BAKI, 29 oktyabr — Sputnik Azərbaycan, Zarina Orucəliyeva
Bakıda xaricdə təhsilin populyarlaşması fonunda xarici universitetlərə tələbələrin qəbul edilməsi xidmətini təklif edən vasitəçi şirkətlərin sayı artır. Son zamanlar polis orqanlarına onların barəsində şikayətlər daxil olmağa başlayıb, vasitəçilər fırıldaqçılıqda ittiham edilir. Belə ki, bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Kənan İlham oğlu şikayət edib. O, bildirib ki, 2018-ci ilin mart ayında İtaliyada təhsil almaq üçün "RQ Corporaton" QSC şirkətinə müraciət edib.
Məmmədov müvafiq müqavilə bağlayaraq, onun əsasında şirkətə 2 min manat pul ödəyib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq onun nə ali təhsil müəssisəsinə daxil olmasına köməklik göstərilib, nə də ödədiyi vəsait qaytarılıb.
Nəsimi rayon polisi gəncin şikayəti əsasında araşdırmalara başlayıb.
Sputnik Azərbaycan məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib.
Məsələni şərh edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Cəsarət Valehov vurğulayıb ki, nazirlik tələbələrin xaricdə təhsil alması üçün heç bir özəl şirkətlə əməkdaşlıq etmir.
O, qeyd edib ki, hər kəs istədiyi yerdə təhsil ala bilər, lakin universiteti seçərkən diqqətli olmaq lazımdır.
Nazirlik rəsmisi xarici ali təhsil müəssisələrində oxumaq istəyən şəxslərə müxtəlif təhsil proqramları vasitəsilə birbaşa universitetlərə müraciət etməyi tövsiyə edib: "Bu halda həmin təhsil müəssisəsində dövlət lisenziyasının və akkreditasiyaların mövcudluğunu da mütləq şəkildə yoxlamaq lazımdır. İnsanlar xaricə diplom üçün deyil, bilik dalınca getməlidir".
O xüsusilə vurğulayıb ki, Təhsil Nazirliyində hansı universitetlərin diplomlarının Azərbaycanda tanınmasına dair müəyyən bir siyahı yoxdur. Nazirlik rəsmisi vurğulayıb ki, ölkəmizin ərazisində fəaliyyət göstərən və müvafiq akkreditasiyası olan müəssisələrdə Azərbaycan vətəndaşları təhsil ala bilər.
Son nəticədə xaricdə alınan diplom Azərbaycanda nostrifikasiya prosesini – xarici sənədin respublika ərazisində tanınmasını keçməlidir.