Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. Artıq ölkəmizdə taxıl mövsümü başlayıb. Bölgələrdə isə taxıl yığımı üçün kombaynlar çatışmır. Rayon rəhbərləri, məmurlar bütün texnikanı özlərinə aid taxıl sahələrinə cəlb ediblər. Kombaynçılara da deyiblər ki, "birinci bizim taxıllar biçilməlidir, camaatınkını axırda biçərsiz". Biçin gecikdiyi üçün camaatın taxılları batır. Bir yandan yağış yağıb taxılı yatırdır, bu, onun biçiminə mane olur. Digər tərəfdən isə quruyan sünbüllər yerə tökülür. Arpanın, buğdanın yarıdan çoxu torpağa tökülür ki, onu da yığmaq mümkün deyil. Beləcə camaatın il uzun çəkdiyi zəhmət hədər gedir.
Bu problem respublikanın bütün rayonlarında mövcuddur. Sosial şəbəkə istifadəçiləri son günlər davamlı olaraq bu problemə toxunurlar. Xüsusilə Qax, Şəki, Zaqatala, Balakən, Oğuz və digər rayonlarda bu problem əhalini son dərəcə narahat edir. Bəs günümüzdə aktual olan bu problemi Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlar necə həll etməyi düşünür?
"Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda respublikada taxıl biçininə 2300 ədəddən çox taxılyığan kombayn cəlb olunub. Ümumilikdə ölkədə 990 min hektardan çox əkin sahəsi var. Bu sahələrdə həm buğda, həm də arpa əkilib.
İsmayılov bildirib ki, hazırda "Aqrolizinq" ASC-nin rayon bölmələrinin istifadəsində 632 ədəd kombayn var. "Aqrolizinq" ASC-dən lizinq qaydasında ayrı-ayrı vətəndaşlar 865 ədəd kombayn alıblar ki, bunlar da müxtəlif rayonlardadır. Digər hüquqi və fiziki şəxslərin mülkiyyətində isə 750-yə yaxın kombayn var. Bunların cəmi isə 2300-ə bərabərdir.
Onun sözlərinə görə, "Aqrolizinq" ASC-nin rayon bölmələrinin istifadəsində olan 632 ədəd kombaynla orta hesabla ölkədə əkilmiş taxılın təxminən 40 faizini biçmək mümkündür. Yerdə qalan əkin sahələri isə digər kombaynlarla biçilir.
"Kənd təsərrüfatı təbii iqlim şəraitindən çox asılıdır. Arpa biçini buğdaya nisbətən tez başlayır. Çünki arpanın yetişkənlik dövrü buğdaya nisbətən tezdir. Ona görə də ilkin olaraq arpanın biçininə başlanır. Havaların yağmurlu keçməsi və yığım üçün əlverişli olmaması səbəbindən arpa biçini də bir qədər gecikib. Digər tərəfdən, arpa bitkisi buğda ilə müqayisədə kövrək bitkidir. Ona görə hamı çalışır ki, arpanı tez biçsin. Bundan başqa, ötən il arpa bitkisinin satış məhsulu buğdaya nisbətən çox baha olub. Ona görə də vətəndaşlar bu il daha çox arpaya üstünlük veriblər. Və arpa əkini sahəsi ötən ilə nisbətən artıb. Bu da yığımda kombaynlara tələbatı bir qədər artırıb" — deyə "Aqrolizinq" ASC-nin nümayəndəsi bildirib.
O, həmçinin qeyd edib ki, arpa yığımının başa çatmasına bir həftə qalmış buğda bitkisi də artıq yetişməyə başlayır və tələbatlar üst-üstə düşür. Ona görə də kombaynlara tələbat daha da artıb.
Şöbə müdirinin sözlərinə görə, "Aqrolizinq" ASC-nin yerli strukturları əkin sahəsi əsasən 2-3 hektardan az olan fermerlərə, sahibkarlara xidmət edir. "Aqrolizinq" ASC-nin yerli bölmələrinin yaradılmasında da məqsəd ondan ibarət olub ki, ancaq xırda pay sahiblərinə aqrotexniki əməliyyatların yerinə yetirilməsi üçün yardımçı olsunlar. Vətəndaşlar özləri də fərdi lizinqdə olan kombaynlara, təşkilatlara deyil, müraciəti "Aqrolizinq" ASC-yə yönəldirlər.
"Biz əhaliyə xidmət edirik, nəinki fərdi böyük sahələri olan insanlara. Bizim kombaynlar böyük massivlərə yönəldiləndə, əkin sahəsi 2-3 hektardan az olan fermerlərin taxılı biçilmir. Biri var bir nəfəri kombaynla təmin edək, biri də var 1500-2000 adamı razı salaq. İri taxıl sahələri əkmiş şirkətlər və yaxud adi vətəndaşlar bəzi hallarda "Aqrolizinq" ASC-yə müraciət edirlər ki, yerli bölmələrdə olan kombaynlardan istifadə etsinlər. Biz də onlara izah etməyə çalışırıq ki, bu kombaynları 1000-2000 hektara yönəltsək, hətta, biçin mövsümü başa çatanadək o sahələri biçib qurtara bilməzlər. Ona görə də bizim kombaynlar əkin sahəsi 2-3 hektardan az olan fermerlərin taxılının biçininə yönəldilir. Biz çalışırıq ilk növbədə əlil, şəhid ailələrinin və bu kateqoriyadan olan ailələrin taxılını biçək. "Aqrolizinq" ASC-də kombaynların hamısı xırda ölçülü sahələrdə işləyir" — deyə ismayılov bildirib.
Taxıl yığımı ilə bağlı bir neçə xarakterik cəhətlərə də toxunan şöbə müdiri deyib ki, ölkədəki əkin sahələrin böyük əksəriyyəti kiçik ölçülüdür. Ona görə də kombaynların burada manevr etməsi çətinləşir. Digər tərəfdən, bu sahələr kəndlərdə müxtəlif yerlərdə səpələnmiş formadadır. Bir sahə ilə o biri sahə arasında, hətta, 40-50 kilometr məsafə olur və bu zaman vaxt itkisi baş verir. Belə hallarda kombaynın boş vaxt itkisi çoxalır. "Ona görə də tövsiyə edirik ki, ittifaqlar, assosiasiyalar yaratsınlar. Bu zaman texnikalardan istifadədə səmərəlilik artacaq, məhsuldarlıq və gəlir də yüksək olacaq" — deyə İsmayılv əlavə edib.
"Aqrolizinq" ASC-nin rəsmisi onu da bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi var: "Eyni zamanda, "Aqrolizinq" ASC-də qərargah yaradılıb. Qərargah mütəmadi olaraq gün ərzində, səhər saat 09.00-dan axşam saat 22.00-dək fəaliyyət göstərir. Qərargahın telefonu belədir: 012-425-63-26. Burada vətəndaşların müraciəti qeyd olunur, təhlil edilir, aidiyyəti üzrə rayon bölmələrinə verilir ki, həmin sifarişləri yerinə yetirib və bizimlə əks əlaqə yaradırlar. Xüsusi forma hazırlanıb və müraciətlərin nəticələri barədə günün sonuna kimi "Aqrolizinq" ASC-yə məlumat verilir".
Şöbə müdiri vurğulayıb ki, artıq arpa sahələrinin yarısı biçilib. Hava şəraiti imkan verərsə, 4-5 günə qalan sahələr də biçiləcək. Növbəti həftədən buğda biçini başlayacaq.