Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ömrü boyu əzablara qatlaşan qadın: "Bunun ən böyük günahkarı qadın özüdür"

© Sputnik / Shahperi AbbasovaMəşqçi Dilarə Əhmədova
Məşqçi Dilarə Əhmədova - Sputnik Azərbaycan
Abunə olmaq
“Yaxşı olar ki, qadınlarımız vaxtlarını gözəllik salonunda deyil, idman zalında keçirsinlər”

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Bəşər sivilizasiyasının inkişaf edib bugünkü səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olub. Elə bir sahə yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəffəqiyyət qazanılsın, uğurlar əldə edilsin.

Məsəl var, deyiblər: "Aslanın erkəyi dişisi olmaz". Azərbaycanda qadın futbolunun təməlini qoyan ilk qadın, Respublikanın əməkdar məşqçisi Dilarə Əhmədovanın həyat hekayəsi ilə tanış olduqda bu fikirlə razılaşmamaq olmur.

Dilarə xanım Qax rayonunun Tasmalı kəndində anadan olub. Hazırda Qax rayonunun Uşaq Gənclər şahmat məktəbində təlimatçı işləyir. İxtisasca atlet olan bu xanım Azərbaycan çempionu, həmçinin 7 dəfə Spartakiadanın qalibi olub. SSRİ-nin qızıl medalı və Moskvada "fəxri fəal idmançı" döş nişanı ilə təltif olunub.

Ramil Quliyev - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı Avropa çempionu oldu

Gənc yaşlarında bir çox uğurlara imza atan idmançı xanım haqsızlıqlarla da qarşılaşıb: "Sovet dövründə kim idi qızları idmana buraxan?! Hamı köhnə fikirli idi. Şortik, qısaqol köynək geyinmək kənd mühiti üçün dəhşət idi. Kənd uşağı olsam da, çalışırdım şəhər uşaqlarından fərqlənməyim. Hətta onlardan üstün olmağa səy göstərirdim. 1979-cu ildə məni rayon birinciliyinə apardılar. O vaxt atletika üzrə yarışlar keçirilirdi. Orada haqsızlıq oldu. Mənim yerimi şəhər məktəblisinə verdilər. Təəssüf ki, müəllimim də arxamda durmadı".

Daha sonra rayonda və ölkə daxilində Spartakiadalara qatılan məktəbli qız müəyyən nailiyyətlər qazanıb. Atası Qurban kişi əvvəllər razı olmasa da, sonradan qızının yarışlara qatılmağına icazə verib. Azərbaycanda uğur qazanan qızcığaz artıq ölkə xaricinə də çıxıb. Onu Ukraynanın Xerson şəhərinə aparıblar.

O dövrün məşhur verilişlərindən olan "Günün ekranı"na müsahibə verməsi ona baha başa gəlib: "Həmin verilişdə mən idman geyimində idim. Qaxa gəldim, sonra da Ukraynaya getməli idik. Qardaşım dedi ki, o nə geyimdi, rüsvay elədin bizi. Uşaq idim, qardaşım da məndən böyük idi. Dedi ki, bu ayaqlarla qaçmısan? Sobanın yanından maşanı götürüb məni elə döydü ki, heç ayağa qalxa bilmədim. Atam evdə yox idi. Anam məni çarpayıda yatırıb, ayağımı bağladı. Həkimə də aparmadılar. Anam köhnə qayda ilə qara əskini yandırıb yaranın üstünə qoyurdu ki, sağalsın".

© © Foto D.Əhmədova tərəfindən təqdim olunub Əməkdar məşqçisi Dilarə Əhmədova yetirmələri ilə
Əməkdar məşqçisi Dilarə Əhmədova yetirmələri ilə - Sputnik Azərbaycan
Əməkdar məşqçisi Dilarə Əhmədova yetirmələri ilə

Evdə hər kəs atanın bu duruma müsbət reaksiyasını gözləyir. Elə Dilarə xanım özü də. Amma atası gözlədikləri reaksiyanı vermir, əksinə qızını dəstəklədiyini deyir. Qardaşını isə bu hərəkətinə görə danlayır. Atasından mənəvi dəstək görən idmançı xanım bundan sonra bir çox uğurlara imza atır.

Bütün bu uğurlarına baxmayaraq, onu qarşıda maneələr də gözləyirdi: "Mən ilk göndərişimlə Bədən tərbiyəsi və idman Akademiyasına getmişdim. Akademiyada imtahandan kəsildim və şikayət ərizəmi verdim. Beləliklə, məni Bədən tərbiyə texnikumuna göndərdilər. Oranı bitirdikdən sonra yenidən akademiyaya sənəd verdim. Qiymətlərimin hamısı yaxşı idi, amma yazıdan kəsildim. Şikayət elədim, iradlarımı bildirdim, baxılmadı. Dedilər, bir də imtahan ver. Amma vermədim. Təyinatımı Zaqatalaya verdilər. "Məhsul" Kənd Könüllü Cəmiyyətində 2 il məşqçi işlədim".

İdmançı xanımı 1986-cı ildə Moskvaya çağırıblar. Orada həm idmançı, həm də məşqçi olub. Bir müddət sonra Zaqatalaya qayıdan idmançı xanımı Qax Rayon Partiya Komitəsinin birinci katibi Maksim Musayev öz rayonlarına — Qaxa dəvət edib. Dilarə xanımı "Məhsul" Kənd Könüllü Həmkarlar cəmiyyətinin idman qurğularının direktoru təyin etmək istəyib: "O zaman 20 yaşım var idi. Belə bir məsuliyyəti üzərimə götürmək istəmirdim. Amma M.Musayev mənə dəstək olacağını dedi. Və mən həmin cəmiyyətin sədri oldum".

Талех Наджафзаде - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı inanılmazı bacardı: Sınıq əllə...

Dilarə xanım "idman sağlamlığın rəhnidir" prinsipini həmişə rəhbər tutub. O, təkcə özünün yox, rayon qadınlarının da idmanla məşğul olmasını istəyib. Bu məqsədlə qadınlar üçün pulsuz aerobika dərsləri keçib. Sovet dövründə fabrikdə çalışan qadınlara işdən sonra aerobika zalına gəlmələrini təklif edib: "O dövrdə 1 May paradı keçirilirdi. Mənim qızlarım həmin paradda çox gözəl idman hərəkətləri ilə rəqslər nümayiş etdirdi. Maksim Musayev bunu görüb, İdman komitəsinin sədrinə dedi ki, “baxın, orta ixtisaslı kadrdır, görün nələr edir. Siz nə edirsiz?” Mən o dəyəri Maksim Musayevdən aldım. Musayev məni instituta göndərmək istədi. Amma bir əngəl var idi, mən o zaman hamilə idim. Burdan da yolum belə kəsildi, təhsil ala bilmədim".

Müsahibimiz deyir ki, 2005-ci ildə prezident İlham Əliyevin futbolun inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramına qadın futbolunun inkişafı da daxil edildi: “Nazirlikdən bizim Gənclər idarəsinə məktub gəldi ki, bölgələrdə qadın futbolu fəaliyyət göstərsin. Bütün idman müəllimlərinə dedilər, amma kişi müəllimlərdən heç biri qabağa durmadı. Fikirləşdim ki, qadın futbolunda yenilik edə bilərəm. İki qrup yaratdım. Bu qruplar Gənclər və İdman nazirliyinə göndərildi və təsdiq olundu. Təhsil Nazirliyinə də getdi ki, Qaxda iki qız futbol qrupu fəaliyyət göstərir".

İnsanlar bəzən yenlikləri qəbul edə bilmirlər. İdmançı xanımın da bu addımı heç də birmənalı qarşılanmır. Hər kəs ona istehza ilə yanaşır, "yüngül atletika ilə məşğul olan qadın necə futbolçu ola bilər?" deyirlər. Lakin o, heç kəsə fikir vermədən, kəndbəkənd, məktəb-məktəb gəzərək, futbolu təbliğ edərək, qızları yığmağa başlayır: "Qızlar evdə futbola getdiyini demirdilər. Hamısı ya voleybola, ya da yüngül atletikaya getdiyini deyirdi".

Dilarə xanım bir gün televiziyada prezident sərəncam ilə AFFA futbol federasiyasında "C" kateqoriyalı məşqçilər hazırlandığını və kurs açılacağı elanını eşidir. Futbolçu xanım dərhal AFFA-ya müraciət edir və ictimai əsaslarla iki qadın komandasının olduğunu bildirir: "Özümü sınamaq istəyirdim. Bizim keçmiş məktəbin direktoru əməkdar məşqçi idi. Futbol şöbəsinə böyük yer ayırdı. Məndə futbola sevgi yaranmışdı. Metodist kimi şöbələrim var idi. Kursda 30 nəfər var idi. Almaniyadan nümayəndələr gəlib kursumla tanış oldular. 2010-cu ildə məşqçi adını aldım və mənimlə müqavilə bağlandı".

Fransalı dağ xizəkçisi David Puasson - Sputnik Azərbaycan
İDMAN
Məşhur idmançı məşq zamanı öldü

Futbolçu xanımın bağladığı müqaviləyə öz rayonlarında — Qaxda xitam verilir, ona bildirirdilər ki, qadın futbolçu ola bilməz: "Həmin müqavilə inventarlarla birlikdə Telman müəllimə verildi. Telman müəllimin heç bir şeydən xəbəri yox idi. O zaman o işsiz idi. Mənə dedi ki, sizin müqaviləni mənimlə bağlayırlar. Fikirləşdim ki, mən getməsəm, uşaqlar da getməyəcək. Həm də fikirləşdim ki, mənə bir az da təcrübə olsun. 2 il Telman müəllimin yanında nökər oldum".

Bütün təzyiqlərə baxmayaraq, mübariz xanım 2 il kəndlərdən uşaqlar yığaraq işləyir: "Baş katibə məktubla müraciət etməyə məcbur oldum ki, mənim qrup komandam var. Xahiş edirəm, gəlin baxın. Sizinlə müqavilə bağlayıb, işləmək istəyirəm. Gəlib gördülər ki, tam ətraflı komandam var".

Müqavilə bağlamamışdan əvvəl dünya çempionatına seleksiya keçirilir, futbolçular seçirlər. İlk seleksiya Şəkidə keçirilir: "15 nəfər qız seçib apardılar. Qızlarımın içində Olia Şioşvilini seçdilər və bu qız ilk dünya çempionatında oynayan qızlardan biri oldu. Ən sevindirici hal o idi ki, mən AFFA ilə müqavilə bağlanmamış, seleksiyadan ilk qızı verdim".

"Xaçmazdan 2 nəfər qız var idi, Gürcüstandan 5 nəfər qız gətirmişdim, İmişlidən, Bakıdan qızlar var idi. O uşaqlar klublardan kənarda qalan uşaqlar idi. Hansı ki, bəyənilməyən qızlar idilər, mən onların üzərində işlədim və keçən il respublika çempionu oldular" — deyə futbolçu xanım qeyd etdi.

2012-ci ildə müqavilə ilə komandalarının sayını artıran xanım 3 komanda — "UGİM 13", "UGİM 16" və "Kürmük 17" komandalarını yaradır. 3 komanda ilə işləyən D.Əhmədova futbolçu qızları öz evində saxlayır. Çünki komandada təkcə Qaxdan yox, digər rayonlardan da qızlar var.

Bafetimi Qomis - Sputnik Azərbaycan
İDMAN
Məşhur futbolçu bu səbəbdən saçlarını kəsdi

İdmançı xanım bu işlərdə ona yardım edən ömür-gün yoldaşına təşəkkür etməyi də unutmadı: "Həyat yoldaşım olmasaydı heç vaxt bu uğurları əldə edə bilməzdim. Rayon yerində idmançı olmaq çətin məsələdir. Hərə bir söz deyir. O, həmişə mənim yanımda olub. Hər uğurlu kişinin arxasında bir qadın olduğu kimi, uğur qazanan qadının arxasında da güclü kişi olur. Bu baxımdan mən özümü xoşbəxt qadın hesab edirəm. AFFA-nın maliyyə dəstəyi ilə sürücüyə verilən pulu uşaqlara xərcləyirəm, çünki sürücü həyat yoldaşımdı”.

Azərbaycanda qadın futbolunun təməlini qoyan xanım insanları, xüsusi ilə qadınlara idmandan uzaqlaşmamağı tövsiyə etdi: “Azərbaycanda qadınlar çox passivdirlər. Xüsusi ilə hamiləlik dönəmində idman etmək vacibdir. Son illər qadınlar doğuş zamanı ölür, ya da qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirirlər. Bunun ən böyük günahkarı qadın özüdür. Çünki olduqca passiv həyat tərzi keçirirlər!”

“İdmançı olmasaydım, bütün bu çətinliklərin öhdəsindən gələ bilməzdim" – deyən müsahibimiz məsləhət görür ki, mümkün qədər kompüterdən uzaqlaşmaq lazımdır: “Uşaqlara gözəl tərbiyə idman meydançalarındadı. Nə qədər ki, sağlam olmayacağıq, heç bir sağlam fikir yürüdə bilmərik”.

Xəbər lenti
0