Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Ömrünün ən fəal dövrünü İkinci Dünya müharibəsinə həsr edən, ağır zərbələr alan həmvətənlərimiz çox olub. İllər keçsə belə, o yaraların izi hələ də sağalmayıb, yaddaşlardan silinməyib. Böyük Vətən müharibəsi Azərbaycandan çox uzaqda getsə də, ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss etməyib. Həmçinin qələbə qazanılmasında da Azərbaycanın və azərbaycanlıların rolu az olmayıb.
Böyük Vətən müharibəsində əməyi keçən, igidlik göstərən azərbaycanlılardan biri də Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan 97 yaşlı Əmrah Məmmədovdur. Sputnik Azərbaycan-ın bölgə müxbiri 9 May – Qələbə günü ərəfəsində qəhrəman veteranla görüşüb, müharibə haqqında xatirələrini dinləyib.
II Dünya müharibəsi veteranı Əmrah Hacıəli oğlu Məmmədovun yaşının bir əsrə yaxın olmasına baxmayaraq, ürəyi çalışmaq və yaşamaq əzmi ilə döyünür.
Danışır ki, o, 1921-ci ildə Böyük Həmyə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiyada hərbi məktəbə qəbul olub: "Lakin müharibə başladığı üçün 1942-ci ilin yanvar ayında müharibəyə getdim. Əvvəlcə Rusiya ərazisində almanlara qarşı mübarizə apardım və çox zülmlər, acılar gördüm. Gözümün önündə dostlarımı itirdim və günlərlə özümə gələ bilmədim".
Yaşlı veteran müharibədə başına gələn qəribə və dəhşətli bir hadisəni də danışır: "Döyüş zamanı ağır yaralandım. Həmin vaxt ölmüş əsgərlərin hamısını bir yerə yığır, sonra aparıb toplu məzarda dəfn edirdilər. Məni də ölü bilib meyitlərin yanına qoyublar. Əvvəlcə böyük quyular qazırdılar, meyitləri at arabaları ilə aparıb ora tökürdülər. Məni də aparıb o quyuya atmışdılar".
"Meyitləri atıb qayıdanda tibb bacısı xırıltı səsi eşidib. Baxanda görüb ki, hələ ölməmişəm və məni dərhal hospitala aparıblar. Orada müalicə olundum. Hospitaldan çıxandan sonra mübarizəmi Ukrayna ərazisində apardım. Vuruşduğum alayda tək azərbaycanlı mən idim" — deyə xatirələrini vərəqləyir qocaman veteranımız.
Müharibədə tankçı olduğunu deyən Əmrah baba faşizm üzərində qələbədə Bakı neftinin böyük rol oynadığını bildirir: "Rus əsgərlər özləri etiraf edirdilər ki, əgər Bakı yanacağı olmasaydı, məğlub olardıq. Çünki almanların silahları çox güclü idi. Demək olar ki, qələbənin əlli faizi bizim neftimizin payına düşür. Həmin vaxt bir daha azərbaycanlı olduğum üçün fəxr etdim".
Müsahibimiz danışır ki, müharibədən sonra ona Ukraynada qalmağı təklif etsələr də, o, vətənə qayıtmağı üstün tutub: "1946-cı ilin yay ayları idi. Qələbə qazandıqdan sonra kənddə bir neçə gün istirahət etməyə getdik. O kənddə bir qadın vardı, mənə vurulmuşdu. Məndən orda qalmağı, onunla ailə qurmağı xahiş etdi. Ancaq məni vətənimdə gözləyənlərin olduğunu dedim və vətənə qayıtdım. Burada ailə qurdum".
Dediyinə görə, Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko Əmrah Məmmədovu müharibədə qəhrəmalığına görə şərəf ordeni ilə təltif edib.
Müharibədən sonra kəndlərinə qayıdan Ə.Məmmədov Gəncədə indiki Azərbaycan Dövlət Aqrar Universitetində aqronomluq ixtisası üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra uzun müddət aqronom işləyib.
Hazırda 8 övladı, 40 nəvəsi, 68 nəticəsi, 3 kötücəsi olan 97 yaşlı Əmrah baba 1 ildir ki, həyat yoldaşını itirib və hələ də hər gün onun üçün göz yaşı tökür.
Qəhrəman veteran Qarabağ dərdimizdən də danışır, ermənilərin hələ o dövrdə belə, xain niyyətli olduğunu vurğulayır: "Sıralarımızda ermənilər də var idi. Ermənilər bizə qarşı nifrətlərini elə o vaxt da büruzə verirdilər. Böyük Vətən müharibəsi vaxtı da satqınlıq edirdilər".
Həmsöhbətimiz ermənilərin satqınlığı ilə bağlı bir xatirəsini də bizimlə bölüşüb: "Bir gecə əmr gəldi ki, sübhdən macarlara hücum edəcəyik. Mən aramızdakı erməni əsgərinin satqınlıq edəcəyindən şübhələndim və gedib komandirimizə məlumat verdim. Çox keçmədi ki, gəlib həmin erməni əsgərini apardılar. Məlum oldu ki, o, artıq macarlara hücum haqqında məlumat ötürüb. Mənim sayıqlığım nəticəsində biz sağ qaldıq".
"Həmin gecə əsgərlər məni bir qəhrəman kimi atıb-tuturdular. Tək azərbaycanlı olmağıma baxmayaraq, hər zaman azərbaycanlı adını üstün tutmağa çalışdım. İstəmirdim ki, mənim hər hansısa səhv hərəkətimə görə, millətimin adına söz gəlsin" — deyən keçmiş döyüşçü ötən illəri həm kədərlə, həm qürurla xatırlayır.