BAKI, 24 oktyabr — Sputnik. "Yerevan rəsmi Vaşinqtonla daha sıx əməkdaşlıq etməyi planlaşdırır". Bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistana bu yaxınlarda baş tutacaq səfərinə münasibət bildirərkən deyib.
"Demək olar ki, bizim xarici tərəfdaşlarımızla ən yüksək səviyyədə danışıqlar gedir" — deyə Paşinyan "Avrasiya Həftələri" III Beynəlxalq Sərgi Forumunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Bu arada, Paşinyan ABŞ tərəfinin Ermənistanla əlaqələr planında aktivlik göstərmədiyinə görə təəssüflənib. O ümid edir ki, yaxın vaxtlarda Ermənistan – ABŞ əlaqələri intensivləşəcək.
Qeyd edək ki, Ermənistanda bu yaxınlarda baş vermiş çevriliş və bu ölkənin Moskva ilə münasibətlərinin korlanması, Azərbaycanın Rusiya ilə hərbi, iqtisadi və ilk növbədə siyasi əməkdaşlığının daha da möhkəmlənməsinə təkan verib. Lakin Azərbaycan Qərb üçün də cəlbedici tərəfdaşdır. ABŞ Əfqanıstan və İran kimi bir sıra strateji məsələlərdə Azərbaycanın NATO ilə əməkdaşlığının davamında olduqca maraqlıdır.
Bu baxımdan, Vaşinqton İrəvanla da əməkdaşlıq etmək niyyətindədir. Düzdür, İran ətrafında beynəlxalq mübahisələr, hələlik Tehranla Qərb arasında kəskin seçim etmək mərhələsinə tam çatmayıb, ancaq müharibə ehtimalı həmişə var və ABŞ bu mənada Paşinyana dəstək əvəzində onu özünün vassalına çevirmək niyyətindədir.
Lakin heç bir halda ABŞ etibarlı müttəfiq deyil. Xatırladaq ki, Vaşinqton Abxaziya məsələsində Gürcüstana yardımdan boyun qaçırdığı, Şərqi Avropada radar və anti-raket sistemlərinin quraşdırılmasından imtina etdiyi kimi, Rusiya ilə "yenidən yüklənmə" planlarında Azərbaycanın və bölgə ölkələrinin maraqlarını nəzərə almadı. Onilliklər boyunca Birləşmiş Ştatlar sözdə Qarabağ probleminin həllinə çalışıb, lakin sülhün əldə olunmasında bircə addım belə, atmayıb.
ABŞ-ın digər ölkələrə münasibəti hər zaman dəyişkən olub. Məhz bu baxımdan da Ermənistan üçün həll etməli olduğu bir neçə məsələ mövcuddur. Birincisi, yeni baş nazir seçilməlidir. Yeni seçki yeni gərginlik anlamına gəlir. ABŞ son 2-3 il ərzində Ermənistanda Qərb meyllərini gücləndirməyə cəhd edir və bununla da onu Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir.
Amma indiki vəziyyətdən belə məlum olur ki, həmin o səylər, xərclənən vəsaitlər gözlənilən nəticəyə gətirib çıxara bilməyib. Bu baxımdan da rəsmi Yerevan Rusiyanın nəzarətində qalmaqda davam edəcək. Bu səbəbdən də ABŞ özünün uğursuzluğunun əvəzini Ermənistana təpki göstərməklə çıxır. Onu da nəzərə alaq ki, Ermənistanda daxili vəziyyət nə qədər gərgin olsa da, siyasi elitası nə qədər manevrlər etsə də, rəsmi Yerevan Rusiyanın təsir dairəsindən çıxa bilmir.
Söhbət təkcə ölkə ərazisində Rusiyaya məxsus 102 saylı hərbi bazanın olmasından getmir. Burada daha dərin tellər var və hər kəs bilir ki, Ermənistan bütövlüklə Rusiyadan asılı dövlətdir. Lakin Ermənistanın yerləşdiyi ərazi ABŞ üçün də çox vacib bölgədir və ona görə də Vaşinqton burada öz nəzarətini təmin etmək istəyir. Bu isə, alınmır.
Bu rakursda, Azərbaycan özünəməxsus müstəqil siyasət aparır. Digər tərəfdən, qonşu Gürcüstandan ABŞ istədiyinin hamısını alıb. Ancaq son dövrlər Gürcüstanda da Rusiyaya meylli qüvvələrin fəallığı artıb və keçmiş prezident Saakaşvili artıq çağırış edərək hakimiyyətə qayıdış məsələsini gündəmə gətirib.
Tbilisi də Vaşinqtonun nəzarətindən çıxarsa, bölgənin ən zəif bəndi Ermənistan olacaq. ABŞ Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər, lakin artıq Tbilisi biristiqamətli diplomatiyadan uzaqlaşır.
Paşinyan bu mənada ABŞ-ın tələblərini yerinə yetirməkdə daha israrlı görünür. Əlbəttə, bu, Rusiyanın narazılığına səbəb olur. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcək. Ermənistanın tərəf tutmaqdan başqa yolu qalmır və bu səbəbdən fəlakət anonsunu verir…