Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 13 may — Sputnik. Cəfər Cabbarlının "Sevil"indən sonra Azərbaycan tarixinə qızıl hərflərlə yazdı adını. Haqqında çox əsərlər yazıldı, mahnılar bəstələndi. Bir zamanlar adı respublikada çox məşhur oldu.
Hələ 1971-ci ilin iyul ayında pambıq yığımı ərəfəsində Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev ölkənin bir qrup qabaqcıl sürücü-mexanikini qəbul edərkən "Sevil Qazıyevanın şəxsi nümunəsi gənclərin əmək və vətənpərvərlik tərbiyəsinə ciddi təsir göstərib" demişdi.
Bacısı Sona Qazıyeva Sevil Qazıyeva ilə bağlı xatirələrini Sputnik Azərbaycan-a danışdı: "Bacım haqqında danışmaq mənim üçün çox ağrılıdır. Hər dəfə ondan danışanda yaralarım təzələnir. Bacım uşaqkən bizdən fərqlənirdi. Canı da polad kimi idi. Qışın soyuğunda da ayağı yalın gəzirdi. Oxumağa həvəsi çox böyük idi. O dövrdə uşaqlar 7 yaşından məktəbə gedərdi. Sevil isə 5 yaşında məktəbə getdi".
Sevil balaca olarkən ən böyük arzusu həkim olmaq imiş. Bundan başqa o, həm də şeirlər, hekayələr yazırmış. Yaşının az olmasına baxmayaraq, o, "Qərənfil" adlı pyes də yazıb. Sona xanım həmin əsəri bacısının avtobioqrafiyası adlandırır: "Həmin pyesi atama həsr edib. Atam kəşfiyyatçı olub. O, müharibəyə gedəndə Sevilin 1 yaşı var idi. Atam müharibədə necə yaralandığını, tibb bacılarının döyüşçülərin yaralarını necə sarıdığını danışanda Sevilin həkim olmaq həvəsi yaranmağa başlayıb".
II Dünya müharibəsinin fəsadları Qazıyevlər ailəsindən də yan keçməyib. Atası müharibədən qayıdanda Sevilin 3 yaşı olub. Sona xanım anasından eşitdiklərinə əsasında o anı belə nəql edir: "Atam müharibədə ayağını itirmişdi. Qapıdan içəri girəndə Sevil atama qəribə baxıb. Anam arxadan çiynindən itələyib ki, get, qucaqla, atandı. Sevil də deyib ki, yox o, atam deyil, atamın ayağı var idi, hanı onun ayağı? Gedib, bir ip tapıb gətirib, ayağının üstündən bağlayıb ipi çəkməyə başlayıb. Atam ağlamağa başlayıb, ondan sonra Sevil yavaş-yavaş buna öyrəşməyə başlayıb".
Sevil Qazıyeva hələ məktəbdə oxuyanda yoldaşlarından qeyri-adi bacarıqları ilə seçilirmiş. Sevil, Cəfər Cabbarlının "Almaz" əsərinin qəhrəmanı Almazı çox sevib: "1974-cü il idi. Bir gün yaşlı bir müəllim mənə yaxınlaşdı. Dedi ki, qızım, mən Danaçı kənd 2 saylı orta məktəbin müəllimiyəm, Rizvan müəllim. Mən onun sinif rəhbəri olmuşam. O, mənə Sevillə bağlı bir xatirəni danışdı".
""Ona "Almaz" surəti düşmüşdü və obrazı təhlil etmək tapşırılmışdı. Gördüm ki, inşada "mən Almaz kimi çevik, qorxmaz bir qız olmaq istəyirəm, amma Almazın həyatda etdiyi səhvləri etmək istəmirəm". Sonda da yazmışdı ki, "çox yaşamaq arzusunda deyiləm, vətənimə, xalqıma lazımlı, gərəkli bir iz qoyub, həyatdan getmək istəyirəm". Mən bir anlıq donub qaldım. Rizvan müəllimin boynuna sarıldım. Dedi ki, "qızım, mən Sevilin sözlərini sənə mübaliğəsiz, bəzəksiz-düzəksiz deyirəm", — əlavə edir Sona Qazıyeva.
Sevil məktəbi bitirdikdən sonra atasından onu Bakıya aparmasını istəyib. Atası isə səhhəti ilə əlaqədar onun bu istəyinə qarşı çıxır. Lakin Bakıda yaşayan dayısı Sevilə dəstək olur. Beləliklə, atası Sevili Bakıya gətirir. Yeniyetmə qız Tibb İnstitutuna imtahan verir. İmtahanların üçündən "5" qiymət alır, ancaq birindən müəllim qiymətini kəsir. Müəllim ondan atasının gəlməsini istəyir. O da deyir ki, "Atam kolxozçudur, özü də əlildir, gəlməsin. Mənim qiymətim nədirsə, onu verin". Sonra o konkursa düşür. Sevil israrla atasına bir daha rayona qayıtmayacağını bildirir.
Günlərin bir günü qəzetdə Montində qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Qızlar bu barədə Sevilə deyirlər və ona da orada oxumağı təklif edirlər. Sevil də razı olur və məktəbin "Poliqrafiya" ixtisasında oxuyur: "Bacım üçüncü kursda oxuyanda müəllimlər arasında artıq hörmət, nüfuz qazanmışdı. Moskvada keçirilən gənclərin müşavirəsinə belə göndərilirdi".
1959-cu ildə Sov.İKP Mərkəzi Komitəsinin dekabr plenumunda xəbər yayılır ki, Tursunoy Axunova adlı 23 yaşlı bir özbək qızı pambıqyığan maşınla təkbaşına bir gündə yüz adam qədər pambıq toplayır. Sevil bu xəbəri eşidən kimi rəfiqələrinə Tursunoyun təşəbbüsünə qoşulmağı təklif edir. "Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana" qəzetləri "Qızlar, sükan arxasına!" hərəkatının ilk təşəbbüsçüləri — Sevil Qazıyeva, Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə Qurbanovanın respublikanın bütün qızlarına müraciət məktubunu dərc edirlər
Sona Qazıyeva o günləri belə xatırlayır: "İlk dəfə olaraq 58 qız Sevilin təşəbbüsünə qoşulub Binədəki 1 nömrəli kənd texniki peşə məktəbində pambıqyığan maşınları idarə etməyi öyrənməyə başladı. 1961-ci ildə Sevil məktəbi bitirib öz təyinatını Mil düzünə — Beyləqandakı 5 nömrəli pambıqçılıq sovxozuna aldı. Sevil 1961-ci ildə maşınla 97 ton pambıq yığdı. Təcrübəsi olmayan bir qız üçün bu, pis göstərici deyildi. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti deyildi. Həm də "maşın qız işi deyil" deyənlərin üzərində qələbə idi".
1963-cü ildə gənc qız yüksək göstəricilərə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir: "Bu ilk mükafatdan onun nə qədər sevindiyini heç cür unuda bilmirəm. Qurultaydan qayıdanda artıq onun Azərbaycan SSR Ali Soveti deputatlığına namizədliyi irəli sürülmüşdü. Həmin ilin aprel ayında keçirilən birinci sessiyanın açılışını da bacıma etibar etmişdilər".
Sevil Qazıyeva 1963-cü il 27 sentyabrında ömrünün bahar çağında bu dünya ilə vidalaşır. Sona xanım həmin dəhşətli anı belə xatırlayır: "Anamla həmin sahədə idik. Maşın dayanmışdı, anam dedi görəsən nə olub? Axşam idi, anam orada işləyən köməkçi Qənimət adlı kişini çağırıb Sevilin yanına göndərdi. O, qışqıra-qışqıra Sevilin qəzaya uğraması xəbərini verdi. Nə vəziyyətə düşdüyümüzü təsəvvür edə bilməzsiniz. Hamı Sevilin sahəsinə axışırdı. İş işdən keçmişdi. Artıq bacım dünyasını dəyişmişdi".
Sevilin ölüm xəbərindən ailəsi ilə yanaşı bütün ölkə sarsılır. Valideynləri elə bir övladı itirməyin acısına dözə bilmirlər və elə Mil düzündə — Sevilin qəzaya düşdüyü həmin yerdə canlarını tapşırırlar: "Bacımın ölümü qəza kimi qiymətləndirildi, amma mən bunun təxribat olduğunu düşünürəm. Çünki bacım çox diqqətli idi, ola bilməzdi ki, o, təhlükəsizlik qaydalarına əməl etməsin."
23 illik ömür sürməsinə rəğmən, Sevil Qazıyeva bir tarix yazdı. Təəssüf ki, çox sevdiyi, doğulub boya-başa çatdığı Zaqatalada onun xatirəsinə aid bir guşə belə yoxdur. Bacısı Sona xanım Sevilin bütün əşyalarını çamadanda saxlayır. Amma bu xəzinə çamadanda yox, muzeydə saxlanılsa, daha yaxşı olar. Rayona gələn turistlər də həyatdan nakam gedən, adını tarixə yazan bu qızın kimliyini öyrənər. Bu, həm də gələcək nəsillərin Sevili tanıması üçün bir vasitəyə çevrilər.