BAKI, 16 iyul — Sputnik. Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Cüdo Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu keçib.
Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
+100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.
Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.