BAKI, 6 may — Sputnik. Bu gün Azərbaycanın ilk maarifçi qadını, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin ilk direktoru Hənifə Məlikova-Zərdabinin (Həsən bəy Zərdabinin həyat yoldaşı) doğum günüdür (1856-1929).
O, Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Məşhur "Nicat" Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olub, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.
O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub. O, 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcburiyyətinə dözüb.
Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində çox əziyyətlər çəkib. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə, 1880-cı ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açıblar və təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrədiblər.
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.
Hənifə xanım Məlikova 1929-cu ildə Şamaxıda vəfat edib. Əvvəl şəhər qəbiristanlığında dəfn edilib, sonralar cənazəsi həyat yoldaşı H. Zərdabinin məzarına köçürülüb.