BAKI, 11 may — Sputnik. İspaniyalı məşhur rəssam, heykəltəraş, filosof və rejissor, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali anadan olub (1904-1989).
O, həyatı boyu 1500-dən çox rəsm əsəri çəkib, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olub. S.Dalinin "Yaddaşın daimiliyi", "Qaynadılmış paxlalar ilə yumşaq konstruksiya (vətəndaş müharibəsinin duyulması)", "Xristofor Kolumbun Amerikanı kəşf etməsi", "Oyanmadan bir saniyə əvvəl arının nar ətrafında uçuşundan doğan yuxu" və s. əsərləri ona dünya şöhrəti qazandırıb.
Salvador Dali 1989-cu ildə ürək çatışmazlığından 85 yaşında vəfat edib. Ölümündən əvvəl vəsiyyət edib ki, insanların onun qəbrini ziyarət etməsinə imkan yaradılsın. Bu səbəbdən də, onun cəsədi Dali teatr-muzeyinin otaqlarından birinin döşəməsinə basdırılıb.
2017-ci ildə onun cəsədi eksqumasiya edilib. Çünki Jirona şəhərinin sakini olan qadın Dalinin onun atası olduğunu iddia edib. Eksqumasiya prosesini 300 adam izləyib. DNT analizi təsdiq edilsəydi, qadın Dalinin soyadından istifadə edə və varidatının bir hissəsini ala bilərdi. Amma DNT analizi onların heç bir qohumluq əlaqəsi olmadığını göstərib.