CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Vətən müharibəsinin ağ xələtli şahidi

© Sputnik / Musa MuradlıВетеран Великой Отечественной войны Сафар Мусаев
Ветеран Великой Отечественной войны Сафар Мусаев - Sputnik Azərbaycan
Abunə olmaq
"Hamı inanırdı ki, bu konfransdan sonra Berlinə doğru hərəkət edən Sovet ordusu tezliklə Almaniyanın paytaxtında olacaq"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Böyük Vətən müharibəsi iştirakçısı Səfər Musayev 1922-ci ildə anadan olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə rayon Mustafaağalı kəndində yaşayan ağsaqqal veteranla görüşüb, xatirələrini dinləyib.

Söhbətimiz əsnasında öyrəndik ki, S.Musayev ixtisasça feldşerdir, 1938-1941-ci illərdə Bakı Feldşerlik Məktəbində təhsil alıb. 1943-cü ildə hərbi xidmətə də elə tibb işçisi kimi çağırıblar. Müharibəyə gedən yolu Şimali Qafqazdan başlayıb. Ən məsuliyyətli yerlərə tibb işçisi kimi göndərilib. Cəbhə xəttinə yaxın yerdə yaralıları qəbul eləmək üçün təşkil olunan məntəqədə fəaliyyət göstərib.

Bir müddət Gürcüstanın Orconikidze hospitalında daha sonralar Gürcüstanın səhiyyə naziri olmuş Aşot Quraşvili, dövlət vəzifəsinə yüksəlmiş Tamara Cuqaşvili ilə bir yerdə çalışıb. Oradan isə Qara dəniz sahillərinə doğru — müharibənin daha şiddətli, amansız döyüşlərinin getdiyi Tuapse şəhərinə aparılıb. 

Qəhrəmanlar parkı - nın qəhrəman qoruyucusu - Sputnik Azərbaycan
VİDEO
"Qəhrəmanlar parkı"nın qəhrəman qoruyucusu

Rus dilində mükəmməl danışan həmsöhbətimiz hərbi xidmətdə bu dili bilməyən azərbaycanlılara da kömək edirmiş. Dediyinə görə, rus dilini bilməyən həmvətənlərimiz üçün baş verən dəyişikliklər barədə söhbətləri tərcümə edir, başa salırmış. Bir sözlə, müharibədə iştirak edən xalqlar arasında ünsiyyət qurmaq, tərcüməçilik eləmək vəzifəsini də yerinə yetirirmiş.

Ağsaqqal veteran o günlərlə bağlı bir xatirəsini də bizimlə bölüşür: "Şimali Qafqazda bir əsgər üç dəfə cəbhədən qaçmışdı. Birincidə bağışlamışdılar, ikincidə iş verib göndərmişdilər cəbhəyə, üçüncü dəfədə isə güllələnmə hökmü çıxarılmışdı. Bütün diviziya və polkları dağın ətəyinə topladılar. Taxtadan hündür yer hazırladılar. Qollarından edam ağacına bağladılar. Düzülən polkların arasında səsgücləndiricilər qoyuldu. Məni də yanlarında saxladılar ki, tribunalın çıxışını, hökmünü tərcümə edim".

"Hökmün icra olunduğu yerə çox yaxın idim. Güllələnməni icra edən bir erməni kapitan idi. İlk atəş açıldı. Gördüm ki, buna heç nə olmadı. Bizə tərəf baxır. Başa düşdüm ki, aldadıcı manevr olub. Birdən erməni kapitan qoburundan tapançanı çıxararaq dərhal güllələnməni özü icra elədi. Atəşdən sonra məhkum əsgərin başı müvazinətini itirərək yana əyildi. Hadisə mənə çox pis təsir elədi. Bu səhnə indinin özündə də həmişə gözümün qabağında canlanır", — deyə danışır Səfər kişi. 

II Dünya müharibəsi veteranı Əmrah Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteran: Məni toplu məzara atmışdılar, iniltimi eşidib, çıxardılar

Qocaman veteran bildirir ki, 1943-cü ilin dekabrında baş tutan Tehran konfransından sonra müharibənin taleyi SSRİ-nin xeyrinə dəyişdi: "Cəbhənin hər yerində yol hərəkəti nişanları vurulurdu. Moskvadan Berlinə doğru istiqamətlənmiş ox işarələri göstərilirdi. Hamı inanırdı ki, bu konfransdan sonra Berlinə doğru hərəkət edən Sovet ordusu tezliklə Almaniyanın paytaxtında olacaq".

Səfər Musayev tibb elmi ilə yanaşı milli və dünya musiqisinin də incəliklərinə bələddir. Bu, danışdığı əhvalatdan anlaşılır: "Kislovodskda "Çayka" adlı restorandaydım. Bir nəfər bədəncə yekə adam gəlib orda oturdu. Orkestr musiqi səsləndirəndə bu adam bədən hərəkətləri ilə oynamağa başladı. Mən də hərəkətinə görə ona iradımı bildirdim".

"İradımdan sonra, "Məni tanımadın?"- deyə sual verdi. Sonra özünü təqdim elədi ki, Şimali Qafqaz Bəstəkarlar İttifaqının sədridir. Hərəkətini onunla izah elədi ki, musiqi çox yaxşı təəssürat bağışladığına görə dayana bilməyib", —deyə əlavə edir müsahibimiz.

Sonra aralarında maraqlı dialoq yaranır: "Ondan soruşdum ki, "musiqini yaxşı bilirsənmi?" "Yaxşı bilirəm", cavabını verdi. Sual verdim ki, "Dmitri Şostokoviçin bəstələdiyi "Altıncı simfoniya"nın mövzusu haradan götürülüb?" "Dedi ki, çox müasir, inqilabi simfoniyadır". Bundan artıq cavab verə bilmədi. Sualıma özüm geniş və əhatəli cavab verməli oldum".

Məqamı gəlmişkən, S.Musayev bizə də o barədə məlumat verir: "Altıncı simfoniya" 1943-cü ildə Leninqradın blokadası zamanı professor Dmitri Şostokoviç tərəfindən bəstələnib. Bu simfoniyada təyyarələrin gurultusu, insanların qəzəb və fəryadı cəmləşib. Hətta bu simfoniyaya mübarizə və qəzəb simfoniyası adı da vermək olar". 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət başçısından müharibə veteranlarına böyük dəstək

S.Musayev danışır ki, bu məlumatı Şimali Qafqaz Bəstəkarlar İttifaqının sədrinə danışanda həmin adam heyran qalıb. Bundan sonra ona Betxovenin "Altıncı simfoniya"sı haqqında da danışıb: "Danışıb qurtarandan sonra həmin adam mənim qolumdan tutaraq orkestrin yanına apardı. Onlara dedi ki, "bu yoldaş bütün bəstəkarların simfoniyalarını əzbərdən bilir, bir musiqi desin, siz də ifa eləyin". Mən də bir onluq verib Azərbaycan mahnısı "Arzu qızımı" sifarış elədim. Restoranın solisti olan erməni qızı da mahnını oxudu".

Səfər Musayev Ukrayna cəbhəsində artilleriya batareyasında tibb işçisi olub. Zabit rütbəsi alıb xidməti davam etdirmək istəsə də, səhhətində yaranmış problem buna imkan verməyib. 1946-cı ildə ordudan tərxis olunaraq Azərbaycana, doğma Mustafaağalı kəndinə qayıdıb.

Dediyinə görə, veteran tibb işçisinə dövlət daim diqqətlə yanaşıb, dəfələrlə döş nişanları ilə təltif edilib. 96 yaşlı veteranımız indiyədək aldığı medalları, döş nişanlarını şərəflə yaxasında gəzdirir.

Xəbər lenti
0