Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir

© REUTERS / Murad Sezer/IllustrationA U.S. dollar banknote is seen on top of Turkish lira banknotes in this picture illustration in Istanbul, Turkey August 14, 2018
A U.S. dollar banknote is seen on top of Turkish lira banknotes in this picture illustration in Istanbul, Turkey August 14, 2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. "Hazırda ABŞ hökumətinin apardığı xarici ticarət siyasətinin nəticələri göz qabağındadır. Dünyada liberal ticarət anlayışında artıq ciddi problemlər ortaya çıxmaqdadır. Hətta buna ticarət savaşları adı da verilir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bənzər proseslər təkcə Türkiyə ilə deyil, Rusiya, Çin, Avropa İttifaqı ölkələri və digərləri ilə yaşanmaqdadır: "Bu, son nəticədə ABŞ-ın özünün ticarətinə də mənfi təsirlər göstərəcək. Amma ABŞ-ın üstünlükləri var. Bu ölkənin iqtisadiyyatı kifayət qədər şaxələndirilib. Türkiyə ilə xarici ticarətin strukturunda da ABŞ yenə üstün mövqeyə malikdir. ABŞ-ın Türkiyədən idxal etdiyi məhsullarla Türkiyəyə ixrac etdiyi məhsullar arasında 5 dəfəyə yaxın fərq var. Eyni zamanda Türkiyənin ABŞ-a ixracının həcmi ABŞ-ın ümumi idxalının strukturunda 0,6 faiz təşkil edir. Bu, ABŞ üçün kifayət qədər kiçik rəqəmdir". 

U.S. pastor Andrew Brunson reacts as he arrives at his home after being released from the prison in Izmir, Turkey July 25, 2018 - Sputnik Azərbaycan
Ankara-Vaşinqton qarşıdurmasında ilk müsbət dinamika

O bildirib ki, birbaşa olaraq Türkiyə kontekstindən məsələyə baxsaq, hazırda zərərçəkmiş tərəf kimi Türkiyə görünür: "Türkiyə bu istiqamətdə ciddi çətinliklər ilə üzləşəcək. Amma buna baxmayaraq, tendensiya ondan ibarətdir ki, ABŞ hökumətinin atdığı addımlara qarşı digər ölkələrin hökumətləri də adekvat cavablar ortaya qoyurlar. Düşünürəm ki, uzunmüddətli dövrdə bu cavabların nəticəsi ABŞ hökumətinin müəyyən qədər yumşaq xarici ticarət siyasəti həyata keçirməsinə gətirib çıxara bilər. Amma bu prosesin böyüməsi Avropa İttifaqının burada hansı mövqeyi ortaya qoymasından daha çox asılı olacaq".

Ekspertin fikrincə, ABŞ-Türkiyə iqtisadi münasibətləri kontekstində Türkiyə burada, əsasən, itirən tərəflərdən biridir: "Türkiyənin, xüsusilə elektrotexnika bazarında əsas təchizatçılardan biri ABŞ hesab olunur. Bu ölkədə daha çox beyin məhsulları, daha innovativ müasir texnologiyalar istehsal olunur. Hazırda bunlar istehsalatda və iqtisadiyyatın müxtəlif sektorlarında geniş istifadə olunur. Son nəticədə bu məhsulları ölkəyə gətirmək məcburiyyətində qalan türkiyəli sahibkarlar, biznes subyektləri çox ciddi maliyyə itkiləri ilə üzləşəcəklər. Çünki bəzi hallarda bu məhsulların adekvatı yoxdur və ya olsa belə, rəqabətli deyil. Daha keyfiyyətli istehsal mühitinin formalaşması, iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün bu məhsulların idxalı zəruri xarakter daşıyır". 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan xalqa vəd verdi: "Onların dolları varsa, bizim də Allahımız var"

Onun qənaətincə, eyni zamanda Türkiyənin özünün tətbiq etdiyi sanksiyalardan qaynaqlanan türkiyəli sahibkara bir zərər formalaşacaq: "Amma qısamüddətli dövrdə Türkiyədən valyuta axınları müəyyən qədər məhdudlaşa bilər. Yəni ABŞ-dan idxalın azalması Türkiyədən çıxan vəsaiti müəyyən qədər məhdudlaşdıra bilər. Bu da daxili bazarlarda tədiyyə balansının strukturunun nisbətən tənzimlənən istiqamətə yönəlməsini şərtləndirə bilər".

İqtisadçının sözlərinə görə, amma istənilən halda qarşılıqlı sanksiyalar növbəti dövrlərdə Türkiyənin maliyyə bazarlarından investisiya qaçışını şərtləndirə bilər: "Hazırda bu proses gedir və daha da dərinləşə bilər. Türkiyə iqtisadiyyatına xarici yatırımların həcmi əhəmiyyətli səviyyədə azala bilər. Bu isə son nəticədə, həmçinin valyuta daxil olmasıdır. Beləliklə, qarşılıqlı sanksiyalaşma türk lirəsinin gələcək məzənnəsi ilə bağlı çox böyük risk faktoruna çevrilə bilər".

Xəbər lenti
0