BAKI, 28 iyul — Sputnik. Bu gün Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşları, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə, qəzetin redaksiyasında yaradılmış Azərbaycan Mətbuat Tarixi Muzeyində olublar. Akif Aşırlı muzeyin yaranması ideyasından danışıb, bildirib ki, burada Azərbaycan mətbuatının keçdiyi tarixi dövrün bütün mərhələlərini əks etdirən eksponatlar toplanıb.
Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev Azərbaycanda mətbuat tarixi muzeyinin yaradılması ideyasını yüksək qiymətləndirib. 2016-cı ilin oktyabr ayında Preziden İlham Əliyevin "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibənin xarici və yerli mətbuat orqanlarında əks olunmuş statistik göstəricilərinin cəmləşdiyi albom-kitab muzeyə hədiyyə olunub.
Qeyd edək ki, redaksiya-muzeydə sərgilənən eksponatlar arasında XIX əsrin sonlarında Cənubi Qafqazda nəşr olunmuş qəzetlərin, həmçinin Azərbaycanın ilk milli mətbuat nümunəsi sayılan "Əkinçi"nin orjinal nüsxələrinə, jurnalistlərin xatirə şəkillərinə rast gəlmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində nəşr olunmuş dövrü mətbuat nümunələri ayrıca nümayiş olunur.
Azərbaycan sovet mətbuatının, həmçinin müasir dövr qəzetlərinin nüsxələri də eksponatlar arasındadır. Bununla yanaşı, muzeydə mühacirət dövrü, habelə Cənubi Azərbaycanda nəşr olunmuş milli qəzetlərin orjinal nüsxələrinə də rast gəlmək olar.
Əziz Əliyev, tamaşaçılarda dərin təəssürat yaradan muzeyin ərsəyə gəlməsində göstərdiyi xidmətə görə Akif Aşırlıya təşəkkürünü bildirib.
Xatırladaq ki, muzey tam şəkildə "Şərq" qəzetinin redaksiyasını əhatə edir. Bu nadir eksponatların daha da zənginləşdirilməsinə və müasir avadanlıqla təhciz olunmuş binada sərgilənməsinə ehtiyac var.