Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Gözünüz telefonda olsun: 39 manatlıq möcüzəli SMS və bunlar başınıza gəlsə, nətərdi?

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsən sizə özəl təklif: 315 manatlıq çek-up müayinəsindən cəmi 39 manata keçmək fürsəti

BAKI, 20 iyun — Sputnik. Çox adamın bildiyi bir lətifə var, "olsa, nətərdi" söhbəti. Bilməyənlər üçün qısaca arayış:

Qurban ağanın qızına qonşu mahaldan elçi gəlir. Qıza talib olan oğlan özünü Əhməd ağa kimi təqdim edir. Təbii ki, ağa oğlanın var-halı ilə maraqlanır. Və gələcək kürəkəni ilə aralarında belə bir dialoq keçir:

Diplom - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diplom əldən getdi!

— Ağa, obanın ən hündür yerində dəbdəbəli bir imarət olsa, nətərdi?

— Yaxşı.

— 50 hektarlıq fermer təsərrüfatı olsa, nətərdi?

— Çox yaxşı.

— O fermada 100 baş iribuynuzlu, 1000 baş xırda buynuzlu mal-qara olsa, nətərdi?

— Əla.

— Fermada nökər-naib qismində 20 ailə çalışsa, nətərdi?

— Əntiqə!

Beləcə, razılıq əldə olunur, şirinçay içilir, bir müddət sonra da toy edib gəlini köçürürlər. Nəhayət, Qurban ağa ailəsini də yığıb qızının evinə — qızgördüyə yollanır. Qonşu mahalın girişində dayanan adamdan Əhməd ağanın imarətinin yerini soruşurlar. Adam duruxur və deyir: "Bu mahalda Əhməd adlı ağa yoxdur, amma kəndin aşağısında "Yoluq Əhməd" adlanan bir kasıb yaşayır.

Qurban ağa ürəyində "Bu adam mənim kürəkənimi tanımır" deyə düşünür və yola davam edirlər. Yolboyu kimdən Əhməd ağanın malikanəsini soruşurlarsa, eyni cavabı alırlar: "Buralarda "Yoluq Əhməd"dən başqa Əhməd yaşamır".

Əlqərəz, məcbur olub "Yoluq Əhməd"in evinə üz tuturlar. Çatanda nə görsələr, yaxşıdır? Uçuq-sökük bir daxma… Həyətdə Qurban ağanın qızı çırpı yığıb ocaq qalayır, Əhməd də eşşək arabası ilə gətirdiyi ot-ələfi arabadan boşaltmaqla məşğuldur.

Qurban ağanın cin vurur beyninə. "Ayə şərəfsiz, bəs sən mal-mülk belə, nökər-naib belə danışırdın, məni aldadırdın?" deyib cumur oğlanın üstünə. Kürəkən də heç tövrünü pozmadan qayıdır ki, "Ağa, bəyəm mən sadaladığım var-dövlətə sahib olduğumu dedim? Dedim ki, olsa, nətərdi, sən də cavab verdin ki, əla. Daha gerisini soruşmadın deyə, mən də izahat vermədim"…

… Bizim səhiyyəmizdəki həkim-xəstə münasibətlərini necə də xatırladır, deyilmi? Belə ki: Həkim yanına gələn xəstənin yaşadığı bütün sıxıntıları (nəzəri kitablardan oxuduqlarını) sadalayır və soruşur: "Bu əlamətlər sizdə varmı?" Xəstə də sevincək (çox şükür, qurtulacam deyə) təsdiq edir. Və həkim müdrikcəsinə başını yelləyir, sonra yanındakı tibb bacısı ilə dünən "hörmət" etməyən "yaramaz" xəstənin "nankorluğunu" müzakirə edə-edə başlayır qarşısındakı A4 vərəqində anlaşılmaz xətlə nələrsə yazmağa.

Bir ay sonra xəstə yenə gəlir və "həkim, axı, siz mənim dərdimin nə olduğunu bildiniz, yazdığınız dərmanları da qəbul etdim, amma sağalmadım" deyir. Həkim yenə müdrik görkəm, bir az da incik sifət alıb cavab verir: "Mən sizdən filan əlamətlərin sizdə olub-olmadığını soruşdum, sağalacağınıza dair bir vəd verdimmi? Xeyr".

Здание Министерства здравоохранения Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səhiyyə Nazirliyinin daha bir ciddi səlahiyyəti əlindən alındı

Ya da öz başıma gələndən misal çəkim. Dövlət xəstəxanalarının birindən SMS aldım ki, "Şəxsən sizə özəl təklif: 315 manatlıq çek-up müayinəsindən cəmi 39 manata keçmək fürsəti". Bilmirəm, mazaxizm əlamətindəndir, ya nədəndir aldadılmağa ehtiyac hiss etdim və getdim xəstəxanaya.

Qəbuluna düşdüyüm ilk həkim (ümumi müalicə həkimi) şikayətçi olduğum problemi dilə gətirməyimə belə, imkan vermədən buyurdu ki, "sənin problemini tam dəqiq öyrənsək, nətərdi?". "Nətər olacaq, əntiqə" dedim. Yerindəcə kağıza 9 sıra rəqəmli bir siyahı yazıb laboratoriyaya göndərdi. Arxamca da mülayim səslə ərz etdi ki, "narahat olma, ümumi qan analizi paketə daxildir". Bunun nə demək olduğunu qanammasam da, utandığımdan soruşmadım da. Amma sonra başa salacaqlarmış…

Bəli, laboratoriya otağında izah etdilər ki, o siyahıdakı 1-ci analiz paketə (yəni 39 manata) daxildir, lakin geri qalan 8 növ analiz üçün gərək ödəniş etməliyəm. Bu da cəmi-cümlətani 75 manat edirmiş.

Sıra növbəti otağa çatdı. İçəri girər-girməz qastroentroloq (mədə-bağırsaq həkim) barmağı ilə yan otağı göstərdi və işarə etdi ki, sonra bura gəlim (adam telelefonla danışırdı da, neyləsin). Yan otaqdakı yaşlı qadın da sanki mənim gəlişimi gözləyirdi. Sevincək qabağıma gəldi ki, "səni bir qəşəng UZİ-dən keçirsəm, sonra soldakı otaqda bir qəşəng rentgen olunsan, nətərdi?". "Yaxşıdır, amma paket…" demək istəyirdim ki, hər müayinəyə 20-cə manat ödəyəcəyimi söylədi. Ya Allah, bu da belə.

Növbədə kardioloq müayinəsi vardı. Otağa girdiyimdə burnuma "priyatnı" kartof qızartması iyisi gəldi. Həkim mətbəx kimi istifadə etdiyi yan otaqdan qışqırdı ki, "ürəyini "ot i do" yoxlasaq, nətərdi?" Cavab verdim ki, "pis olmaz, bəs 39?". Cavabımın ikinci — sual hissəsini eşitmədi deyəsən və əl-ağzını yaxalaya-yaxalaya (normal olaraq naharda adamın əlləri və ağzı yağlaşov olur) "Onda vaxt itirmə, qaç filan otağa, sonra bura qayıt" deyib məni otaqdan çıxardı.

Burada aparatın arxasında oturan həkim məsləhət gördü ki, əvvəl kardioqram etsin (bəzi problemlər bu aparatda bilinirmiş), ardınca exo-kardioqram etsin (birincidə görünməyənlər də burda görünürmüş), nəhayət ürəyimin ritmini nəzarətdə saxlamaq üçün xüsusi aparat qoysun, həmin cihazı bir sutka üzərimdə gəzdirim ki, ürəyimin necə döyündüyü tam dəqiqliyi ilə bəlli olsun. Ardınca da hesabladı: "Deməli, 20+30+50=100, hamısı birlikdə 100 manat edir".

Çek-up müayinə sırasında nevropatoloq yoxlanışına növbə çatdı. Zatən, siyahıda olmasa belə, artıq əsəblərimi müayinə etdirməyim şərt idi. "Gəl-gəl" dedi qapının arasından boylandığımı görən həkim. "Tak, belə edək…" barmaqlarını stola taqqıldada-taqqılda söhbətə başladı.

— Beynini bir qəşəng MRT etdirsək, nətərdi?

— …

— Gedirsən "…" klinikasına, bax bu kağızı verirsən onlara, aparatdan keçirsən və cavabı da götürüb qayıdırsan yanıma. "Xoroşo?"

— Ay həkim, bu paket, 39… "Voopşe" MRT etdirməsəm, nətərdi?

— Yox, onda bilmərik axı, nə var-nə yox. 100 manat canından artıq deyil ki.

— Hə də…

P.S.

"…" klinikasına gedə-gedə yolboyu elə hey "75+20+20+20+30+50=215-i başa düşdüm də, MRT-yə fəda olacaq 100-lüyün bu xəstəxanaya nə dəxli?" deyə düşündüm, amma cavab tapa bilmədim. Yəqin mənim qafam almır, hər halda bir bildikləri var.

Xəbər lenti
0