiv şəkli
Cinayət məcəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra bir sıra məsələlərdə çox diqqətli olmağımız məsləhətdir

BAKI, 29 oktyabr — Sputnik. Təxminən, belə bir mənzərə: Gecə yuxusunun şirin yerində səs-küyə oyanırsan. Baxırsan ki, evə oğru girib və sənin pul-paranı, qızıl-zinət əşyalarını, paltar-palazını öz heybəsinə doldurmaqla məşğuldur. Və sən belə durumda nə etməlisən?

Təəccüblənmiş adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəl də, belə hadisənin qarşısında şoka düşmə

Qarşında bir neçə seçim var:

1) Özünü daha da yatmışlığa vurursan ki, oğru hiss edib əməlindən utanmasın, rahatca işini görüb "əkilsin";

2) Ehmalca oyanıb oğruya xoş gəldin edirsən və onun icazəsi ilə otağın işığını yandırırsan ki, qaranlıqda hər zir-zibili xurcuna doldurmasın, yəni qiymətli əşyaları ayırd etməkdə çətinlik çəkməsin;

3) Qəfildən yerindən atılıb evdən bayıra qaçırsan ki, işdir-şayətdir, oğru sənin oyandığından şübhələnərək üzərinə hücum çəkərsə və siz əlbəyaxa olarsınızsa, özünü müdafiə məqsədilə oğrunu vurub öldürərək zibilə düşməyəsən.

və s. və i.

Əslində, bütün bunları mən demirəm, bizim əlahəzrət hüquq sistemimiz deyir. Həm də sözdə demir, əməldə göstərir, isbat edir.

Misal:

Cari il oktyabrın 24-ü gecə Bayıl qəsəbə sakinləri olan Abdullayevlər ailəsinin evinə oğru girib. Ata Abdullayevla rastlaşan oğru kişini yerə yıxaraq "otvyorkalamağa" başlayıb. Hay-küyə oğul Abdullayev yetişib və atasını (həmçinin, evlərini, namuslarını, məhrəmlərini) müdafiə etmək məqsədilə oğruya bıçaq zərbələri endirib və oğru hadisə yerində Cəhənnəmə vasil olub.

Əldə bıçaq, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda 18 yaşlı tələbə evlərinə girən oğrunu öldürüb

Normal məntiq bundan sonrakı prosesləri belə analiz edir:

Fakt üzrə polis və prokurorluq orqanları tərəfindən araşdırma başlayır. Oğrunun camaatın evində nə itinin azdığı öyrənilir. Üstəlik, o haramzadənin başqa cinayət əməllərinin olub-olmadığı üzrə təhqiqat aparılır. Abdullayevlər ailəsinə isə, dövlət hesabına həm tibbi, həm psixoloji, həm də hüquqi yardım göstərilir.

Bəli, normal məntiq sözügedən hadisəyə belə yanaşır. Reallıqda isə, həm ata, həm də oğul Abdullayevin barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb və onlar həbs olunublar...

İndi bildiniz, evinizə oğru girdiyi zaman necə davranmaq lazımdır? Həm də təkcə oğurluq məsələsində deyil, bir sıra digər məsələlərdə də diqqətli olmağımız məsləhətdir.

Məsələn:

- İcazə verilmiş sürət həddi saatda 90 km olan, üstəlik heç bir yeraltı-yerüstü-bərabər səviyyəli piyada keçidi olmayan magistralda avtomobil idarə edirsiniz. Əliniz ürəyinizin üstündə, ürəyiniz Allahda, diliniz duada olsun ki, hansısa həyatdan bezmiş bir piyada qəfildən özünü avtomobilinizin qarşısına atmasın. Dəxli yoxdur, günah piyadadır, özünü bədbəxt etməklə yanaşı sizə də dəhşətli bir stress yaşadıb. Bunların bizim qanunvericilikdəki boşluqları doldurmayanlara heç bir dəxli yoxdur. Siz məsuliyyətə cəlb olunacaqsınız. Vurmayaydınız, canım;

Газовые счетчики, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azəriqaz" vətəndaşların üzərinə elə bir məsuliyyət qoyub ki, gəl də "altından çıx"

- 7/24 keşikdə dayanın. Qaz sayğacının keşiyində. "Azəriqaz"ın fərdi evinizdən 100 metr aralıda – küçədə, yaxud mənzilinizdən 2 mərtəbə yuxarıda – qətiyyən sizə aidiyyatı olmayan ərazidə quraşdırdığı sayğacın. Ailə üvlərinizi növbəli sistem əsasında həmin sayğacın yanında qaravul təyin edin. Təsadüfdən, qeyri-təsadüfdən o cihaza bir xətər yetirildimi, batdınız! Cəriməsi boynunuzu əyəcək;

- Hə, bir də... Çalışın. Nə edirsiniz, edin ki, avtomobiliniz başqa bir avtomobil tərəfindən vurulmasın. Cəhdləriniz nəticə vermədi, kimsə gəldi maşınınızı vurdusa, özünüzü görməzliyə vurub sakitcə aradan çıxın. Qarşı tərəfdən vurulan zərərin ödənilməsini tələb etməyi düşünməyin. Hadisə yerinə DYP əməkdaşı çağırmaq isə, heç ağlınızın ucundan keçməsin. Əks halda, Kərbəlayi İsmayıl demiş, "oğlunuz Yadullanın müsibəti" (avtomobilinizə dəymiş ziyan) yalan olacaq. Çünki təqsirkar şəxs, sizi avtomobilini sığorta etdirdiyi şirkət və DYP ilə baş-başa buraxacaq və əlini-qolunu sallayaraq yoluna davam edəcək (onluq bir şey yoxdur ha, qanun belə tələb edir). Sizin də sığorta şirkəti ilə yol polisi idarəsinin arasında aylarla ayaq döyməkdən ayağınız yağır olacaq. O da ya qismət, sonunda maddi zərərinizin qarşılığını ala biləcəksiniz, ya yox...

Xəbər lenti
0