Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 29 may — Sputnik. Tarixi qorumaq, ona sahib çıxmaq ən ümdə vəzifələrimizdən biridir. Vəzifəsindən asılı olmayaraq, hər kəs keçmişinə sidq ürəklə bağlı olmalıdır. Eynən Akif Məmmədli kimi… Akif müəllim 20 ilə yaxındır şimal-qərb bölgəsinin, xüsusi ilə Balakən, Zaqatala və Qaxın tarixini tədqiq edir və bu işin pioneri hesab olunur.
O, 2016-cı ildə "Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri: təsviri və təsnifatı" mövzusunda yazdığı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Tarixçi həm də yaşadığı bölgənin tarixinə, tarixi abidələrinə aid 3 sənədli filmin və onlarla elmi məqalənin müəllifidir. Bölgənin tarixi və etnoqrafiyası ilə bağlı iki beynəlxalq konfrans və simpozium iştirakçısıdır. 12 kitabın (1 elmi monoqrafiyanın) müəllifidir.
Bütün bunlarla yanaşı, Akif müəllim yaşadığı evin həyətində muzey yaradıb. Muzeydə daş dövründən bu vaxta qədər bütün zamanları əhatə edən eksponatlar yer alıb. Eksponatların böyük bir qismi Balakən, Zaqatala, Qaxa məxsus olsa da, digər bölgələrdən də var.
Müsahibimiz, muzeyin yaranma tarixi və əhəmiyyəti barədə Sputnik Azərbaycan-a danışdı: " 20-30 il əvvəldən beynimdə muzey yaratmaq fikri var idi. Elə bu məqsədlə də təsərrüfat işləri ilə məşğul olan zaman rast gəldiyim, marağımı, diqqətimi cəlb edən eksponatları evimə topladım. Sonra gördüm ki, artıq evdə bu eksponatları yerləşdirə bilmirəm. Təxminən 10 il əvvəl bu eksponatları bir muzey kimi sərgiləmək zərurəti ortaya çıxdı".
Həmsöhbətimiz bildirdi ki, muzeydə 30 il ərzində təxminən 3 minə qədər eksponat toplanılıb. İndi bura gələn hər kəs öz nəsil yadigarlarını bu muzeyə bağışlayır.
Tarixçi qərbdən Gürcüstanla, şimaldan da Dağıstanla sərhəd olan Balakəni "döyüş səngəri" adlandırır. Hesab edir ki, burada hər hansı bir silah yox, elm və eksponatlar işə yarayır: "Mən həm şimaldan, həm qərbdən ərazilərimizə iddia edən separatçılara burdakı eksponatlarla, elmi dəlillərlə cavab verə bilirəm. Məhz bu məqsədlə bu eksponatları topladım. Çünki bu iddialar çoxaldıqca bizim də buna adekvat olaraq elmi dəlillər ortaya çıxarmağımız gərəkirdi".
Akif müəllim bölgədəki abidələrin qorunmasının zəruriliyini diqqətə çatdırdı. Bununla yanaşı, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd etdi: "Bizim çox acı təcrübəmiz var. 25-26 il əvvəl Qarabağın heç vaxt ermənilərin olmayacağı iddiasındaydıq. Amma fakt budur ki, bu gün Qarabağ ermənilərin əlindədir. Biz bu abidələrə sahib çıxmasaq, Qərbdən və Şərqdən ərazi iddiaları genişlənəcək".
Bildiyimiz kimi, ermənilərin ərazi iddiası təkcə Azərbaycanla bitmir, iddia edirlər ki, Gürcüstanda 600-ə qədər erməni abidəsi var. Bondo Arveladze "Армянские" или грузинские церкви в Грузии?!" ("Gürcüstanda "erməni", yoxsa gürcü abidələri?!") adlı əsərində ermənilərə cavabında nədənsə Balakən, Zaqatala, Qax, Şəki bölgəsindəki bütün tarixi abidələri, alban kilsələrini şərqi Kaxetiya torpağındakı gürcü abidələri adı ilə qələmə alıb.
A.Məmmədli həmin kitabın olduqca təhlükəli olduğunu bildirir: "Zori Balayanın Qarabağla bağlı kitabı ilə müqayisə etsək, Arveladzenin kitabı daha təhlükəlidir. Çünki o, sıravi insanların başa düşməyəcəyi, yalnız elm adamlarının anlayacağı mənbələrə istinad edir. Əsərdə deyir ki, "bəs biz niyə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ bölgəsindəki abidələrdən danışmayaq? O abidələr gürcü xalqına məxsusdur". Bu bölgə çox ciddi təhdid altındadır. Arveladzenin yazdığı kitab çox ciddi siqnalıdır".
"Bundan 2 il əvvəl mən bir beynəlxalq konfransa dəvət aldım. İtaliyada və Tiflisdə olan zaman mən orta məktəb şagirdlərində Balakən, Zaqatala, Qax rayonlarındakı bütün tarixi abidələrin, hətta yerini lakalizə edə bildiklərini müşahidə etdim. Bu bizə bir xəbərdarlıqdır" — tarixçi vurğulayır.
Sözügedən bölgədə qədim alban tayfalarından olan gellər yaşayır. Həmsöhbətimiz bildirir ki, gürcü separatçıları həmin tayfadan, XVII əsrdən etibarən "ingiloy" adlanan etnosları gürcü adı ilə qələmə verir: "Qaxda Kürmük məbədi ilə bağlı qədim Alban tarixi adət-ənənələrini, xalqımızın tarixinə və etnoqrafiyasına aid olan "Kürmük oba bayramı"nı sırf gürcüləşdirməklə məşğuldurlar. Mən də bir vətəndaş olaraq, 30 ilə qədər bu bölgənin tarixini, etnoqrafiyasını, arxivini araşdırmış bir elm adamı kimi deyirəm ki, artıq məsələ çox ciddiləşib".
Akif Məmmədli yaratdığı muzeydə üst paleolit dövrünə aid eksponatlar da yer alıb. Bu eksponatlar sübut edir ki, burada 40 min il əvvəl insan yaşayışı olub: "Kəndimizdəki qəbiristanlıqda mənim ulu babalarım uyuyur. Qəbiristanlığın üzərində olan epitafe (yun. məzar daşı üzərindəki yazı) ərəbşünaslarla birlikdə oxuduq. Əbdal Mustafanın oğlu Məhəmmədəli və oğlu Məhəmməd, mənim babamın ata və babalarıdır. Əbdal Mustafaya qədər dirənən bir şəcərə, bir soykök üzərində daha sonrakı dövrlərdə də araşdırmalar apardıqca bu bölgədəki insanların 40 min il əvvəl məskunlaşdığını sübut edən eksponat əldə etdim. Beləliklə, ilk dövrdəki marağım, yerimi, torpağımı, evimi müdafiə etmək instinkti dövləti müdafiə etmək funksiyasına çevrildi".
Haqqında danışdığımız bu muzey daha çox xarici turistlərin diqqətini cəlb edir. Kanada, Toronto, Sinqapur, Nyu-York, Hollandiya, Norveç, İsveç, Türkiyə və digər ölkələrdən bura turistlər təşrif buyurur.
Həmsöhbətimiz "Bu muzeyi Balakən Tarix Diyarşünaslıq Muzeyi ilə birləşdirmək olmazmı? Niyə məhz sizin həyətinizdə?" sualına da cavab verir: "Bəlkə də olar. Amma məsələnin ciddiliyini nəzərə alsaq, deyərdim ki, heç olmaz. Çünki 24 saat ərzində bu beynəlxalq yol üzərindən minlərlə insanlar keçir. Bu, bir region məsələsi deyil, bu muzey burda Azərbaycan dövlətini, Azərbaycan elmini təmsil edir. Rayonun tarix diyarşünaslıq muzeyi səhər saat 09:00-da açılır və 17:00-da bağlanır. Bundan sonra gələn insanlar üçün kimsə informasiya verməyəcək".
Müsahibimiz, muzeyin işçilərinin öz işlərinə laqeyd yanaşmasından da gileylənir. Hesab edir ki, muzeydə çalışan insan öz tarixini sevməli və məlumatlı olmalıdır. Əks təqdirdə, muzeyə gələn qonaqlara həmin məkan haqqında heç bir məlumat verə bilməz.
Akif müəllimin min bir əziyyətlə topladığı yüzlərlə eksponatların əksəriyyəti həyətdə, açıq havadadır. Tarixçi bu vəziyyətdən narahat olduğunu bildirir və hətta bu barədə bir neçə aidiyyatı qurumlara müraciət etdiyini deyir: "2017-ci ilin avqust ayının 1-də mədəniyyət naziri ilə görüşə bildim. Bu görüş son dərəcə məhdud zaman daxilində olduğu üçün muzey barədə ətraflı məlumat verə bilmədim. Bu muzey təkcə Akif Məmmədlinin şəxsi işi deyil, bu Azərbaycan dövlətinin, mədəniyyətinin və elminin çəkəcəyi bir yükdür. Bura Azərbaycanın şimal-qərb qapısıdır, Azərbaycan buradan başlayır. Mən artıq bu eksponatları qoruya bilmirəm".
Peşəsinin mogikanı olan tarixçinin yaşadığı bölgədə nə xələfi, nə də sələfi var: "Təəssüf ki, bölgədə heç kəs yolumu davam etdirmək istəmir. Həmkarlarım bu işdə maraqlı deyillər. Övladlarım da tamamilə başqa istiqamətə yönəldilər. Anlayıram ki, bu sahə gəlirli sahə deyil. Amma maddi baxımdan zəngin olmasam da, özümü mənən çox zəngin adam hesab edirəm".