Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın tərk etmək istədiyi təşkilata Azərbaycan niyə daxil olmalıdır?

© AFP 2024 / FABRICE COFFRINI Ümumdünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər Azərbaycan Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin ardınca getsə, qısa müddətdə ölkə ucuz özgə malı ilə dolacaq, yerli istehsal isə öləcək"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Əgər Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinin ardınca getsə, qısa müddətdə ölkə ucuz özgə malı ilə dolacaq, yerli istehsal isə öləcək. Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Fuad Əlizadə deyib.

Azərbaycan prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı. Bakı, 25 avqust 2018-ci il - Sputnik Azərbaycan
Merkel: "Regionda Azərbaycanın simasında ən vacib ticarət tərəfdaşımız var"

Əgər yaxşılığa doğru dəyişməsə, ABŞ Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxacaq. Hadisələrin bu şəkildə inkişafından ötən həftə Amerika prezidenti Donald Tramp danışıb.

Bakı niyə ÜTT-yə tələsmir

Əlizadənin sözlərinə görə, ÜTT zamanında o məqsədlə yaradılmışdı ki, ona üzv olan bütün ölkələrin hüquqları bərabər olsun. Misal üçün, Latviya kimi kiçik ölkənin Fransa ilə bu və ya digər məhsulla bağlı fikir ayrılığı yaransa, təşkilat bu mübahisənin qarşısında dura bilsin.

Yaxud da, misal üçün, bu yaxınlarda Türkiyə Vaşinqtonun türk polad və alüminiumunun idxal rüsumlarını artırması ilə bağlı qərarından ÜTT-yə şikayət etmək niyyətini açıqlamışdı.

"Yəni təşkilatın özü, üzv ölkələrə öz biznesini qurmaq üçün ümumi şərtlərin yaradılmasını təmin edir" — ekspert deyib.

Azərbaycanın indiyə qədər niyə ÜTT-yə üzv olmadığına aydınlıq gətirən iqtisadçı xatırladıb ki, bizim öz qanunvericiliyimizi bu təşkilatın tələblərinə uyğunlaşdıraraq ora üzv olmağımız üçün ölkəmizə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə dəfələrlə qrantlar ayrılıb.

"Bəli, Azərbaycan 1997-ci ilə qədər fəal şəkildə bu prosesə qoşulmuşdu. Lakin sonra bu proses səngidi. Bununla əlaqədar olaraq ölkədə hesab etdilər ki, əgər biz ÜTT-nin prinsiplərinə riayət edərək onun izi ilə getsək, tezliklə ölkəmiz digər ölkələrin ucuz məhsulları ilə dolacaq. Bununla yanaşı, yerli istehsal tamamilə öləcək" — Əlizadə deyib.

Azərbaycan yerli istehsalı dəstəkləyir

Onun sözlərinə görə, Azərbaycan hazırda dotasiyalar üzrə fəal siyasət həyata keçirir: "Fermerlərə yanacaq və sürtkü yağları üçün dotasiyalar ayrılır, habelə bu və ya digər fəaliyyət növünə subsidiyalar verilir. Bu, ona görə edilir ki, yerli istehsal möhkəmlənsin".

"Azərbaycan ÜTT-yə daxil olmaqdan imtina etmir. Biz müxtəlif ölkələrlə qatılacağımız şərtlərlə bağlı danışıqlar aparırıq" — deyən ekspertin sözlərinə görə, danışıqlarda bu məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycan inkişaf etməkdə olan ölkə olduğundan, növbəti 10-15 il ərzində də, məsələn, aqrar sektorda subsidiyalar verilsin.

Əlizadə onu da qeyd edib ki, ÜTT-də belə bir şərt var: bankların fəaliyyəti hər yerdə eyni olmalıdır. Misal üçün, bankların bu və ya digər ölkədə birbaşa öz filiallarını açmaq hüququ var. Lakin məsələ ondadır ki, ölkədə birbaşa Fransadan idarə olunan bir bank peyda olanda, o, Azərbaycanda da qeydiyyatdan keçməlidir. Belə olan təqdirdə bu bank hüquqi şəxsə çevrilir və eyni zamanda Azərbaycan tərəfinin də tələblərini yerinə yetirir.

"Əlbəttə, bizə ikincisi lazımdır. Bu addımlar ona görə atılır ki, bizim öz bank sistemimiz inkişaf etsin" — Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.

F.Əlizadə hesab edir ki, Azərbaycan ÜTT-yə günü sabah daxil ola bilər: "Lakin biz hər bir hərfə görə danışıq aparırıq ki, proses və nəticə bizim maraqlarımıza zidd olmasın. Elə buna görə də, danışıqlar əsrin demək olar, dörddə biri ərzində aparılır".

ÜTT üçün nokdaun

ABŞ-ın ÜTT-dən çıxma ehtimalına gəlincə, ekspert deyib ki, bu, təşkilata ölümcül zərbə olmasa da, nokdaun olacaq. O xatırladıb ki, həmişə üç dünya sisteminin varlığından danışılıb. Bunlar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatıdır. Hər üç təşkilatda da öz zamanında aparıcı rolu ABŞ oynayıb.

A U.S. dollar banknote is seen on top of Turkish lira banknotes in this picture illustration in Istanbul, Turkey August 14, 2018 - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir

"Hazırda ABŞ-ın ÜTT-dəki fəaliyyəti ona gətirib çıxarıb ki, real istehsal Amerikadan qaçmağa başlayıb. Bunun səbəbi sərt ekoloji tələblər və əməyin özünüqiymətləndirməsidir" — iqtisadçı deyib.

Ekspertin fikrincə, bu mənada amerikalılar və prezident Tramp istehsalı Amerikaya qaytarmaq üçün vaxtilə özlərinin yazdıqları ÜTT qanunlarının üstündən xətt çəkməyə çalışırlar: "ABŞ indi elə ticarət maneələri yaradır ki, sanki ÜTT-nin inkişaf yolunu məhv etmək öhdəliyini üzərinə götürüb".

Trampa inanmaq lazımdır

Öz növbəsində politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin Sputnik Azərbaycan-a şərhində təəssüflə qeyd edib ki, Trampın bəyanatı nə qədər radikal və təxribat xarakterli olursa olsun, ciddi qəbul edilməlidir.

Ekspert xatırladıb ki, bir vaxtlar Tramp İranla nüvə anlaşmasından çıxacağına da söz vermişdi: "Bir sıra konqresmenlərin, eləcə də avropalı tərəfdaşlarının onu fikrindən daşındırmağa etdikləri cəhdlərə baxmayaraq, o, həmin anlaşmadan çıxdı. Bundan sonra İran ətrafında gərgin vəziyyət yarandı".

"Bundan başqa, biz ABŞ-ın özünün Avropa İttifaqındakı tərəfdaşları və Çin əleyhinə gömrük rüsumlarını artırdığını da müşahidə etdik" — politoloq deyib.

Ona görə də, ekspert hesab edir ki, Trampın bəyanatlarını həmişə ciddi qəbul etmək lazımdır: "Əgər amerikalı lider deyirsə ki, ÜTT Birləşmiş Ştatlara münasibətdə öz siyasətini dəyişməsə, oradan çıxacaq, bu, o deməkdir ki, ABŞ-ın ÜTT-nin xətti ilə iştirak etdiyi tarif sazişləri və çoxtərəfli ticarət müqavilələri Amerika iqtisadiyyatı və biznesi üçün ədalətli deyil".

Politoloqun fikrincə, Trampın düşüncəsinə görə, Amerika qazandığından daha çox itirir, ÜTT-nin digər üzvləri isə bundan istifadə edərək qazanır: "Onun mövqeyi belədir. Əlbəttə o, amerikalıların hansı sahələrdə itirdiyini konkret deməsə də, aydındır ki, ABŞ-la Çin, ABŞ-la Aİ arasındakı ticarət münasibətlərinə baxsaq, qarşılıqlı ticarətdəki çoxmilyardlı kəsir dərhal aydın görünür".

"Buna görə də Tramp hesab edir ki, ABŞ-a münasibətdə ticarət və iqtisadiyyat əlaqələri ədalətli deyil: "Yəni Amerikadan başqa hamı qazanır, o isə zərər çəkir. Və onun fikrincə, bu ədalətsiz vəziyyətə təcrübi olaraq son qoyulmalıdır" — Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Topornin, həmçinin qeyd edib ki, ÜTT-nin rəhbəri Robertu Azevedu artıq Trampın sözlərinə reaksiya verib. Deyib ki, onlar artıq Amerika liderinin dediklərini eşidiblər. Azavedunun sözlərinə görə, Tramp müxtəlif vəziyyətlərdə və müxtəlif predmetlər üzrə bu məsələni qaldırıb. Onun sonuncu bəyanatı da təşkilat üçün yeni deyil.

"Bununla yanaşı, ÜTT rəhbərini bütün bunlar həyəcanlandırmaya bilməz. Çünki əgər amerikalılar həqiqətən də təşkilatdan çıxsalar, bu, konkret və kifayət qədər sərt şəkildə bütün dünya ticarətinə təsir göstərəcək" — ekspert bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, Amerika dünyanın ən inkişaf etmiş iqtisadiyyatına malikdir: "Onun ÜDM-i ümumdünya ÜDM-nun dörddə birindən azacıq azdır. Və təbii olaraq dünyanın bütün ölkələri onunla əməkdaşlıq etmək istəyir".

Proteksionizm siyasəti

Toporninin fikrincə, özlüyündə ÜTT-dən çıxandan sonra amerikalılar proteksionizmlə məşğul olacaqlar: "Proteksionizm Trampın artıq çoxdan izlədiyi siyasətdir. Əgər onlar özünəməxsus rüsum əngəlləri ilə öz iqtisadiyyatlarının qapısını başqalarına bağlasalar, ABŞ-ın biznes tərəfdaşı olan digər ölkələr çox böyük zərər çəkəcək. Təbii olaraq bu, dünya ticarət dövriyyəsində iştirak edən bütün ölkələrə zərbə olacaq".

Natiq Cəfərli - Sputnik Azərbaycan
ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatını çökdürə bilər - Ekspert şərhi

Politoloq hesab edir ki, əlbəttə, bütün bunlar həyəcanvericidir: "Əgər Tramp öz hədəsini reallığa çevirsə, beynəlxalq ticarət sahəsində böyük dəyişikliklər baş verəcək. Bir sıra ölkələr, xüsusilə də inkişaf etməkdə olanlar ciddi iqtisadi itkilərlə üzləşək. Nəticədə onlar sistemli bir böhranla qarşılaşacaq. Bir çox dövlətlər öz xarici ticarətində ABŞ-la birbaşa bağlıdır".

"Vəziyyətin necə inkişaf edəcəyindən danışası olsaq, bir neçə variant üzərində dayana bilərik. Birincisi, ÜTT, Trampın fikrincə, təşkilat daxilindəki ədalətsiz ticarət razılaşmaları təcrübəsini yenidən nəzərdən keçirə bilər. Bir sözlə, ÜTT illər ərzində əldə olunmuş nailiyyətlərindən imtina etməlidir" — deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı bu minvalla bir neçə onillik geriyə yuvarlanacaq: "Əgər Amerika ÜTT-dən çıxsa və üçüncü ölkənin məhsullarına qarşı proteksionist rüsumlar tətbiq etsə, başqaları da buna cavab olaraq, öz sahibkarları üçün şərtləri əlverişli etmək məqsədilə analoji tədbirləri görməyə məcbur olacaq".

"Belə olan təqdirdə bütün dünya yenidən qarşılıqlı olaraq rüsumları qaldıracaq, qarşılıqlı məhdudlaşdırıcı tarifləri tətbiq edəcək. Bu da sözsüz ki, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarının inkişafına təsir göstərəcək. Lakin inkişaf etməkdə olan ölkələr çətin dövrlərini yaşamağa məhkum olacaq" — deyə Topornin fikirlərini yekunlaşdırıb.

Xəbər lenti
0