BAKI, 8 iyun — Sputnik. "Azərbaycan ənənəvi olaraq bərk buğdanın vətəni hesab olunur. Amma nəyə görə isə fermerlərimiz bərk buğdanı becərməyə maraqlı görünmürlər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bərk buğda "Made in Azerbaijan" brendi altında ən yüksək ixrac potensialına malik olan bir bitkidir: "Azərbaycanın bərk buğdasından istehsal olunan un və un məmulatları, yəni, makaron, vermişel və s. xüsusi ətrə, dada malikdirlər. Amma əksəriyyət xaricdə istehsal olmuş makaronu baha qiymətə almağa üstünlük verir. Azərbaycanın özündə bu buğdaya böyük ehtiyac var. Makaron istehsalı ilə məşğul olan zavodlar, fabriklər bu məhsulu xaricdən alıb gətirirlər. Yəni bu işi Azərbaycanda təşkil etmək çox asandır və mümkündür".