ELM

Diplom əldən getdi!

© pixabay / vlovelandDiplom
Diplom - Sputnik Azərbaycan
Abunə olmaq
O, sənin arzunu həyata keçirə bilmədiyi üçün vicdan əzabı çəkir

BAKI, 21 may — Sputnik. Nədir bizdə bu diplom sevdası? Uşağın meyli var ya yox, savadı çatır ya yox, ümumiyyətlə təhsil ardınca getmək istəyir ya yox, məcburi oxutmaq təfəkkürü bizə niyə qənim kəsilib? Qonşudanmı utanırıq, qohumdanmı abır edirik, özümüzəmi sığışdıra bilmirik? Ki, mənim övladım mütləq ali məktəbin pilləkanlarını qalxıb-enməlidir.

Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

Ümumiyyətlə, nədir bu kollektiv yanaşma tərzi? Fərdiyyətə, şəxsi seçimə, öz həyatını özünün istədiyi kimi qurub yaşamağa qarşı bu qədər barışmaz mövqe nə zaman bizi rahat buraxacaq? Həyatı fərdi olaraq verilən və həmin həyatı necə yaşadığı Yaradan qarşısında yalnız özündən soruşulacaq olan yaradılış üzərində amansız ictimai basqı ədalətsizliyin son həddi deyilmi?

Kollektivçiliyi belə sevirdik, niyə bütün dünyada kollektivçiliyin bayraqdarı olan Şura hökumətini dağıtdıq? "Hamı hamı üçün", "bir nəfər hamı üçün" düşüncə formasını, "palaza bürün, elnən sürün" şüarını, "hamı necə, sən də elə" prinsipini bu qədər mühafizə ediriksə, gül kimi Sovet quruluşunu yıxıb Avroatlantik məkana inteqrasiya bayrağını qaldırmağın adı nəydi?

Mənim uşağım mütləq oxumalıdır… Filankəsin övladının 2 dənə diplomu var, mənimkinin niyə olmasın?… Nəyin bahasına olursa olsun, sən "inistuta" girməlisən, girə bilməsən, gözümə görünmə!

Ay yoldaş(lar), niyə özümüzə və övladlarımıza bu qədər zülm edirik, axı? O filankəs dediyin adam uşağının birinci diplomunu 4 il çiyələk əkib-becərməklə, ikinci diplomunu isə bütün mal-qarasını satmaqla aldı. Boğazından kəsib ona-buna rüşvət verdi, özü yeməyib onun-bunun ciblərini doldurdu. Nəticə? Alınan kağız parçalarının hansı dolabda kifləndiyi bəlli deyil, uşaq "Sədərək"də qadın alt paltarları satır.

Въезд в город Сумгайыт. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda daha bir şok olay: Şəhərdə nə baş verir?

Nəyin bahasına olur olsun, "inistuta" girməli olan övladın, sırf sənin bu amansız arzun həyata keçsin deyə öz istəklərini dəfn edir, xəyallarını basdırır, yaşamaq istədiyi gələcək həyatı sənin qazdığın çuxura gömür.

Sonra sənin arzunu həyata keçirə bilmədiyi üçün vicdan əzabı çəkir, ona verdiyin zəhməti yüz dəfə başına qaxacağını, təpəsinə vuracağını gözü önünə gətirir. Qonşuların istehzasını, qohumların tənəsini hiss etməyə başlayır. Onu geridə elə bir bərbad mənzərə gözləyir ki… Və o, evə dönmür, özünü 14-cü mərtəbədən üzüaşağı — dəfn etdiyi arzularının yanına buraxır…

İndi yüz başına-gözünə döy, fəryadın göylərə çatsın, üsyanın ərşə dayansın. "Merətə qalsın o kağız parçasını, kaş balam sağ olaydı" de, "Lal-kar olaydı, yanımda qalaydı" de. Faydası varmı? Ya bir ömür bu əzabla yaşayacaqsan, ya da bir müddətdən sonra hər şeyi unudub yaşamına davam edəcəksən?

Amma o balan vardı ha… O balan elə bir zərgər ola bilərdi ki, onun əl işləri nəinki diplom alanların, diplom verənlərin də ən qiymətli əşyalarına çevrilərdi. O balan elə bir ixtiraya imza ata bilərdi ki, universitetlər ona fəxri diplom vermək üçün minnətçi düşərdi.

O diplomsuz balan vardı ha… Əlinin altında onlarla diplomlu çalışdıracaq uğurlu bir iş adamına çevrilə bilərdi. Ac diplomluların yalvar-yaxarla qiymət saldırmağa çalışdığı, tox diplomluların xahiş-minnətlə növbəyə durduqları bir avtomobil təmirçisi ola bilərdi o balan. İdmançı olardı, diplomla 10 ildə qazana biləcəyini bircə dəfə babat beynəlxalq nəticə ilə əldə edərdi.

Bəli, bütün bunlar olar bilərDİ, əgər sənin o ucuz hikkən olmasaydı…

Xəbər lenti
0