Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. Son illər dünya alimləri israrla insanları şirin qidalardan uzaq durmağa çağırırlar. Səbəbini isə ürək, qan-damar sisteminə mənfi təsir etməsi, həmçinin piylənmə kimi bir çox xəstəliklərə yol açması ilə izah edirlər.
Maraqlıdır, insan şəkərdən tamamilə imtina etməlidirmi? Şirin qidalardan birdəfəlik imtina orqanizmdə hansısa fəsadlara səbəb olmazmı? Sputnik Azərbaycan çoxlarını narahat edən bu suallara cavab axtarıb.
Həkim Adil Qeybulla bildirib ki, enerji mənbəyi olduğu üçün karbohidratlar da insan orqanizminə lazımdır: "Qlükoza olmasa, insan orqanizminin sağlamlığından söhbət gedə bilməz. İnsanın beyin hüceyrələri daim işləyir. Orqanizmdə çox çətin kimyəvi proseslər gedir. Bu proseslərin getməsi üçün qlükoza sərf edilir. Hətta şəkər xəstələrinin orqanizmində qlükozanın normada olmaması belə, onların səhhətləri üçün ziyandır".
A.Qeybulla vurğulayıb ki, sadəcə olaraq şəkərdən həddindən artıq istifadə etmək düzgün deyil: "Buna diqqət etmək lazımdır. Gün ərzində şəkər qəbul edilməsə, qanda şəkərin miqdarı düşər və insan huşunu itirə bilər".
Həkimin sözlərinə görə, insanın hərəkətinə görə orqanizmdə qlükozanın qəbulu dəyişir: "İnsanların hərəkətsiz vəziyyətdə olması böyük problemdir. Bu da onlara təsir edir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsan oturaq həyat keçirirsə, onda az, idmanla məşğul olursa, bir qədər çox qlükoza qəbul etməlidir".
Diyetoloq Tutu Zeynalova isə deyib ki, burada əsas məqam şəkər qəbul edib-etməmək deyil, şəkəri haradan qəbul etməkdir: "Şəkər tək qənd və şəkər tozunun tərkibində olmur. Əslində, şəkər vasitəsi ilə orqanizmə fruktoza daxil olur. Eyni zamanda, bütün meyvələrdə də şəkər var ki, onları yedikdə insan orqanizminə fruktoza daxil ola bilir. Ona görə də məsləhətdir ki, bədən tələbatını məhz təbii qidalarla ödəyək. Bir çox xəstəliklərdən, həmçinin artıq çəkidən əziyyət çəkməyək deyə".
Diyetoloq şəkər tozu, qənd əvəzinə təbii baldan, meyvə qurusundan istifadə etməyi məsləhət görür: "Bunları qida rasionumuzdan çıxarmağa gərək yoxdur. Tort, piroq və bu kimi şirniyyatlar hazırlayarkən şəkər tozu əvəzinə quru meyvələr və baldan istifadə etmək olar. Şəkər tozu və qəndin istifadəsi arzuolunmazdır".
"Təbii meyvə şirələrindən də istifadə olunması zərəlidir. Çalışaq, təbiət bizə qidaları necə veribsə, o cür istifadə edək. Çünki meyvə şirə halına gələndə tərkibindəki şəkər daha yüksək olur. Həm də bir stəkan meyvə şirəsi üçün normalda 3 dəfəyə yeyiləcək qədər meyvə istifadə edilir. Bu da qan şəkərinin artmasına səbəb olur. Bu zaman da mədəaltı vəz insulin hormonunu çox ifraz edir və bu da piylənməyə gətirib çıxarır. Piylənmə artdıqca ürək, qan-damar xəstəlikləri artır, onkoloji xəstəliklər riski və s artır" — müsahibimiz vurğulayıb.
Mütəxəssis əlavə edib ki, artıq çəkidən də əlavə, şəkərli diabet xəstəliyinə yoluxmamaq üçün şəkərdən uzaq durmaq lazımdır: "Bir müddət sonra qan şəkərinin düşməsi insanın halsız olmasına gətirib çıxarır. Belə insanda davamlı olaraq şəkər yemək hissi yaranır. Bir növ onlarda asılılıq formalaşır. Xüsusilə ailədə şəkərli diabetdən əziyyət çəkən insan varsa, belə insanlar çox diqqətli olmalıdırlar".
Tutu Zeynalova onu da bildirib ki, şokoladları çox az miqdarda və badam, çiyələklə, həmçinin süd məhsulları ilə birlikdə yemək məsləhətdir, qan şəkərinin yüksəlməsinin qarşısını almaq üçün: "Bunu şəkərli diabetdən əziyyət çəkənlərə xüsusilə məsləhət görürük. Düzdür, bəzi diyetik şokoladlarda və şirnilərdə şəkər yoxdur. Amma tərkiblərinə baxanda, orqanizm üçün kifayət qədər ziyanlı maddələrlə zəngin olduğu görülür. Biz insanlara desək də, o qidalardan imtina etmirlər".